Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1337/2023 24.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı (üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti) tikililərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Poladlı kəndində mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində inşa edilmiş meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi binanın tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyinin cavabdehin üzərinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsində "Meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi bina" inşa etdirmişdir. Qeyd olunan talvar və köməkçi binanın Dövlət reyestrinə daxil edilməsi və müvafiq kodun verilməsini təmin etmək üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Gədəbəy Rayon İcra Hakimiyyətinin 09 dekabr 2022-ci il tarixli, 301/8-8 saylı məktubu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikililərin dövlət reyestrinə salınması və müvafiq kodun verilməsində imtina edildiyi göstərilmişdir. İmtinanın səbəbi kimi o göstərilmişdir ki, tikililər barədə icazə sənədi təqdim olunmadığından Komitə tərəfindən tikinti barədə məlumatlar Tikililərin dövlət reyestinə daxil edilərək müvafiq kodun verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində tikilmiş talvar və köməkçi bina kənd təsərrüfatı fəaliyyəti ilə bağlıdır. Köməkçinin binanın mərtəbə sayı 1, hündürlüyü dam örtüyü ilə birlikdə 6 metr, tikilinin sahəsi isə 100 kv.m-dən artıqdır. Cavabdeh orqan tərəfindən imtina məktubu verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 saylı nömrəli qərarının 3.1.1-ci yarımbəndinə istinad edilməklə də, səhvə yol verilmişdir. Çünki, həmin tikililərlə bağlı icazə sənədinin verilməsi tələb edillmir. Yalnız məlumatlandırma icraatı tətbiq edilir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, tikili 2014-cü ildə inşa olunmuşdur. Üçüncü şəxsin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0.07 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Təhlil qrupunun xx.xx.2022-ci il tarixli, 1178 nömrəli rəyindən görünür ki, fiziki şəxs İddiaçı məxsus Gədəbəy rayonu, Poladlı kəndində yerləşən meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi binaları təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir və bu baxımdan binanın istismara yararlı olması barədə qərar qəbul edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 005756 nömrəli istismara hazırlıq aktından görünür ki, bu akt İddiaçı tərəfindən inşa edilmiş obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin və müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir. -surəti işə əlavə edilmiş Gədəbəy Rayon İcra Hakimiyyətinin 09 dekabr 2022-ci il tarixli, 301/8-8 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən Gədəbəy rayonu, Poladlı kəndində inşa olunmuş talvar və köməkçi binanın istismarına icazə verilməsi barədə müraciətinə RİH-də baxılmış, icraat çərçivəsində sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq Tikintilərin Dövlət reyestrinə daxil edilərək müvafiq kodun verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nın 3.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq obyektin tikintiyə icazə sənədi təqdim olunmadığından Komitə tərəfindən tikinti barədə məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı Gədəbəy rayonu, Poladlı kəndində yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində "Meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi bina" inşa etdirmişdir. Qeyd olunan talvar və köməkçi binanın Dövlət reyestrinə daxil edilməsi və müvafiq kodun verilməsini təmin etmək üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Gədəbəy Rayon İcra Hakimiyyətinin 09 dekabr 2022-ci il tarixli, 301/8-8 saylı məktubu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikililərin dövlət reyestrinə salınması və müvafiq kodun verilməsindən imtina edildiyi bildirilmişdir. Bu səbəbdən də iddiaçı qeyd olunan halı məhkəmədə mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. -71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -71-ci maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. -2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Məcəllədən və digər normativ hüquqi aktlardan ibarətdir. -4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. -5.2-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən həmin Məcəllənin 4.3-cü, 5.2-ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göründüyü kimi dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsindən təyinatına uyğun istifadə edərək müvafiq tikililər inşa etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli 005756 nömrəli istismara hazırlıq aktı ilə iddiaçı tərəfindən inşa edilmiş obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin və müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilmişdir. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Təhlil qrupunun xx.xx.2022-ci il tarixli, 1178 nömrəli rəyi ilə həmin tikililərinin istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh orqanın imtinasının əsası kimi qeyri-yaşayış binasının tikintiyə icazə sənədinin təqdim edilməməsi qeyd olunmuşdur. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin:- -74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. -79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; -79.2-ci maddəsinə bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının:- -1.1-ci maddəsinə əsasən tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir. -2.1-ci maddəsinə əsasən reyestrin aparılmasında məqsəd – yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil X5 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir. -3.1-ci maddəsinə əsasən reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazənin surəti; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat; 3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi. -4.2-1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Reyestrin internet səhifəsində yerləşdirilir. -4.2-2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərir və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Reyestrə göndərə və ya bilavasitə təqdim edə bilər. -4.4-cü maddəsinə əsasən reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. -4.7-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, istismara icazə verən və ya tikinti barədə məlumatlandırılan orqan (qurum) bu Qaydaların 3.1.2-ci yarımbəndində və 4.2-2-ci bəndində nəzərdə tutulmuş sənədləri və məlumatları 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir və 3 (üç) iş günü müddətində bu məlumatlar Reyestrin internet səhifəsində yerləşdirilir. Beləliklə işin faktiki halları ilə yuxarıda istinad olunan normaların təhlili onu deməyə əsas verir ki, iddiaçı tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş tikilinin tikintisinə icazə tələb olunmur. Odur ki, cavabdeh həmin tikiliyə dair müvafiq kodun verilməsindən tikiliyə icazənin olmaması səbəbindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) iddialara baxılır. -34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı tərəfindən Gədəbəy rayonu, Poladlı kəndində mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində inşa edilmiş “meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi bina”nın dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1337/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1337/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver