Məhkəmə qərarları › İş №2-1(114)-1336/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1336/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1336/2020 14.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən VN 025513 nömrəli aktın və ona əlavə edilmiş qərarın etibarsız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı nümayəndəsiVəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxx 2020-ci il tarixli, **********951 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 10 sot torpaq sahəsində tikilmiş fərdi evə xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri gələrək operativ vergi nəzarətini həyata keçirdiklərini bildirmədən qeydiyyat aparmaqlarını bildirmişlər. Həmin vaxt o, həyətyanı sahəsində qonşularla birlikdə torpağa qulluq edirmiş. Vergi orqanının əməkdaşları əllərindəki hazır aktları orada olan şəxslərin savadsız və ahıl olmaqlarından istifadə edərək imzalatdırmışlar. Vergi orqanının əməkdaşları Vergi Məcəlləsinin 50.1-ci maddəsinin tələbini pozaraq evə daxil olmaqla heç bir əsas olmadan onu aktda vergi ödəyicisi kimi qeydiyyata almışlar. Halbuki, bu Vergi Məcəlləsinin 34-cü maddəsinin tələbinə ziddir. İddiaçı nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə, məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Vergi qanunvericiliyi vergi nəzarətinin forma və metodlarını, habelə qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən etmişdir ki, belə tədbirlərdən biri də operativ vergi nəzarət tədbiridir. Operativ vergi nəzarəti - Vergi Məcəlləsinin 50.1-ci maddəsində müəyyən edilən məsələlər üzrə vergi orqanı tərəfindən bilavasitə vergi ödəyicisinin fəaliyyətini həyata keçirdiyi ərazidə keçirilən yoxlama tədbirlərinin kompleksidir. Həmin maddənin tələbinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında nəqliyyat vasitələrində həyata keçirilən vergi nəzarəti formasıdır. Operativ vergi nəzarət tədbiri vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir.Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirlərinə aiddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki halları ilə bağlı qeyd edirik ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2020-ci il tarixli **********8981 nömrəli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında həyata keçirilmişdir. Sözügedən qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. xx.xx.2020-ci il tarixli **********8981 nömrəli qərar əsasında cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1i ünvanında yerləşən istilikxanada xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. İddiaçının təsərrüfat subyektində həyata keçirilmiş operativ vergi nəzarəti vergi ödəyicisi İddiaçı şəxsən iştirakı ilə həyata keçirilmiş, xx.xx.2020-ci il tarixli **********8981 nömrəli qərar və Ədliyyə Nazirliyinin “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı ilə tanış olmuşdur. Bununla bağlı qərarda müvafiq qeydlər edilmişdir. Həmçinin cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********8997 nömrəli “operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsinin surəti İddiaçı verilmiş və müvafiq sənədlərin yoxlamaya təqdim edilməsi tövsiyə edilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 4 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edildiyi müəyyən olunmuşdur. Bu hal işçilərin, eləcə işəgötürənin izahatları ilə də təsdiq edilmişdir. Belə ki, İddiaçı tərəfindən yoxlamaya təqdim olunmuş xx.xx.2020-ci il tarixli izahatında sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə 4 nəfər işçinin-X7, X3, X2, X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb erdiyini qeyd edərək etiraf etmişdir. X1, X7, X3, X6 xx.xx.2020-ci il tarixli izahatlarında işəgötürən İddiaçı onlarla əmək müqaviləsi bağlamadan sonuncuya məxsus obyektdə müvafiq işlərə cəlb edildiklərini bildirmişlər. Eləcədə yoxlama materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli iddiaçıya məxsus “vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” hesabatdan da görmək olur ki, hər hansı şəxslə iddiaçı əmək müqaviləsi bağlamamışdır. Yoxlamanın nəticəsi üzrə tərtib olunmuş akt və əlavəsi iddiaçı tərəfindən imzalanmış və surəti qəbul edilmişdir. İddianın dəlillərində inzibati aktın, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsaslı hal yoxdur, iddiaçı cavabdehin qanuni səlahiyyətləri daxilində qəbul edilmiş qərarı mübahisələndirməklə tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək, mövcud vergi öhdəliyini yerinə yetirməmək niyyətini ehtiva etdirmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş və iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxx 2020-ci il tarixli, **********9541 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10. maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxx 2020-ci il tarixli, **********9541 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. İş materiallarında olan Vergi ödəyicisi haqqında məlumatın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən istixanada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. -“Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli, **********148981 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən istixanaya Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -“Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx xxx 2020-ci il tarixli, **********8997 nömrəli tələbnamənin təsdiqlənmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı elektron informasiya daşıyıcılarının, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və X8 Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqavilələri (kontraktlar), müəssisənin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti, nəzarət kitabçaları tələb edilmişdir. -“Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx xxx 2020-ci il tarixli, 025513 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində 4 nəfər fiziki şəxsin – X3, X7, X2 və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. -İddiaçı, X3, X7, X2 və X4 xx xxx 2020-ci il tarixli izahatlarının təsdiqlənmiş surətlərindən görünür ki, X3, X7, X2 və X4 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən İddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin izahatlarla təsdiq edilmişdir. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxx 2020-ci il tarixli, **********9541 nömrəli qərarın təsdiqlənmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı oğlu Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. -“Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********9542 nömrəli tələbnamənin təsdiqlənmiş surətindən görünür ki, büdcəyə ödənilməli olan 8000 manat vəsaitin xx.xx.2020-ci il tarixədək Gəncə YXO-nun AZ44CTRE******************** nömrəli hesabına ödənilməsi tələb edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********148981 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən istixanada operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 4 nəfər fiziki şəxsin, yəni X3, X7, X2 və X4 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli, 003889 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9541 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -23.1.1-ci maddəsinə əsasən Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. -50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirlərinə aiddir. -50.2.4-cü maddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarətinin həyata keçirilir. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. İddia ərizəsində İddiaçı ona məxsus ünvan 1ində yerləşən istixanada sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını və həmin obyektin fərdi yaşayış evi olduğunu, adıçəkilən fiziki şəxslərin həmin istixanada işləmədiklərini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Vergi ödəyicisi haqqında məlumatın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən istixanada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. X3, X7, X2 və X4 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən İddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi isə həmin şəxslərin, eyni zamanda işəgötürən İddiaçı vergi orqanına verdikləri xx xxx 2020-ci il tarixli izahatlarda öz təsdiqini tapmış, həmin izahatların mötəbərliyini təkzib edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər: Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx xxx 2020-ci il tarixli, **********951 nömrəli qərar qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx xxx 2020-ci il tarixli, **********9541 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar