Məhkəmə qərarları › İş №2-1(114)-1324/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1324/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1324/2022 16.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştiralkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid ailəsi statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayonu, Təzəkənd kəndində anadan olmuş, hazırda Kəlbəcər rayonu, Ağcakənd ərazi dairəsi, Ağcakənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır. Dövlətqaçqınkomun xx.xx.2006-cı il tarixli qərarına əsasən iddiaçıya məcburi köçkün statusu verilmişdir. İddiaçı 2000-ci ildən X8 ilə ailə kimi yaşamışdır, bu ailə münasibətlərindən xx.xx.2001-ci il təvəllüdlü X5 və X6 doğulmuşdur. 1980-ci il təvəllüdlü baş leytenant X8 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. Sonuncunun ölümü barədə xx.xx.1995-ci il tarixdə 195 nömrəli akt qeydi tərtib edilmiş, ölüm haqqında şəhadətnamədə ölümün səbəbi “hərbi əməliyyatlar nəticəsində partlayışda”, öldüyü yer “Tərtər (Döyüş meydanında)” qeyd edilmişdir. X7 ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı, 2020-ci il 30 dekabr tarixli 2374 nömrəli sərəncamı ilə “Hərbi xidmətə görə” medalı, 2021-ci il 5 noyabr tarixli 2987 nömrəli sərəncamı ilə “3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir. xx.xx.2021-ci il tarixdə X2 və X3 şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İddiaçı “şəhid ailəsi statusunun verilməsi haqqında” ərizə ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmiş, həmin müraciətə Dövlət Sosial Müdafiə Fondunda baxılmış və xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubla vətəndaşa şəhid ailəsi statusunun müəyyən edilməsi üçün müvafiq orqana müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) ünvanladığı elektron ərizəsinə baxılmış və xx.xx.2021-ci il tarixli, 1/A-17165 nömrəli məktubla nigah faktının müəyyən edilməsi ilə bağlı məsələnin səlahiyyəti xaricində olması bildirilmişir. İddiaçı eyni tələblə daha sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, A-45-055 nömrəli və xx.xx.2022-ci il tarixli, 370 nömrəli məktublarla şəhid ailəsi statusunun verilməsinin səlahiyyətində olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “X4 şəhid statusunun verilməsi ilə bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Gəncə inzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı daha sonra dəqiqləşdirilmiş iddia ərizəsini təqdim edərək məhkəmədən “mərhum əri X1 vəfatı ilə əlaqədar ona şəhid ailəsi statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”nı xahiş etmişdir . Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X7 ilə xx.xx.2000-ci ildə toyları olmuşdur. Lakin rəsmi nikaha daxil olmamışlar. Birgə ailə münasibətlərindən xx.xx.2001-ci il tarixdə X5 və xx.xx.2002-ci il tarixdə X6 doğulmuşlar. X7 ehtiyatda olan baş leytenant olduğu üçün xx.xx.2020-ci il tarixdə başlamış ikinci Qarabağ müharibəsi zamanı səfərbərliyə çağrılaraq döyüş bölgəsinə göndərilmiş, qızğın döyüşlərin getdiyi zaman döyüş meydanında həlak olmuşdur. İddiaçı hazırkı tələbi ilə Müdafiə Nazirliyinə müraciət etsə də, onların səlahiyyəti xaricində olduğunu bildirirlər. Daha sonra qeydiyyatda olduğu Kəlbəcər Rayon İcra Hakimiyyətinə və digər orqanlara müraciət etsə də, hər biri eyni məzmunda imtina vermişlər. İddiaçı bildirir ki, mərhum əri X7 ilə birgə ailə münasibətlərindən xx.xx.2001-ci ildə doğulmuş X3 və xx.xx.2002-ci il təvəllüdlü X2 şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh əsassız olaraq müraciətinin təmin olunmasından imtina edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizədə qeyd olunanlarla ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, məcburi köçkün statusu olduğu üçün ona hər ay “çörək pulu” ödənilir. Həmin təqaüdə görə iddiaçı ilə mərhum əri arasında əvvəllər rəsmi nikah bağlanılmamışdır. Uşaqlarına verilən “şəhid ailəsi” statusu onların əyani təhsil müddəti bitənədək qüvvədə olduğu üçün hazırkı iddianı qaldırmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddiaçının vəziyyətinin nəzərə alınaraq tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2022-ci il tarixli, 11/1830 nömrəli məktubla etiraz edərək bildirmişdir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, inzibati iş materiallarında olan Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/A-17165 nömrəli məktubunda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının ikinci maddəsinin tələblərinə uyğun olaraq şəhid ailəsi üzvlərinin dairəsi izah edilmiş və iddiaçının əriəsində qeyd etdiyi nikah faktının müəyyən edilməsi ilə bağlı məslələnin həllinin Nazirliyin səlahiyyələti xaricində olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, məcburi köçkün vəsiqəsinin surəti, ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surəti, doğum haqqında şəhadətnamələrin surəti, şəhid ailəsi üzvünün vəsiqələrinin surəti, cavabdehin imtinası, xx.xx.2021-ci il tarixə tərtib edilən akt, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məktubları, Dövlət Sosial Müdafiə Fondunun məktubu, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Ağcakənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 65 nömrəli arayışı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 562 nömrəli arayışının surəti, Gəncə şəhər Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 3494 nömrəli arayışı, cavabdehin xx.xx.2022-ci il tarixli, 11/1830 nömrəli etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçı şəhidin ailə üzvü statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: arvadı (əri); (2.1.1) valideynləri; (2.1.2) 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; (2.1.3) qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; (2.1.4) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; (2.1.5) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər (2.1.6). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın 3.23-cü bəndinə əsasən ər-arvadın hüquq və vəzifələri Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Yuxarıda qeyd edilən qanunvericilik aktlarına əsasən, şəhid olmuş şəxsin arvadı (əri) şəhidin ailə üzvü hesab edilir. Hazırkı halda isə iddiaçı mərhum X7 ilə rəsmi nikahda olmadığından o, şəhid ailəsinin üzvü hesab edilə bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid ailəsi statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar