Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1324/2025 25.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən ümumi sahəsi 2.5563 ha olan torpaq sahəsində yetişdirdiyi 17.687,30 kq xam pambıq məhsuluna görə subsidiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən torpaq sahəsində istehsal edib təhvil verdiyi kondisiya çəkisi 17687,30 kq xam pambıq məhsuluna görə 3006,84 (üç min altı manat səksən dörd qəpik) manat subsidiya ödənilməsi barədə məcburetmə qərarının çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır və şəxsi təsərrüfatında əkinçiliklə məşğul olur. Onun istifadəsində 12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində bir qayda olaraq xam pambıq əkib-becərir. 2022-ci ilin əkin mövsümündə də pambıq əkib-becərmək qərarına gəlmiş və bu məqsədlə "xxxx" MMC-nin Bərdə filialı ilə “xam pambığın alqı-satqısına dair” 12 oktyabr 2021-ci il tarixli, 05\21\88 nömrəli müqavilə bağlamışdır. Həmin müqaviləyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə yazlıq əkin mövsümü üçün ******* və ******* nömrəli Əkin bəyanları tərtib edib vermişdir. Müqaviləyə uyğun olaraq torpaq sahəsində xam pambıq əkib-becərmiş və 2022-ci ilin əkin mövsümündə "xxxx" MMC-yə 24366 kq xam pambıq təhvil vermişdir. "xxxx" MMC pambığın hər kiloqramını 0,80 manatdan qəbul etmiş və ona ümumi pambığın dəyəri olan 19491 (on doqquz min dörd yüz doxsan bir) manat ödənmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq təhvil verdiyi pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına məhsul subsidiyası verilməli idi. O, Qaydanın tələblərinə əsasən məhsul subsidiyası barədə elektron bəyannaməni və pambığın miqdarı barədə məlumatları vaxtında X1 İnformasiya Sisteminə daxil etmişdir. Qaydaya əsasən bir kiloqram xam pambığa görə 0,17 manat məhsul subsidiyası ödənilir. Ona görə də iddiaçı hesab edir ki, ona 24366 kq xam pambığa görə 4142,25 (dörd min bir yüz qırx iki manat iyirmi beş qəpik) manat ödənməli idi. Lakin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ona 6678,90 kq pambıq məhsuluna görə hesablanmış 1135,41 (bir min bir yüz otuz beş manat qırx bir qəpik) manat məhsul subsidiyası kart hesabına köçürülmüş, 17687,30 kq pambıq məhsuluna görə ödənilməli olan 3006,84 (üç min altı manat səksən dörd) manat məhsul subsidiyasının ödənilməsindən isə imtina edilmişdir. O, istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına məhsul subsidiyasının verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 15 mart 2024-cü il tarixli, 3-22-212-Z-800-16-134\2024 nömrəli məktubuna əsasən 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X1 İnformasiya Sistemi EKTİS) üzərindən həyata keçirilir. 2021-2022-ci əkin ilində məhsul subsidiyasına müraciətlə əlaqədar EKTİS-ə daxil edilən məlumatlara əsasən 2.556 hektar torpaq sahəsində istehsal edib tədarükçüyə təhvil verdiyi kondisiya çəkisi 6678,90 kq olan pambıq məhsuluna dair qəbzlərə əsasən hesablanmış 1135,41 (bir min bir yüz otuz beş manat qırx bir qəpik) manat məhsul subsidiyası onun kart hesabına köçürülmüşdür. Həmin torpaq sahəsində istehsal edib təhvil verdiyi kondisiya çəkisi 17687,30 kq pambığın qəbul qəbzinə dair EKTİS-ə daxil edilən məlumatlar Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün iddiaçıya həmin məhsula görə subsidiya ödənilməsi mümkün olmamışdır. Ona görə də iddiaçı hesab edir ki, onun torpaq sahəsində istehsal edib təhvil verdiyi kondisiya çəkisi 17687,30 kq xam pambıq məhsula görə 3006,84 (üç min altı manat səksən dörd qəpik) manat subsidiya ödənilməməsi nəticəsində hüquqları pozulmuşdur. Odur ki, o, məhkəməyə müraciət etməli olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1324/2025 nömrəli qərardadı ilə iddia tələbi “Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən ümumi sahəsi 2.5563 ha olan torpaq sahəsində iddiaçının yetişdirdiyi 17.687,30 kq xam pambıq məhsuluna görə subsidiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı iddiasının təmin edilməməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının iddiası əsassız və qanunsuz olduğu üçün təmin edilə bilməz. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 2021-2022-ci əkin ilində məhsul subsidiyasına müraciətlə əlaqədar “X1” informasiya sisteminə (bundan sonra - EKTİS) daxil edilmiş məlumatlara əsasən, 2,556 hektar torpaq sahəsində istehsal edib tədarükçüyə təhvil verdiyi kondisiya çəkisi 6678,90 kq pambıq məhsuluna dair qəbzlərə əsasən hesablanmış 1135,41 (bir min bir yüz otuz beş manat qırx bir qəpik) manat məhsul subsidiyası kart hesabına köçürülmüşdür. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq EKTİS vasitəsilə həyata keçirilir. Qaydanın tələblərinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyənnaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Bundan başqa, iddiaçının müraciəti əsasında elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi ilə yoxlamalar həyata keçirilmiş və kondisiya çəkisi 17687,30 kq pambığın qəbul qəbzinə dair məlumatlar təsdiqlənməmişdir. Belə ki, İddiaçı 2021-2022-ci əkin ili üzrə məhsul subsidiyasına müraciətlə əlaqədar EKTİS-ə daxil etdiyi 2,556 hektar pambığın əkin sahəsi barədə məlumatlarla istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi digər 17687,30 kq pambığın miqdarı (əlavə məhsula görə məhsuldarlıq 69,2 s/ha, cəmi məhsuldarlıq 95,3 s/ha) arasındakı məlumatda uyğunsuzluq aşkarlandığından, yəni hektara düşən pambığın miqdarı bitkinin potensial məhsuldarlığından artıq olduğu üçün ona həmin məhsula görə subsidiyanın ödənilməsi mümkün olmamışdır. Bütün bunlar nəzərə alınaraq hesab edilir ki, həmin torpaq sahəsində istehsal edib təhvil verdiyi kondisiya çəkisi 17687,30 kq pambığın qəbul qəbzinə dair məlumatlar təsdiqlənmədiyi üçün həmin məhsula görə həmin torpaq sahələri üzrə əkin subsidiyası ödənilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunsa da, özü iştirak etməmiş, həmçinin, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli çıxarışa əsasən, Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.5563 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli çıxarışa əsasən, Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, 05/21/88 nömrəli müqavilədən görünür ki, ”P-Aqro” MMC ilə İddiaçı arasında “xam pambığın alqı-satqısına dair” müqavilə bağlanmışdır. 3720441 nömrəli əkin bəyanından görünür ki, İddiaçı tərəfindən 1 ha torpaq sahəsində pambıq əkiləcəyi xx.xx.2022-ci il tarixdə bəyan edilmiş, məhsul proqnozu 40 sentner olmuşdur. 3720442 nömrəli əkin bəyanından görünür ki, İddiaçı tərəfindən 1.556 ha torpaq sahəsində pambıq əkiləcəyi xx.xx.2022-ci il tarixdə bəyan edilmiş, məhsul proqnozu 40 sentner olmuşdur. xx.xx.2022-ci il tarixli, GZM seriyalı, 521383 nömrəli pambıq qəbulu qəbzindən görünür ki, İddiaçı tərəfindən ”P-Aqro” MMC-yə kondisiya çəkisi 17687,30 kq pambıq təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, GZM seriyalı, 521585 nömrəli pambıq qəbulu qəbzindən görünür ki, İddiaçı tərəfindən ”P-Aqro” MMC-yə kondisiya çəkisi 2600,13 kq pambıq təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, GZM seriyalı, 522359 nömrəli pambıq qəbulu qəbzindən görünür ki, İddiaçı tərəfindən ”P-Aqro” MMC-yə kondisiya çəkisi 2333,26 kq pambıq təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, GZM seriyalı, 522435 nömrəli pambıq qəbulu qəbzindən görünür ki, İddiaçı tərəfindən ”P-Aqro” MMC-yə kondisiya çəkisi 1745,51 kq pambıq təqdim edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “Vətəndaş müraciətinə baxılması haqqında” məktubda göstərilmişdir ki, 2021-2022-ci əkin ilində məhsul subsidiyasına müraciətlə əlaqədar EKTİS-ə daxil edilən məlumatlara əsasən 2,556 hektar torpaq sahəsində istehsal edib tədarükçüyə təhvil verilən kondisiya çəkisi 6678,90 kq olan pambıq məhsuluna dair qəbzlərə əsasən hesablanmış 1135,41 (bir min bir yüz otuz beş manat qırx bir qəpik) manat məhsul subsidiyası kart hesabına köçürülmüşdür. Həmin torpaq sahəsində istehsal edib təhvil verilən kondisiya çəkisi 17687,30 kq pambığın qəbul qəbzinə dair EKTİS-ə daxil edilən məlumatlar Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün ona həmin məhsula görə subsidiya ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “müraciətə baxılması haqqında” məktubda qeyd edilmişdir ki, İddiaçı 2021-2022-ci əkin ilində məhsul subsidiyasına müraciətlə əlaqədar EKTİS-ə daxil etdiyi məlumatlara əsasən 2,556 hektar torpaq sahəsində istehsal edib tədarükçüyə təhvil verdiyi kondisiya çəkisi 6678,90 kq (26, 1 s/ha məhsuldarlıq) olan pambıq məhsuluna dair təqdim edilmiş pambığın qəbulu qəbzlərinə əsasən hesablanmış 1135,41 (bir min bir yüz otuz beş manat qırx bir qəpik) manat məhsul subsidiyası onun kart hesabına ödənilmişdir. Həmin torpaq sahəsində istehsal edib təhvil verdiyi kondisiya çəkisi 17687,30 kq 1 ədəd pambığın qəbul qəbzinə dair EKTİS-ə daxil edilən məlumatlar Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənməmişdir. Belə ki, EKTİS-ə daxil etdiyi 2,556 hektar pambığın əkin sahəsi barədə məlumatlarla istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi digər 17687,30 kq pambığın miqdarı (əlavə məhsula görə məhsuldarlıq 69,19 s/ha, cəmi məhsuldarlıq 95,32 s/ha) arasındakı məlumatda uyğunsuzluq aşkarlandığından, yəni hektara düşən pambığın miqdarı bitkinin potensial məhsuldarlığından artıq olduğu üçün ona həmin məhsula görə subsidiyanın ödənilməsi mümkün olmamışdır. Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X2-Tədqiqat İnstitutunun və X3 İnkişaf Mərkəzinin təqdim etdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, pambıq bitkisi əkin ilindən, suvarma sayından, mövsümün iqlim şəraitindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində 1 hektar sahədən maksimum götürülən pambıq məhsulu 45 sentner (4.5 ton), aqrotexniki tədbirlərə tam əməl etmədikdə hektardan əldə edilən məhsul 25 sentner (2.5 ton) təşkil edir. Habelə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən Bərdə rayonu üzrə 2022-ci ildə bir hektarda istehsal olunan pambığın orta məhsuldarlığı 32.6 sentner, yəni 3.26 ton olmuşdur. Bundan əlavə, İddiaçı qeyd olunan əkin ilində məhsul subsidiyasına müraciətlə əlaqədar EKTİS-ə daxil etdiyi məlumatlara əsasən əkin apardığı hər hektardan maksimum 40 sentner (4 ton) pambıq məhsulunun əldə ediləcəyi proqnozlaşdırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. Subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X1” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 1.2.7. tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs; 1.2.10. məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiya;
2. Subsidiyaların verilməsinin təşkili 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 2.7. Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir. 2.8. DAİM subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. 2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: 2.9.1. qeydiyyatdan keçməni; 2.9.2. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; 2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; 2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini.
3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi 3.5. Məhsul subsidiyası aşağıdakı qaydada hesablanır: baza məbləği × məhsul əmsalı = məhsul subsidiyası məhsul əmsalı – bəzi bitkilər üzrə məhsuldarlığın təşviqi üçün Şuranın müəyyən etdiyi göstərici. 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.10. Fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir. 3.14. Məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.
5. Monitorinq və qiymətləndirmə 5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır: 5.1.1. çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; 5.1.2. yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; 5.1.3. yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.5563 ha və 1 ha torpaq sahələri İddiaçı mülkiyyətindədir. İddiaçı qeyd olunan torpaq sahələrində pambıq məhsulunun yetişdiriləcəyini bəyan etmiş, hər bir torpaq sahəsi üzrə pambıq məhsulunun proqnozu 40 sentner olmuşdur. İddiaçı ilə "xxxx" MMC arasında “xam pambığın alqı-satqısına dair” müqavilə bağlanmışdır. İddiaçı tərəfindən ”P-Aqro” MMC-yə 2022-ci ildə kondisiya çəkisi 17687,30 kq, 2600,13 kq, 2333,26 kq və 1745,51 kq olmaqla ayrı-ayrı qəbzlərlə pambıq təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının 2021-2022-ci əkin ilində məhsul subsidiyasına müraciətlə əlaqədar EKTİS-ə daxil edilən məlumatlara əsasən 2,556 hektar torpaq sahəsində istehsal edib tədarükçüyə təhvil verilən kondisiya çəkisi 6678,90 kq olan pambıq məhsuluna dair qəbzlərə əsasən hesablanmış 1135,41 manat məhsul subsidiyası ödənilmişdir. Lakin həmin torpaq sahəsində istehsal edib təhvil verilən kondisiya çəkisi 17687,30 kq pambıq məhsula görə subsidiya ödənilməmişdir. Hazırda iddiaçı Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən ümumi sahəsi 2.5563 ha olan torpaq sahəsində yetişdirdiyi 17.687,30 kq xam pambıq məhsuluna görə ona subsidiyanın ödənilməsini xahiş edir. İddiaçı qeyd olunan tələblə cavabdehə müraciət etmiş, cavabdeh həmin torpaq sahəsində istehsal edib təhvil verilən kondisiya çəkisi 17687,30 kq pambığın qəbul qəbzinə dair EKTİS-ə daxil edilən məlumatlar Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün, yəni hektara düşən pambığın miqdarı bitkinin potensial məhsuldarlığından artıq olduğu üçün ona subsidiyanın ödənilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını qanuni hesab edir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.5563 ha və 1 ha torpaq sahələrində pambıq məhsulunun yetişdiriləcəyi barədə əkin bəyanlarında hər bir torpaq sahəsi üzrə pambıq məhsulunun proqnozu 40 sentner (4 ton) müəyyən edilmişdir. Həmçinin məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən daxil olmuş məktubdan görünür ki, pambıq bitkisi əkin ilindən, suvarma sayından, mövsümün iqlim şəraitindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində 1 hektar sahədən maksimum götürülən pambıq məhsulu 45 sentner (4.5 ton), aqrotexniki tədbirlərə tam əməl etmədikdə hektardan əldə edilən məhsul 25 sentner (2.5 ton) təşkil edir. Habelə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən Bərdə rayonu üzrə 2022-ci ildə bir hektarda istehsal olunan pambığın orta məhsuldarlığı 32.6 sentner, yəni 3.26 ton olmuşdur. Lakin iddiaçının 1.5563 ha və 1 ha torpaq sahələri üzrə əldə etdiyi pambıq məhsulu ümumilikdə 24.366,2 kq təşkil etmişdir ki, bu da əkin bəyanında proqnozlaşdırılan məhsuldan, həmçinin 1 ha torpaq sahəsi üçün nəzərdə tutulan pambıq məhsulu normasından xeyli artıq olmuşdur. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçının istifadəsində 12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. 2021-2022-ci əkin ilində təxminən 5 ha torpaq sahəsində pambıq yetişdirmiş və ümumilikdə 24.366,2 kq məhsul əldə etmişdir. Lakin yalnız 1.5563 ha və 1 ha olmaqla 2.5563 ha torpaq sahəsində pambıq məhsulunun yetişdiriləcəyini bəyan etmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçı 2021-2022-ci əkin ilində 5 ha torpaq sahəsində pambıq yetişdirməsinə baxmayaraq, yalnız 2.5563 ha torpaq sahəsində pambıq məhsulunun yetişdiriləcəyini bəyan etmişdir ki, qanunvericiliyin tələbinə görə bəyan edilməmiş torpaq sahələri üzrə subsidiyanın ödənilməsi istisna edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasında nəzərdə tutulmuş tələblərə görə, dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların subsidiya” informasiya sistemində (SİS) qeydiyyatını aparır, subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir, subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir, subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də qeydiyyatdan keçməni, kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini, subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini, subsidiyalarla bağlı məlumatların əldə edilməsini həyata keçirirlər. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan, aparılan əkin sahələri, çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) və digər sənəd və məlumatları SİS-ə daxil edirlər. Məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən ardıcıllıqla, çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi kimi monitorinqlər aparılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva