Məhkəmə qərarları › İş №2-1(114)-1329/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1329/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1329/2023 29.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı sərəncamda düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehnə qarşı Cavabdeh xx.xx.2013-cü il tarixli, 24 nömrəli sərəncamında ona məxsus hissədə əlillik dərəcəsinin və əlillik səbəbinin düzgün qeyd olunaraq mənzil növbəliliyi siyahısında dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İİİ qrup Qarabağ müharibəsi əlilidir. Lakin Cavabdeh başçısının 27 fevral 2013-cü il tarixli 24 saylı sərəncamı ilə mənzil növbəsinə alınarkən əlillik dərəcəsi və əlillik səbəbi düzgün qeyd edilməmişdir. Bu barədə cavabdehə müraciət etsə də, ona hazırki tələblə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasınını vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarında olan: - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİİ dərəcəli əlillik təyin edilmişdir. - Cavabdeh başçısının 27 fevral 2013-cü il tarixli 24 nömrəli sərəncamından çıxarışdan görünür ki, iddiaçının əlillik dərəcəsi və səbəbi müvafiq olaraq “hərbi xidmət vaxtı” və İİ qrup kimi qeyd edilmişdir. Cavabdeh xx.xx.2023-cü il, 5-45/2-CM-02/2023 nömrəli məktubunda iddia tələbinə münasibət bildirilərək qeyd edilmişdir ki, Cavabdeh başçısının 27 fevral 2013-cü il tarixli 24 nömrəli sərəncamı ilə mənzil növbəsinə alınarkən İddiaçı əlillik səbəbi müharibə əlili qeyd edilməli olduğu halda texniki səhvlik olaraq “hərbi xidmət vaxtı” əlili kimi qeyd edilmişdir. Odur ki, İddiaçı mənzil növbəliliyi sərəncamında dəyişiklik edilərək müharibə əlili kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edilməsinə etiraz edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh başçısının 27 fevral 2013-cü il tarixli 24 nömrəli sərəncamında düzəliş edilərək iddiaçının əlillik səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar”, əlillik dərəcəsinin isə “İİİ dərəcəli” qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh başçısının 27 fevral 2013-cü il tarixli 24 nömrəli sərəncamında düzəliş edilərək İddiaçı əlillik səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar”, əlillik dərəcəsinin isə “İİİ dərəcəli” qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar