Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1337/2025 28.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X3 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci ilə tarixə kimi "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru vəzifəsində işləmişdir. Ümumi iş stajı isə hərbi xidmət daxil olmaqla 25 ildən çoxdur. "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində işlədiyi elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik mantyoru vəzifəsi də, Azərbaycan Respublikası Nazirlər Kabietinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahında xüsusilə zərərli və ağır olan işlər siyahısına daxildir. Cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə onun ərizəsinin icrasından imtina edilmişdir. İmtina belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Gəncə "Gil-Torpaq" İstehsalat Sahəsində işlədiyi dövrlərdə 1986-cı ilin sentyabr, 1990-cı ilin noyabr, 1992-ci ilin dekabr, 1993-cü ilin aprel, 1995-ci ilin mart, aprel, 1996-cı ilin mart, aprel və avqust, 1997-ci ilin may, noyabr və dekabr ayları ərzində (ümumilikdə 12 ay) əmək haqqı ödənilməmişdir. Yəni bu aylar sosial sığorta stajına daxil edilmir. İddiaçı imtinanı əsassız sayaraq qeyd etmişdir ki, əmək kitabçasından və "xxxx" ASC-nin arayışından görünür ki, həmin müəssisədə xx.xx.1983-cü ildən xx.xx.1997-ci ilədək, yəni 14 il 02 ay işləmişdir. Burdanda əmək haqqı ödənilməyən 12 ay çıxılanda yerdə 13 il 2 ay sosial sığorta stajı qalır. Lakin cavabdeh orqan bunu nəzərə almamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, 1986-cı ilin sentyabr, 1990-cı ilin noyabr, 1992-ci ilin dekabr, 1993-cü ilin aprel, 1995-ci ilin mart və aprel, 1996-cı ilin mart, aprel və avqust, 1997-ci ilin may, noyabr və dekabr aylarının sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının və xx.xx.2022-ci il tarixli 0152 nömrəli arayışa əlavə edilmiş əməkhaqqı cədvəlinin sürətinə əsasən ümumi sığorta stajı 24 il 4 ay 19 gün təşkil edir. Belə ki, sözügedən əmək haqqı cədvəli ilə iddiaçının "xxxx" ASC-nin Gəncə "Gil-Torpaq" İstehsalat sahəsinin 1 saylı Gil-Torpaq sexində 1986-cı ilin sentyabr ayı, 1990-ci ilin noyabr ayı, 1992-ci ilin dekabr ayı, 1993-cü ilin aprel ayı, 1995- ilin mart, aprel ayları, 1996-ci ilin mart, aprel və avqust ayları, 1997-ci ilin may, noyabr və dekabr ayları ərzində olmaqla ümumilikdə 12 ay əmək haqqı almadığı müəyyən olunur. Həmçinin, iddia ərizəsində iddiaçının "göstərilən aylarda əmək haqqı almamağımın səbəbi müəssisəyə xammal gəlməməsi və müəssisənin işləməməsi idi, həmin dövrlər təkcə mən yox, digər bütün işşçilər də məcburi işdən kənarlaşdırılaraq əməkhaqqı almamışıq" barədə yazılı izahatı onun müvafiq aylarda işləmədiyini və əməkhaqqı almadığını təsdiq edir. Beləliklə, hesab edirlər ki, "xxxx" ASC-nin Gəncə "Gil-Torpaq" İstehsalat sahəsində 1 saylı Gil- Torpaq sexində İddiaçı əməkhaqqı almadığı 12 ay təşkil edən dövrdə onun faktiki olaraq işləmədiyi və əməkhaqqı almadığı iş materiallarında olan sübutlarla təsdiq edildiyindən sığorta stajına daxil edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Odur ki, iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə verdikləri etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq verilən suallara cavab olaraq göstərdi ki, iddiaçının güzəştli stajı mübahisələndirilmir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus ИT –İ ******* nömrəli əmək kitabçası, iddiaçıya məxsus НЭ ******* nömrəli hərbi bilet, cavabdeh orqanın verdiyi xx.xx.2024-cü il tarixli imtina mətkubu, "xxxx" ASC-nin verdiyi xx.xx.2022-ci il tarixli arayış, iddiaçıya məxsus əmək haqqı cədvəlləri və məhkəmə sorğusuna əsasən alınan "xxxx" ASC-nin verdiyi xx.xx.2025-ci il tarixli arayış təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Hazırkı iddia İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı 2006-cı ilə kimi güzəştli şərtlərlə çalışdığı illəri 12 il 06 aydan və ümumi stajını 25 ildən çox hesab etdiyinə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun ərizəsinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Qafar Tofiq oğlu X1 mövcud olan sənədlərində 1986-cı ilin sentyabr, 1990-ci ilin noyabr, 1992-ci ilin dekabr, 1993-cü ilin aprel, 1995-ci ilin mart, aprel, 1996-ci ilin mart, aprel və avqust, 1997-ci ilin may, noyabr və dekabr ayları ərzində (ümumilikdə 12 ay) ona əmək haqqı ödənilmədiyi qeyd olunmuşdur. Buna görə də yuxarıda qeyd edilən əmək haqqı ödənilməyən, işləmədiyi dövrləri iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az ( 24 il 4 ay 19 gün (xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»: 20911000 9. Giltorpaq istehsalatı 2091100a a) fəhlələr 2091100a—19861 elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları Məhkəmə diqqətə çatdırır ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - 60 yaşın tamamlanması; - azı 25 il ümumi iş stajının mövcud olması; - azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması. İşdəki sənədlər əsasında müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Onun 60 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. Eyni zamanda iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. Lakin cavabdeh inzibati orqan onun ümumi iş stajının 25 ildən az olmasını bildirir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh inzibati orqanın iddiaçının işlədiyi 1986-cı ilin sentyabr, 1990-ci ilin noyabr, 1992-ci ilin dekabr, 1993-cü ilin aprel, 1995-ci ilin mart, aprel, 1996-ci ilin mart, aprel və avqust, 1997-ci ilin may, noyabr və dekabr aylarını nəzərə almaması əmək haqqı ödənilmədiyi üçündür. Məhkəmə həmin dəlilləri ona görə əsaslı hesab etmir ki, əvvəla, həm SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə, həm də 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. Sözügedən əmək fəaliyyəti dövrləri də iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə iddiaçının həmin əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyini şübhə altına alan hər hansı əsaslar təqdim edilməmiş, habelə mötəbərsizliklə bağlı hər hansı hala istinad edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X2) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə habelə qeyd edir ki, iddiaçının əmək haqqı alması barədə məlumatın aşkar olunmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Eyni zamanda, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bundan başqa Azərbaycan Alüminiumu ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı yalnız xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi bir ay ödənişsiz məzuniyyətdə olmuşdur. xx.xx.1983-cü ildən xx.xx.1995-ci ilə, xx.xx.1995-ci ildən xx.xx.1997-ci il ilə qədər ödənişsiz məzuniyyətdə olmamışdır. Digər tərəfdən, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Yəni, adıçəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Qeyd olunur ki, iddiaçının əmək kitabçasında mübahisələndirilən dövrlərlə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış, yəni həmin qeydlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür:
1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;
2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X2) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir, 3.6-cı bəndinə görə isə, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçası əsasında müəyyən olunduğunu təsbit etmişdir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Odur ki, məhkəmə iddia tələbini əsaslı sayır və nəzərə alnmayan iş illərinin də sosial sığorta stajına daxil edilməsini qanuni hesab edir. Nəticədə iddiaçının güzəştli şərtlərlə pensiya təyini üçün gərəkli olan 25 il ümumi iş stajı tamamlanmış olur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC-nin Gəncə «Gəncə Gil-Torpaq» İstehsalat Sahəsinin 1 saylı Gil- Torpaq sexində işlədiyi 1986-cı ilin sentyabr, 1990-cı ilin noyabr, 1992-ci ilin dekabr, 1993cü ilin aprel, 1995-ci ilin mart, aprel, 1996-cı ilin mart, aprel və avqust, 1997-ci ilin may, noyabr və dekabr ayları sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev