Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1327/2021 04.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh “xxxx” ASC-nin sədri X3 qarşı “əmək kitabçasının bərpası və sosial sığorta üçün tutulmuş məbləğin hesaba köçürülməsi” iddia tələbi üzrə iddianın mümkülüyü məsələsinə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-nin sədri X3 qarşı 01.06.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək əmək kitabçasının bərpası və sosial sığorta üçün tutulmuş məbləğin hesaba köçürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə əvvəl qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh düzgün şəkildə qeyd olunmamışdır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın vəzifəli şəxslərinin inzibati orqanın adından etdiyi hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyildir, Təsnifatın “V” bəndində inzibati orqanlara həmçinin “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər” də aid edilmişdir. Eləcə də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində də qanunverici inzibati orqana yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələri deyil, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsləri də aid etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbə cavab verən göstərilmiş X4 “xxxx” ASC-nin rəhbəri kimi də inzibati akt qəbul etmək səlahiyyətinə malik olmadığından inzibati orqan kimi cavabdeh qismində çıxış edə biməz. Hazırkı tələbin mahiyyətindən aydın olur ki, iddiaçının əsas məqsədi ona əmək pensiyası təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.3-cü bəndinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların 2.1-ci bəndinə əsasən əmək pensiyasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik şəxsi həyata keçirir. Odur ki, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik şəxsinin müvafiq regional filialına (hazırda 18 saylı regional ərazi filialıdır) müraciət etməli, həmin orqan tərəfindən ona əmək pensiyası təyin olunmasından imtina edildiyi halda məhkəməyə müraciət olunmalıdır. Məhkəmə həmçinin iddiaçıya izah edir ki, ona məxsus əmək kitabçasının “kopiya” sənədində onun “xxxx” ASC-də işləməsi barədə qeydlər aparıldığı üçün artıq həmin mübahisəyə fakt təsdiqi tələbi ilə ümumi məhkəmədə də baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunu “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli 03 saylı qərarında qeyd etmişdir ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir (13.2 və 13.3-cü bəndləri) Tələbin “sosial sığorta hesabına köçürülməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir: “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının 01.01.2019-cu il tarixədək qüvvədə olan redaksiyasında göstərilmişdir ki, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək sığortaçının hüququdur. Həmin Qanunun 8-ci maddəsinə əsasən Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidetinin 07.04.1997-ci il tarixli 568 nömrəli fərmanına əsasən 2.1-1-ci bəndində əsasən həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 13.4cü maddəsində (birinci halda) və 28-ci maddəsinin birinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Göründüyü kimi, fiziki və hüquqi şəxslərdən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini tələb etmək hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, hazırkı tələb inzibati orqana qarşı qaldırılmadığına görə və inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh xxxx ASC-nin sədri X3 qarşı “əmək kitabçasının bərpası və sosial sığorta üçün tutulmuş məbləğin hesaba köçürülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1327/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1327/2021
04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver