Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-133/2022 17.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və məlumat vərəqəsinin təqdim edilməsi tələbinən dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 13.11.N8-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, nazirliyin Raket və X2 27.02.N8-ci il tarixli, 016 nömrəli əmrinin qismən, yəni iddiaçının 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi, 2-ci məharət dərəcəsinə müvafiq əlavənin pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin ƏƏSMN yanında DSMF-yə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.12.N8-ci il tarixli 2-1(81)-4765/N8 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində xidmət edərkən 17.02.N8-ci il tarixdə hərbi hissədə aparılan ümumi yoxlamalar zamanı onun nəzarət etdiyi xidmət üzrə bəzi nöqsanlar aşkar edilmiş və həmin nöqsanlara görə Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsinin komandanının 27.02.N8-ci il tarixli, 016 nömrəli əmrinə əsasən ona eyni əmələ görə həm töhmət elan edilmiş, həm də məharət dərəcəsi 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilmişdir. 31 may N8-ci il tarixdə iddiaçının xidmət illəri toplanmaqla ona təminat xərcliyinin 89% həcmində pensiya təyin edilmişdir. Təminat xərcliyinin hesablanması zamanı ona verilmiş 2-ci məharət dərəcəsi əsassız olaraq 3-cü məharət dərəcəsinə endirildiyindən 2-ci məharət dərəcəsi üçün nəzərdə tutulmuş əlavə pensiyasına hesablanmamışdır ki, bu da onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də hesab edir ki, həmin əmr qismən ləğv edilməlidir. İddiaçı və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 29.01.N9-cu il tarixli, 11/440 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi Müdafiə Nazirinin 21 may N6-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Həmin Əsasnamənin 37.1.1-ci maddəsinə əsasən “hərbi qulluqçuların təqsiri səbəbindən silah və hərbi texnikanın istismar (təmir) qaydalarının pozulması nəticəsində onların nasaz vəziyyətə düşməsi halları və ya qəza baş verdikdə, həmçinin dövlətə maddi ziyan vurulduqda”-müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi endirilir və ya onlar məharət dərəcəsindən məhrum edilirlər. Bununla bağlı qeyd olunur ki, “döyüş texnikasının və digər texnikanın qorunub saxlanılması” silah və hərbi texnikanın istismar (təmir) qaydalarına aiddir. Bundan başqa iddiaçı ərizəsində qeyd etmişdir ki, hərbi qulluqçu törətdiyi əmələ görə iki dəfə cəzalandırıla bilməz. Bununla bağlı bildirirlir ki, hərbi qulluqçunun məharət dərəcəsinin endirilməsi və ya məharət dərəcəsindən məhrum edilməsi Azərbaycan Respublikasının Silahlı X1 intizam cəzasının növü kimi qiymətləndirilə bilməz. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsinin rəisinin 27.02.N8-ci il tarixli, 016 nömrəli əmrindən görünür ki, İddiaçı “döyüş texnikasının və digər texnikanın qorunub saxlanılmasına zəif nəzarətə görə” ona töhmət elan edilmiş və onun 2-ci məharət dərəcəsi 3-cü məharət dərəcəsinə endirilmişdir. -N nömrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli 182 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq ehtiyyata buraxılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18.05.2021-ci il tarixli 17/789 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsinin rəisinin 27.02.N8-ci il tarixli, 016 nömrəli əmrinə əsasən İddiaçı 2-ci məharət dərəcəsi 3-cü məharət dərəcəsinə endirildiyinə görə N8-ci ilin mart ayından onun məharət dərəcəsinə görə vəzifə maaşına 15 % əlavə olunan məbləğin ödənişi dayandırılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsinin rəisinin 27.02.N8-ci il tarixli, 016 nömrəli əmrinə əsasən İddiaçı “döyüş texnikasının və digər texnikanın qorunub saxlanılmasına zəif nəzarətə görə” ona töhmət elan edilmiş və onun 2-ci məharət dərəcəsi 3-cü məharət dərəcəsinə endirilmişdir. Daha sonra N nömrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli 182 nömrəli nizami hissə üzrə əmrinə əsasən o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq ehtiyyata buraxılmış və Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən tərtib olunmuş 10939 nömrəli 11.07.N8-ci il tarixli “Məlumat vərəqəsi”ndə iddiaçının hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsinin rəisinin 27.02.N8-ci il tarixli, 016 nömrəli əmrini və onun hüquqi nəticələrini mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş 27.02.N8-ci il tarixli, 016 nömrəli əmrin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən əmrinin qanuni olub-olmadığını müəyyənləşdirmək üçün bu sahədəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi Müdafiə Nazirinin 21 may N6-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Həmin Əsasnamənin 37.1-ci bəndində məharət dərəcəsinin bir pillə aşağı endirilməsinin əsasları sadalanır. Həmin bəndə əsasən: -hərbi qulluqçunun təqsiri səbəbindən silah və hərbi texnikanın istismarı qaydalarının pozulması nəticəsində onların nasaz vəziyyətə düşməsi halları və ya qəza baş verdikdə, həmçinin dövlətə maddi ziyan vurulduqda; -atışlar, döyüş atışları və taktiki təlimlər zamanı təhlükəsizlik qaydaları kobud şəkildə pozulduqda; -hərbi intizam qaydaları kobud şəkildə pozulduqda; -Azərbaycan Respublikası müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “Şiddətli töhmət” elan edildikdə, hərbi qulluqçunun məharət dərəcəsi bir pillə aşağı endirilir. Qeyd edilməlidir ki, mübahisələndirilən əmrdə döyüş texnikasının və digər texnikanın qorunub saxlanılmasına zəif nəzarət edilməsinin törətdiyi nəticənin nədən ibarət olması göstərilməmişdir, başqa sözlə zəif nəzarət nəticəsində döyüş texnikasının nasaz vəziyyətə düşməsi halları və ya qəza baş verməsi, həmçinin dövlətə maddi ziyan vurulması halı qeyd olunmamışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, mübahisələndirilən əmrdə əsas olaraq qeyd edilmiş “döyüş texnikasının və digər texnikanın qorunub saxlanılmasına zəif nəzarət” Əsasnamədə nəzərdə tutulmuş “hərbi qulluqçunun təqsiri səbəbindən silah və hərbi texnikanın istismarı qaydalarının pozulması nəticəsində onların nasaz vəziyyətə düşməsi halları və ya qəza baş verdikdə, həmçinin dövlətə maddi ziyan vurulduqda” bəndinin təsiri altına düşmür. Beləliklə müəyyən olunur ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin tələbləri iddiaçıya münasibətdə düzgün tətbiq edilməmişdir. Qeyd olunan hal isə həmin əmrin ləğvi üçün əsas hesab edilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bundan əlavə, tələbin “2-ci məharət dərəcəsinə müvafiq əlavənin pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin ƏƏSMN yanında DSMF-yə təqdim edilməsi” hissəsi ilə bağlı qeyd edilir ki, hazırki halda mübahisələndirilən əmrin qismən ləğv edilməsi qənaətinə gəlindiyindən onun hüquqi nəticəsi də ləğv edilməlidir. Odur ki, mübahisələndirilən əmr ləğv olunduqda iddiaçının məharət dərəcəsi bərpa olunmalı və 2-ci məharət dərəcəsinə müvafiq əlavənin pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Beləliklə, məhkəmə hesab edir ki, Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsinin rəisinin 27.02.N8-ci il tarixli, 016 nömrəli əmrinin qismən, yəni iddiaçının 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi və 2-ci məharət dərəcəsinə müvafiq əlavənin pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsinin rəisi- Raket və X2 27.02.N8-ci il tarixli, 016 nömrəli əmri İddiaçı 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilsin. 2-ci məharət dərəcəsinə müvafiq əlavənin pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-133/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-133/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver