Məhkəmə qərarları › İş №2-1(114)-1336/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1336/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1336/2023 31.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının düzgün hesablanması və itirdiyi vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1978-ci ildə avtomobil sürücüsü kimi sabiq "Jdanov" adına sovxozda əmək fəaliyyətinə başlamış, xx.xx.1990-cı ildə öz ərizəsi ilə həmin işdən azad olunmuşdur. Həmin tarixdə Gədəbəy rayonunda Avtonəqliyyat müəssiəsinə 3-cü dərəcəli sürücü kimi işə qəbul olunmuş, 30 noyabr 1998-ci il tarixli 1547N-li sərəncam ilə "Gədəbəy Avtonəqliyyat müəssiəsi" "X6 Səhmdar Cəmiyyətinə" çevrilməsi ilə əlaqədar Əmək Qanunları Məcəlləsinin 1 maddəsi ilə xx.xx.1999-cu ildə işdən azad olunmuşdur. xx.xx.2000-ci il tarixdə "Azəraqrarsulayihə"DBLİ-də qaraja sürücü təyin olunmuş, xx.xx.2002-ci il tarixdə öz ərizəsi ilə həmin işdən azad olunmuşdur. Ayrıayrı müəssiələrdə işlədiyi müddət 25 (iyirmi beş) ildən artıq olmasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fonduna yaşa görə ona təyin etdiyi əmək pensiyasının 180 (bir yüz səksən) manat hesablanmasına dair etdiyi müraciətə cavab olaraq ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********1 saylı məktubda müxtəlif səbəblər göstərilərək ona təyin olunmuş əmək pensiyasının düzgün araşdırılıb ədalətli şəkildə bərpa olunmasına etiraz olunmuşdur. Təqdim etdiyi sənədlərdə onun əmək staımın 25 (iyirmi beş) il olması sübut olunsa da arxiv sənədlərinin saxlanılması və ya arxiv sənədlərinin yanmasında yol verilmiş xətalara görə iddiaçı ədalətsizliyə uğrayıb haqqı olan pensiyanı ala bilmir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 1990-1999-cu illərdə bütün aylar üzrə əmək haqqı almışdır. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Gədəbəy Nəqliyyat ASC-də işlədiyi müddətdə iddiaçının 1990-1994-cü ilə aid əməkhaqqı cədvəlləri arxidə mövcud olmamış, 1995-1999cu illər üzrə isə əməkhaqqı aldığı 2 il staja daxil edilmişdir. Tərtib edilmiş akta və akta əlavə edilmiş cədvələ əsasən iddiaçı 1995-1998-ci illər üzrə ümumilikdə cəmi 24 ay (2 il) əmək haqqı almışdır, ona görə də digər dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Müvafiq dövrlər iddiaçının ümumi iş stajının mübahisələndirilən hissəsini təşkil edir. Digər dövrlər nəzərə alınsa onun 25 il 1 ay sosial sığorta stajı yaranmış olar. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş НЗ 330 nömərli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1976cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Gədəbəy Rayon Dövlət X3 xx.xx.2022-ci il tarixli, 37/M-189 nömrəli arayışından görünür ki, həqiqətən 1982-ci il tarixdə Gədəbəy rayon Əliismayıl kənd Jdanov adına kolxozun idarə binasında yanğın hadisəsi baş vermiş, yanğın zamanı arxiv sənədləri yanıb məhv olmuşdur. -Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 20 nömrəli məktubundan görünür ki, Gədəbəy Nəqliyyat ASC-nin arxiv sənədləri Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. -AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı cavabdehə müraciət edərək işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmiş, lakin cavabdeh orqan onun ümumi sığorta stajının qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.2002-ci il tarixədək ayrı-ayrı vaxtlarda müəyyən fasilələrlə müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi onun sığorta stajının ümumilikdə 25 ildən az olması göstərilmişdir. Bundan əlavə, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X1 işlədiyi illərlə bağlı müəssisənin 1990-1994-cü ilə aid əməkhaqqı cədvəllərinin arxivə təhvil verilmədiyindən, eləcə də 1995-1999-cu illər üzrə isə əməkhaqqı aldığı müddətin ümumilikdə 2 il təşkil etdiyindən həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasının mümkün olmadığını qeyd etmişdir. İş materillarına əlavə edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X1 fəhlə kimi işlədiyi qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, müəssisənin arxiv sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və əmək kitabçasında olan məlumatlardan da görünür ki, iddiaçıya hərbi xidmət dövrü də nəzərə alındlqda ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X1 işlədiyi müddətlər sosial sığorta stajına daxil edilməli və onun sosial sığorta stajı ümumilikdə 25 ildən çox hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar