Məhkəmə qərarları › İş №2-1(114)-1320/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1320/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1320/2022 03.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixənədək X1 və xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci tarixədək 4 saylı X4 İdarəsində işlədiyi dövrün sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1972-2001-ci ilə kimi işlədiyi dövrün və 2 illik hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla pensiya yaşına çatdığı üçün ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, təqdim etdiyi hərbi bileti və digər sənədlərə əsasən sığorta stajı 18 il 7 ay 25 gün təşkil edir. xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixənədək X1 və xx.xx.2000-ci il tarixindən xx.xx.2000-ci tarixinədək 4 saylı X6 İdarəsində olan əmək failiyyəti dövrləri öz təsdiqini tapmadığından həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X7) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanm fərdi uçot məlumatları əsasında müəyyən olunur. Mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanm fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Bundan əlavə, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Hesab edir ki, xx.xx.1994-cü il tarixdən xx.xx.2000ci il tarixənədək X1 və xx.xx.2000-ci il tarixindən xx.xx.2000-ci tarixinədək 4 saylı X6 İdarəsində işləməyi barədə əmək kitabçasındakı qeydlərin mötəbərliyi qəbul edilməli və həmin dövrün iş stajı onun sığorta stajına daxil edilməlidir. Həmçinin, əmək kitabçasında qeyd edilən iş stajının yoxlanılmasının mümkün olmaması onun təqsiri ilə bağlı hallarla əlaqədar olmadıqda, bu hal, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1,0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövriərin məcmusudur. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçının təqdim etdiyi hərbi bileti və digər sənədlərə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla) 18 il 7 ay 25 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18 il 7 ay 25 gün sığorta stajına uyğun olaraq 13717,93 manat təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan əlavə, xx.xx.1979-cu il tarixində iddiaçının adına tərtib olunmuş İT-İ № ******* saylı əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmış, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1994-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək X1 və xx.xx.2000-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək 4 saylı X4 İdarəsində olan əmək fəaliyyəti dövrləri öz təsdiqini tapmadığından həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlara görə, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Sığorta stajını təsdiq edən əlavə sənəd təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat, xx.xx.2022-ci il tarixindən isə 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Cavabdeh iddia tələbinə qarşı yazılı münasibət bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi imtina məktubunda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, İT-l ******* nömrəli əmək kitabçası, cavabdehin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubu, DSMF 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli yerində qarşılıqlı yoxlama aktları təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarına əlavə edilmiş,iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, İT-l ******* nömrəli əmək kitabçasının 15-ci səhifəsində iddiaçının xx.xx.1993-cü il tarixdə Gədəbəy YUD-da sürücü təyin edilməsi və xx.xx.2000-ci il tarixdə azad edilməsi barədə qeydlər olsa da həmin qeydlərin möhürlə təsdiq edilmədiyi müəyyən olunur. DSMF 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli Gədəbəy rayon Dövlət Arxivində yerində qarşılıqlı yoxlama aktından görünür ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək (xx.xx.1993-cü ildə Gədəbəy rayonu YUD-ə işə girməsi və xx.xx.2000ci ildə 22 saylı Gədəbəy YUD-dən azad edilməsi) işləməsi və xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək 4 saylı X4 İdarəsində işləməsi faktı yoxlanılmış və qeyd olunan müəssisələrin arxiv sənədləri Gədəbəy Rayon Dövlət Arxivində mühafizə edilmədiyindən yoxlama mümkün olmamışdır. DSMF 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli X5 ASC-də yerində qarşılıqlı yoxlama aktından görünür ki, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək Gədəbəy Avtonəqliyat müəssəsində işləməsi faktını yoxlam zamanı müəyyən olunmuşdur ki, xx.xx.1988-ci il tarixli, 34 nömrəli əmrə əsasən sürücü qəbul edilmiş, xx.xx.1994-cü il tarixli 5 nömrəli əmrə əsasən vəzifəsindən azad edilmişdir. Müəssisənin əmək haqqı cədvəlləri saxlanılmadığından əmək haqqı alıb-almamasını yoxlamaq mümkün olmamışıdır. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 18 il 7 ay 25 gün iş stajı vardır. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixənədək X1 və xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci tarixədək 4 saylı X6 İdarəsində işlədiyi dövrün iş stajın daxil olmasını istəyir. Lakin İddiaçı əmək kitabçasında həmin qeydlər möhürlə təsdiqlənməmiş və həmin dövrlər qarşılıqlı yoxlama aktında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən və özündə mötəbər məlumatları əks etdirən əmək kitabçasını məhkəməyə təqdim edə bilməmiş və iddiaçının iş stajına daxil olmasını tələb etdiyi illər nə əmək kitabçası ilə, nə də qarşılıqlı yoxlama aktı ilə təsdiq olunmamışdır. Ona görə də məhkəmə əmək kitabçasında qeyd olunan müəssisədə iddiaçının işləməsinə dair məlumatların düzgünlüyünə şübhə ilə yanaşmış və əmək kitabçasını sübut kimi qəbul etməmişdir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qərarın çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onu məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasında qeyd edilən iş illərinin iddiaçıya pensiya təyininə yetərli olacaq hissəsi (25 il) arxiv və digər sənədlərlə öz təsdiqin tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə cavabdehin etirazının dəlillərinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olduğunu əsas tutaraq hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixənədək X1 və xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci tarixədək 4 saylı X6 İdarəsində işlədiyi dövrün sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar