Məhkəmə qərarları › İş №2-1(114)-133/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-133/2020

13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-133/2020 13.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcunun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcunu tam şəkildə ödəməkləri səbəbindən 11 saylı Ərazi Vergilər Baş X7 Yoxlamaları İdarəsinin “xxxx” MMC-yə aid səyyar vergi yoxlamasının nəticələrinə dair xx xxxxxx 2019-cu il tarixli, **********146495 saylı səyyar vergi yoxlaması aktı və xx xxxx 2019-cu il tarixli, **********177885 saylı qərarı əsasında hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcunu tam şəkildə ödəməkləri səbəbindən 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxx 2019-cu il tarixli, **********177885 saylı qərarı əsasında hesablanmış borc məbləğinin silinməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə yanaşı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019cu il tarixli **********177885 saylı qərarından xəbəri olmamış, yalnız cavabdeh təşkilat tərəfindən Bərdə Rayon Məhkəməsində «ölkədən çıxışa müvəqqəti qadağa qoyulması» barədə qaldırılan iddiadan sonra xx.xx.2019-cu il tarixdə sözügedən qərarın mövcudluğundan məlumatları olmuşdur. Bundan sonra isə hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Hesab edir ki, prosessual müddətin ötürülməsi üzürlü sayılmalıdır. İddiaçının vəkalətnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçının tələbinin vergi orqanı tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və bu qərar əsasında hesablanmış borcun silinməsi olduğunu bildirdi, ərizənin və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsinin xx.xx.2019-cu il tarixli prosessual müddətin bərpa edilməsinə dair ərizəsi həqiqəti əks etdirmir. Belə ki, iddiaçının borcunu müəyyən edən xx.xx.2019-cu il tarixli, **********177885 nömrəli qərar iddiaçı “xxxx” MMCnin rəhbəri X4 xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. Qərardakı imza və möhür qərarın iddiaçı “xxxx” MMC-yə xx.xx.2019-cu il tarixdə təqdim olunduğunu sübut edir. Digər tərəfdən qərar iddiaçıya təqdim edildikdən sonra, onun tərəfindən ödənişlər aparılmamışdır. Borcun tam həcmdə olmasa da bir hissəsi ödənilmişdir. İddiaçı prosessual müddətin üzürlü səbəbdən ötürülməsini təsdiq edən sübutu təqdim etməmişdir. Odur ki, prosessual müddətin bərpa edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarından göründüyü kimi iddiaçı ərizəsində 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxx 2019-cu il tarixli, **********177885 saylı qərarı əsasında hesablanmış borc məbləğinin silinməsi ləğv edilməsini, yəni qərarı mübahisələndirmiş və iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı hazırki iddia tələbini qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada. Belə ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********177885 nömrəli qərarının 2-ci bəndinə əsasən qərardan təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı çıxarmış vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər. Adıçəkilən qərar iddiaçı hüquqi şəxsə rəsmi qaydada təqdim edilmiş, həmin qərar və tələbnamənin təqdim edilməsi hüquqi şəxsin möhürü və direktorunun imzası ilə təsdiqləmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Adıçəkilən Qanunun 73.2. maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli qərar əsasında hesablanmış borcun silinməsi tələbi irəli sürülsə də iddiaçının hüquqi marağı həmin qərarın ləğv edilməsindən ibarətdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli qərarı əsasında hesablanmış vergi borcunun silinməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar