Məhkəmə qərarları › İş №2-1(114)-1337/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1337/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1337/2024 05.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 və üçüncü şəxslər X6 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə (üçüncü şəxslər X6 və X7) qarşı müddətli həqiqi hərbi xidmətə çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun müddətli həqiqi hərbi xidmətə çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2006-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 2024-cü ilin yanvarın 13-ündə ona həqiqi hərbi xidmətə çağırış gəlmiş, tələb edilən zəruri sənədləri cavabdeh orqana təqdim etdikdə onu hərbi xidmətə aparmaqdan imtina edilmişdir. X1 müddətsiz birinci dərəcə əlildir. Ailə tərkibləri bacısı və anasından ibarətdir. Anası 2017-ci ildə birinci dərəcə əlil olduğu zaman onun 11 yaşı olmuşdur, anası onun deyil, nənəsinin himayəsində olmuşdur. Anasının qayğısına bu günə kimidə nənəsi X6 baxır və buna görə nənəsinə müavinət ödənilir. X12 xx.xx.1965-cı il təvəllüdlü olmaqla əmək qabiliyyətli şəxsdir. Anasının və kiçik bacısının qayğısına qalan şəxs olduğundan o, Vətən qarşısında borcunu yerinə yetirmək istəyir. Hərbi xidmətə aparılması ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə müraciətinə, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı azyaşlı bacısı olduğu və X1nın 1-ci qrup əlil olması ilə əlaqədar “Hərbi vəzifə və Hərbi xidmət haqqında qanun”un 19.1.1ci maddəsinə əsasən 35 yaşınadək çağırışdan möhlət hüququ verildiyini, İddiaçı ailə vəzyyətini yuxarıda qeyd edilənləri nəzərə alaraq Müddətli Həqiqi Hərbi Xidmətə göndərilmədiyi bildirilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında çıxışında məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Üçüncü şəxslərdən X7 iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Üçüncü şəxslərdən X6 məhkəmə iclasında qızı X2 onun himayəsində olduğunu, buna görə müavinət adlığını bildirirərək iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2023cü il tarixli, 3-43-20/2-1559/2023 saylı imtina məktubu, əlillik haqqında xx.xx.2023-cü il tarixli arayışın surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-20/2- 23/2024 saylı məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə- Daşkəsən regional filialı tərəfindən təqdim edilən 18 dekabr 2023-cü il tarixli, 3-17-1/2-H- 297517/2023 nömrəli arayışı təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2006-cı il təvəllüdlü olmaqla Gəncə şəhərində doğulmuşdur. X1 1-ci qrup əlildir və anası X3 himayəsindədir və iddiaçının hərbi xidmətə cəlb olunmasına razıdır. İddiaçı hərbi xidmətə getməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsaslanaraq onun ailə vəziyyətinə görə möhlət hüququnun olması səbəbindən imtina etmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə- Daşkəsən regional filialı tərəfindən təqdim edilən 18 dekabr 2023-cü il tarixli, 3-17-1/2-H- 297517/2023 nömrəli arayışda qeyd edilmişdir ki, X6 1-ci dərəcə əlil X5 qulluğa görə müddətsiz ayda 100.00 (bir yüz manat 00 qəpik) manat məbləğində Prezident təqaüdü alır. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı madəsinin İ-ci bəndinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- 2.0.1.-ci maddəsinə əsasən, Hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 2.0.2.-ci maddəsinə əsasən, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. -2.0.8-ci maddəsinə əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. -19.1.1-ci maddəsinə əsasən ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində başqa övladı olmayan İ dərəcə əlilliyi olan ata, yaxud ana olan çağırışçılara verilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və əsgəri xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur və qanunvericiliklə müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir. Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir. Bu qayda müəyyən istisnalar nəzərə alınmaqla qanunvericiliklə imperativ norma kimi müəyyən edilmişdir. Bundan fərqli olaraq isə qanunvericilik qeyd olunan istisnalar (hazırki halda “ailə vəziyyətinə görə çağırışa möhlət”) baxımından həmin subyektlərə alternativ davranış imkanları da nəzərdə tutmuşdur və belə hesab olunmalıdır ki, həmin qaydalar hüquq subyektlərinə münasibətdə dispozitivdir. Normanın məzmunundan da aydın olur ki, qanunverici çağırışçılara ailə vəziyyətinə görə çağırışa möhlət verilməsindən imtina, eləcə də müddətli hərbi xidmətə çağırılma hüququ tanımışdır və hazırda iddiaçı qeyd olunan hüququndan istifadə etmək, həmçinin möhlət hüququndan imtina etmək niyyətindədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının ailə vəziyyətinə görə möhlət hüququnun olması səbəbi ilə müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər Odur ki, iddiaçının hərbi xidmətə çağırılması öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılması öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar