Məhkəmə qərarları › İş №2-1(114)-1329/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1329/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1329/2022 13.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona əlillik və xəstəliyə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik və xəstəliyə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13269/2021 nömrəli, 30.12.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyatı üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının və cavabdehin nümayəndəsinin Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı oxşar tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmədiyindən onun iddiası mümkün sayılmamalıdır. Belə ki, Məhkəmə iddiaçıya 07.04.2022-ci il tarixli, 2-1(114)-1329/2022 nömrəli sərəncamla hüquqi yardım göstərərək, hazırki mübahisə ilə əlaqədar cavabdeh inzibati orqana (Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə) müraciət etməsi və həmin orqandan müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət olunması təklif olunmuşdur. Qeyd edilən çatışmazlıqları aradan qaldırmaq üçün 13.05.2022-ci il tarixə qədər vaxt verilməyinə baxmayaraq iddiaçı həmin sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Şərh olunanlara əsaslanaraq qeyd edilməlidir ki, Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. Beləliklə, iddia tələbi üzrə xüsusi mümkünlük şərti mövcud olmadığından mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona əlillik və xəstəliyə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunur ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar