Məhkəmə qərarları › İş №2-1(114)-1326/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1326/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1326/2020 01.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə qarşı hərbi xidmətə göndərilmə tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun hərbi xidmətə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu ildə Gəncə şəhərində doğulmuş, atası X3 2014-cü ildə vəfat etmişdir, anası X1 isə 1-ci qrup əlildir, ona faktiki olaraq iddiaçının nənəsi və arvadı baxır. Ağır atletika növündə idmanla məşğul olur, hüquq mühafizə orqanlarında çalışmaq niyyəti vardır, lakin həmin orqanlara işə qəbul üçün hərbi xidmətdə olmaq zəruridir. Belə olan halda anasının əlilliyinə görə hərbi xitmətlə bağlı hüquqları məhdudlaşdırılır. Dəfələrlə hərbi xidmətə getməsi ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan onun ailə vəziyyətinə görə möhlət hüququnun olması səbəbindən imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -XX-ЖГ 481751 nömrəli xx.xx.1999-cu il tarixli “Doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, ata qrafasında “X3”, ana qrafasında isə “X1” qeyd olunmuşdur. -AZ-İ 618260 nömrəli xx.xx.2014-cü il tarixli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə ölmüşdür. -AZ-İİ 272826 nömrəli xx.xx.2018-ci il tarixli “Nikah haqqında” şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasında nikah bağlanmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 783 nömrəli məktubundan görünür ki, İddiaçı ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olması səbəbindən onun müddətli həqiqi hərbi xidmətə göndərilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1999-cu il təvəllüdlü olmaqlaGəncə şəhərində doğulmuş, atası X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir, anası X1 isə 1-ci qrup əlildir. Həmçinin iddiaçının himayəsində 3 yaşınadək uşaq var. İddiaçı hərbi xidmətə getməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsaslanaraq onun ailə vəziyyətinə görə möhlət hüququnun olması səbəbindən imtina etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun:- -16-cı maddəsinə əsasən müddətli hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək üçün, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq verilir. Müddətli hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir, həmin məsələdə-komissiya yalnız bu Qanunu rəhbər tutur. Möhlət almaq üçün əsasları itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli hərbi xidmətə çağırılmamış şəxslər 26 yaşına çatanadək növbəti çağırış keçirilərkən xidmətə çağırılmalıdırlar. -17-ci maddəsinə əsasən ailə vəziyyətinə görə çağırışa möhlət qüvvədə olan qanunvericiliyə müvafiq surətdə əmək qabiliyyəti olmayan, köməyə ehtiyacı olan ailə üzvlərini saxlamaq vəzifəsini yerinə yetirən çağırışçılara bu ailə üzvləri ilə birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq aşağıdakı hallarda verilir: qüvvədə olan qanunvericiliyə uyğun olaraq ailə üzvlərini saxlamalı və onlara kömək göstərməli olan, bundan ötrü real imkanlara malik olan başqa şəxslər yoxdursa; çağırışla əlaqədar olaraq çağırışçı ailəsinin əmək qabiliyyəti olmayan hər bir üzvünün payına düşən orta gəlir onlar üçün nəzərdə tutulan dövlət yardımının bütün növləri nəzərə alınmaqla yaşadıqları bölgədəki fizioloji minimumdan aşağıdırsa; çağırışçı bu maddənin “a” və “b” bəndlərində göstərilmiş şəxslərə qulluq etməklə məşğuldursa. Çağırışçının ailə vəziyyətinə görə möhlət hüququ müəyyən edilərkən aşağıdakılar ailənin əmək qabiliyyəti olmayan üzvləri sayılırlar: a) 18 yaşına çatanadək İ və İİ qrup əlil olmuş işləməyən qardaşlar və bacılar; b) pensiya yaşına çatmış, yaxud İ və İİ qrup əlil olan ata və ana. Bundan başqa, himayəsində aşağıdakı şəxslər olan çağırışçıların hərbi xidmətə çağırışçıların ailə vəziyyətinə görə möhlət verilir: 3 yaşınadək uşaq; 2 və daha çox uşaq; İ və ya İİ qrup əlil arvad; 8 yaşınadək iki və ya daha çox uşağı olan ana; valideynlərinin vəfat etməsi, sürəkli xəstəlik keçirməsi və ya başqa üzürlü səbəblərlə əlaqədar olaraq azı beş il ərzində çağırışçını himayəsinə almış şəxslər—bu maddənin birinci hissəsində və ikinci hissəsinin “b” bəndində nəzərdə tutulmuş şərtlərlə. Çağırışçı ailədə yeganə oğuldursa, bacılarının olub-olmamasından asılı olmayaraq ona ailə vəziyyətinə görə çağırışdan möhlət verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.0.8-ci maddəsinə əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. -19.1.1-ci maddəsinə əsasən ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində başqa övladı olmayan İ dərəcə əlilliyi olan ata, yaxud ana olan çağırışçılara verilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və əsgəri xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur və qanunvericiliklə müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir. Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir. Bu qayda müəyyən istisnalar nəzərə alınmaqla qanunvericiliklə imperativ norma kimi müəyyən edilmişdir. Bundan fərqli olaraq isə qanunvericilik qeyd olunan istisnalar (hazırki halda “ailə vəziyyətinə görə çağırışa möhlət”) baxımından həmin subyektlərə alternativ davranış imkanları da nəzərdə tutmuşdur və belə hesab olunmalıdır ki, həmin qaydalar hüquq subyektlərinə münasibətdə dispozitivdir. Belə ki, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə görə əlaqədar şəxslərin və sosial təminat orqanlarının notarius qaydasında təsdiq edilmiş sənədləri olduqda çağırışçının hüququ var ki, ailə vəziyyətinə görə çağırışa möhlət verilməsindən imtina etsin və müddətli hərbi xidmətə çağırılsın. Normanın məzmunundan da aydın olur ki, qanunverici çağırışçılara ailə vəziyyətinə görə çağırışa möhlət verilməsindən imtina, eləcə də müddətli hərbi xidmətə çağırılma hüququ tanımışdır və hazırda iddiaçı qeyd olunan hüququndan istifadə etmək, həmçinin möhlət hüququndan imtina etmək niyyətindədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının ailə vəziyyətinə görə möhlət hüququnun olması səbəbi ilə müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, iddiaçının hərbi xidmətə çağırılması öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı həqiqi hərbi xidmətə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar