Məhkəmə qərarları › İş №2-1(114)-1322/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1322/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1322/2025 06.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxs X6 qanuni nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X15, X16, X6 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlər: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1950-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Kirovabad Şəhər İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16602 nömrəli qərarına əsasən iddiaçı və onun ailə üzvləri – X17, X8, X4 istifadəsinə ünvan 1 ünvanda yerləşən əmlak verilmiş, bu barədə xx.xx.1987-ci il tarixli 59 nömrəli order tərtib edilmişdir. Həmin mənzil özəlləşdirilərkən X18, X9, X13, X17, X10 notariat qaydada təsdiq edilmiş razılıq ərizələri vermişlər. Hazırda ünvan 1 ünvanda yerləşən **********74-05101-093048 reyestr nömrəli daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-74/2019 nömrəli qətnaməsinə əsasən X10 ilə X9 arasında olan xx.xx.2004-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində 694 nömrə ilə qeydiyyata alınmış nikah qeydi pozulmuş, birgə nikahdan 05 noyabr 2005-ci il tarixdə anadan olmuş X11 və 17 iyul 2009cu il tarixdə anadan olmuş X6 X5 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra X10 ilə X5 nikahının pozulması akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 77 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, ******* nömrəli Arayışa əsasən xx.xx.1980-ci il təvəllüdlü X9, xx.xx.2005-ci il təvəllüdlü X16, xx.xx.2009-cu il təvəllüdlü X2 şəhəri, 4-cü mikrorayon, ev 6, mənzil 39 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadırlar. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 158 nömrəli arayışına əsasən X15, X16, X2 şəhəri, Gülüstan yaşayış massivi, bina 9, mənzil 1 ünvanda yaşayırlar. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək ona məxsus olan mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-57/2-D-26314/11/24 nömrəli məktubda bildirmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 nömrəli binada yaşayan qonşular tərəfindən tərtib edilmiş akta əsasən X16, X14, X3 şəhəri, 4-cü mikrorayon, ev 6, mənzil 39 ünvanda yaşamırlar. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 2030 nömrəli arayışına əsasən 1980-ci il təvəllüdlü X15, 2005-ci il təvəllüdlü X16, 2009-cu il təvəllüdlü X2 şəhəri, 4-cü mikrorayon, ev 6, mənzil 39 ünvanda qeydiyyatda olsalar da, hazırda həmin ünvanda yaşamırlar. Məhkəmə mübahisəsi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə X15, X16 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən əmlak 14 may 1987-ci il tarixli 59 saylı order əsasənda iddiaçıya məxsus olmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mülkə dair ********** qeydiyyat nömrəli, xx.xx.2011 qeydiyyat tarixli çıxarış alınmışdır. Üçüncü şəxslər X9 iddiaçının keçmiş gəlini, X16 və X14 onun uşaqları iddiaçı məxsus evdə formal olaraq qeydiyyatdadırlar. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-74/19 saylı qətnaməsinə əsasən X9 ilə iddiaçının oğlu X10 arasında bağlanmış nikah pozulmuş, X16 və X1 Ramilə Rəhman qızının himayəsində saxlanılmışlar və həmin vaxtdan artıq 5 ildir ki, bugünədək həmin şəxslər iddiaçıya məxsus evdə yaşamırlar, onlara aid əşyalar belə iddiaçının evində yoxdur. Bu barədə qonşular tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Üçüncü şəxs cəmi 1 il iddiaçıya məxsus evdə yaşamış, daimi olaraq iddiaçının oğlu ilə birlikdə ünvan 6 yaşamışlar. Artıq 6 ildir ki, ünvan 6 yaşayırlar. Artıq iddiaçının oğlu ikinci dəfədir ailə qurmuş və öz ailəsi ilə birlikdə iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olmaları iddiaçının hüquqlarını məhdudlaşdırır. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Üçüncü şəxslərin hazırda iddiaçıya məxsus xüsusi mülkiyyətdə olan evdə qeydiyyatda qalmaqda davam etməsi bir mülkiyyətçi olaraq iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Üçüncü şəxsin hazırda iddiaçıya məxsus evə dair hər hansı əmlak hüququ, ailə bağları və istifadə hüququ yoxdur, faktiki olaraq iddiaçıya məxsus evdə yaşamırlar. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-13-57/2-5361/2025 nömrəli məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, iddiaya dair münasibət bildirməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3897/2024 nömrəli qərardadı ilə X15, X16, X6 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, məhdud fəaliyyət qabiliyyətli X6 valideyni – X15 ilə təmsil olunması qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxs X6 qanuni nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, iddia ərizəsi əsassızdır. Hal-hazırda üçüncü şəxs və övladları həmin ünvanda yaşamır. Bunun səbəbi odur ki, iddiaçı onlara həmin mənzildə yaşamağa imkan vermir və faktiki olaraq mənzildən istifadələrinə mane olur. Lakin bu hal onların həmin mənzildən istifadə hüququnun mövcudluğunu aradan qaldırmır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən istifadə hüququna malikdirlər. Üçüncü şəxslər, mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçərək uzun müddət orada yaşamış və qeydiyyatda olmuşlar. Üçüncü şəxs 2004-ci ildə nikaha daxil olduqdan sonra iddiaçının şifahi razılığı ilə ünvan 1 ünvanına gəlin kimi köçmüşdür. İddiaçının razılığı əsasında üçüncü şəxslər həmin ünvanda qeydiyyata alınmışlar. Mülkiyyətçinin bu razılığı onların həmin mənzildə istifadə hüququnun əsasını təşkil edir. İddiaçı iddia ərizəsini Gəncə İnzibati Məhkəməsinə təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, inzibati məhkəmələr dövlət orqanlarının (vəzifəli şəxslərin) qanunsuz hərəkət və qərarlarından irəli gələn mübahisələrə baxırlar. Mənzil münasibətlərindən irəli gələn mübahisələr isə mülki xarakter daşıyır və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, ümumi məhkəmələrin (rayon məhkəmələrinin) yurisdiksiyasına aiddir. Buna görə də, iddiaçı iddia ərizəsini Gəncə Şəhər Məhkəməsinə təqdim etməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2015-ci il 29 dekabr tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Lakin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu baxımdan, üçüncü şəxslərin başqa yaşayış yeri və maddi imkanı olmadığı üçün, həmin mənzildən istifadə hüququnun məhkəmə tərəfindən müəyyən müddətə saxlanılması zəruridir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında bildirilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında yaranan mübahisələrdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Qərarda həmçinin vurğulanır ki, mülkiyyət hüququ ilə mənzil hüququ arasında ədalətli balans təmin edilməlidir və keçmiş ailə üzvünün mənzil ehtiyacları nəzərə alınmalıdır. Göstərilən qanunvericiliyin tələbləri və Konstitusiya Məhkəməsinin qərarları nəzərə alınaraq, iddiaçının tələbləri əsassızdır. Üçüncü şəxslərin həmin mənzildə istifadə hüquqları mövcuddur və maddi vəziyyəti mənzil ehtiyacını başqa yerdə təmin etməyə imkan vermir. Buna görə də, iddiaçı tərəfindən irəli sürülən qeydiyyatdan çıxarılma tələbi hüquqa və ədalət prinsiplərinə ziddir. Odur ki, iddia ərizəsinin rədd olunmasını xahiş edir. Üçüncü şəxs daha sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, əlavə olaraq iddiaçı üçüncü şəxsi həmin ünvana könüllü şəkildə qeydiyyata salmış və şifahi razılıq əsasında onun orada yaşamaq hüququnu tanımışdır. Lakin hazırda o, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün mənzilə daxil olmasına və yaşamasına icazə vermir. Halbuki, üçüncü şəxs və övladları həmin evdə istifadə hüququ mövcuddur. Eyni zamanda, iddiaçı məhkəməyə müraciət edərkən prosessual qaydaları pozmuşdur. Belə ki, Gəncə İnzibati Məhkəməsinə deyil, birinci instansiya məhkəməsi olan Gəncə Şəhər Məhkəməsinə müraciət etməlidir. Qanunvericiliyə zidd olaraq iddia İnzibati Məhkəməyə təqdim edilmişdir. Xüsusilə vurğulamaq istəyir ki, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda olmağı yalnız formal xarakter daşımır. Çünki istifadə hüququ hələ də qüvvədədir və ona xitam verilməmişdir. Əgər istifadə hüququ ləğv edilərsə və onlara kompensasiya ödənilərsə, yalnız bundan sonra qeydiyyat məsələsi müzakirəyə çıxarıla bilər. Konstitusiya Məhkəməsinin Qərarının Tətbiqi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2015-ci il 29 dekabr tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında yaranan mübahisələrdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Bu qərarda həmçinin vurğulanır ki, mülkiyyət hüququ ilə mənzil hüququ arasında ədalətli balans təmin edilməli və keçmiş ailə üzvünün mənzil ehtiyacları nəzərə alınmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Lakin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göstərilən qanunvericilik tələbləri və Konstitusiya Məhkəməsinin qərarları nəzərə alınaraq, iddiaçının tələbləri əsassızdır. Cavabdehin nümayəndəsinin və üçüncü şəxs X11 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. İşin faktiki hallarından aydın olur ki, Kirovabad şəhər X22 İcrayə Komitəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 59 nömrəli order əsasında Gəncə şəhəri, 4-cü mikrorayon, ev 6 ünvanda yerləşən 39 nömrəli mənzil sahibləri və istifadəçiləri (Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarının mövqeyinə əsasən gözlənilən mülkiyyət hüququ olan şəxslər) iddiaçı və onun 3 nəfər ailə üzvünə məxsus olmuşdur. Həmin şəxslərdən biri olan X10 ilə Nağıyeva (Daşdəmirova) Ramilə Rəhman qızı arasında nikah xx.xx.2004-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində 694 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. X9 xx.xx.2005-ci il tarixdən mübahisəli mənzildə pasport qeydiyyatına alınmışdır. Onların birgə nikahından 05 noyabr 2005-ci il tarixdə X11 və 17 iyul 2009-cu il tarixdə X14 doğulmuşdur. 2011-ci ildə Kirovabad şəhər X22 İcrayə Komitəsi tərəfindən xx.xx.1987-ci il tarixli 59 nömrəli orderdə adları qeyd olunmuş şəxslərin (gözlənilən mülkiyyət hüququ olan şəxslərin) razılığına, həmçinin həmin zaman iddiaçının gəlini X5 da ərizəsinə əsasən mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxs X5 X10 ilə nikahı 2019-cu ildə pozulmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 158 nömrəli arayışına və qonşular tərəfindən imzalanmış Akta əsasən üçüncü şəxslər hazırda mübahisəli ünvanda yaşamırlar. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbinə görə, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Hazırkı iş üzrə iddia tələbinin təmin olunması üçüncü şəxslərin əmlaka münasibətdə əşya hüquqlarının mövcudluğunun müəyyən edilməsindən asılıdır. Belə olan halda üçüncü şəxslərin sözügedən əmlaka dair istifadə hüquqlarının yaranıb-yaranmadığı, hazırda mövcud olmaqda davam etdiyi, xitam verildiyi və s. ilə bağlı xüsusatlar yoxlanılmalı və qiymətləndirilməlidir. Belə yoxlama və qiymətləndirmə isə mülki hüquqa aid olan məsələnin həlli olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı 3-cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun keçmiş ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olubolmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub-olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1934/2023 saylı qərarı). Odur ki, məhkəmə bildirir ki, iddiaçı mülki qaydada məhkəməyə müraciət etməklə, üçüncü şəxslərin sözügedən əmlaka dair hüquqlarını mübahisələndirməli, daha sonra inzibati orqana, zərurət olarsa isə inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X15, X16, X6 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar