Məhkəmə qərarları › İş №2-1(114)-1338/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1338/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1338/2023 13.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X10) texniki pasportun ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X5 adına tərtib edilmiş, 28 iyul 2000-ci il tarixli, 000793 №li texniki pasportun hazırlanması hərəkətlərinin qanunsuz hesab edilməsi və 28 iyul 2000ci il tarixli, 000793 №-li texniki pasportun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kirovabad şəhər İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli qərarı ilə Gəncə səhəri, Yevlax şossesinin kənarında 0.5 ha torpaq sahəsi ayrılaraq, X20 6 saylı yanacaq doldurma məhkəməsi kimi tikilmişdir. Müstəqilliyin ilk illərində ölkədə yanacaq iki üsulla, yəni nağd və talonla satıldığı zaman X21 Bazasının müdirinin əmri əsasında 6 saylı YDM üçün ayrılmış 0.5 ha torpaq sahəsinin Gəncə-Yevlax şossesi istiqamətində yolun kənarına bir budka qoyulmaqla formal xarakter daşıyan 6 «A» YDM-si yaradılmışdır. Bütün yanacaq satışları 6 saylı YDM-də həyata keçirilsə də, guya talonla yanacaq 6A saylı YDM-də satılması nəzərdə tutulmuşdur. 6A saylı YDM kimi göstərilən X7 nə yanacaq paylayan kalonkası, nə də ki, hər-hansı bir tikilisi olmamışdır. 6A saylı X13 formal olaraq yaradıldığından, sadəcə bir putkadan ibarət olmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən X23 məxsus olmuş 6 saylı X13nə aid tərtib olunmuş xx.xx.1999-ci il tarixli, 001226 nömrəli texniki pasportdan yuxarıda göstərilən faktlar öz təsdiqini tapır. Belə ki, xx.xx.1999-ci il tarixli, 001226 nömrəli texniki pasportda 6 saylı X13nə aid tikililərin, torpaq sahəsinin texniki parametrləri və 6A kimi göstərilən yanacaq doldurma məntəsinin sərhədləri göstərilmişdir. 1998-ci ildə Gəncə şəhər sakini Süleymanov Qənbər mülkiyyətində olan, Gəncə şəhər, Nəriman Nərimanov prospekti, Gəncə-Yevlax şossesində yerləşən 6 saylı YDM-ni satmaq istədiyini bildirdi. Həmin vaxtı Qənbər Seleymanov 6 saylı YDM-nin yerləşdiyi torpaq sahəsini özündə əks etdirən, X23 verilmiş, 06 iyul 1996-cı il tarixli 6 saylı YDM-nin Texniki pasportunu, Texniki pasportdakı planda göstərilən 0.5 hektarda torpaq sahəsində yerləşməsini, 1965-ci il tarixdə Gəncə şəhər İcraiyyə Komitəsinin qərarı əsasında tikildiyini bildirdi. Texniki pasportdakı göstərilən sxema üzrə çənlər, operator otağı, su hovuzu harada yerləşməsi göstərilmişdir. Sonra isə yolun qırağında olan 6a YDM-si yazılmış budkanı göstərərək bildirdi ki, 1994-cü il tarixdə X22 Bazasının rəhbərliyinin əmri ilə 6 saylı YDM-nin torpaq sahəsində 6a saylı YDM adlı budkanın qoyulmasına səbəb, həmin dövrlərdə Azərbaycan Respublikasında YDM-də dövlət avtomobillərinə yanacağın "talonla" satıldığı və nağd şəkildə şəxsi adamlara yanacaq satılması qanunla müəyyən olunması olmuşdur. Yuxarıda göstərilən səbəbə görə, 1994-cü il tarixdən X20 rəhbərliyi 6 №-li YDM-nin torpaq sahəsini şərti olaraq iki hissəyə ayırıb. 1965-ci ildə X21 Bazasının tikdiyi Gəncə şəhər N.Nərimanov prospektindəki 6 saylı YDM-nin 0.5 ha torpaq sahəsindəki ərazisindən 7 kv.m ayrılması haqda əmr verərək, 6a №-li YDM-si yaradır, Gəncə-Yevlax şossesində paralel 1 ədəd budka qoyulur, 7 kv.m torpaq sahəsinin 6а YDM-nin balansına verilir. 6а YDM-si Dövlət əmlakı halında X20 YDM-si kimi qeydə alınsa da, faktiki olaraq fəaliyyət göstərməmişdir. Azərbaycan Respublikasında dövlət əmlaklarının özəlləşməsi prosesləri başlayan zaman Gəncə şəhər 6a №-li YDM-ni səlahiyyətli şəxsi X11 ilə Azərbaycan Respublikası Döviət Əmlak Komitəsinin nümayəndəsi X15 arasında bağlanmış 15 iyul 1996-cı il tarixli, № 134" saylı alqı-satqı müqaviləsi əsasında X11 müəssisəni alır. X11 18 noyabr 1996-cı il tarixdə "xxxx" Firmasını təsis edir. Qənbər Süleymanov YDM-lərin Texniki Pasportlarını iddiaçıya təqdim edən zaman 6 №-li YDM-in və 6a №-li YDM-in sərhədlərini naturada ona göstərmişdir. Beləliklə, iddiaçı YDM-ni Qənbər Süleymanovdan almağa razılılaşaraq, Qənbər Süleymanova beh vermiş, notariat ofisinə gedərək alqı-satqı müqaviləsini bağlamışlar. İddiaçı Prokurorluq orqanlarında işlədiyi üçün 6a saylı YDM-ni bacısı X5 adına 1 №-li notariat kontoruna gedib alqı-satqısına imza etməsini Qənbər Süleymanovdan xahiş etmişdir. 22 dekabr 1998-ci il tarixdə Gəncə şəhər 1 №-li notariat kontorunda Qənbər Süleymanov, "xxxx" firmasının təsisçiləri Novruzov V., Süleymanov C. və Məmmədov A. 6a saylı YDM-i Pərvanənin adına satılması barədə "Müqavilə" imzalamışlar. Hər iki YDM-nin dəyərini Qənbər Süleymanova ödəsə də, 6 saylı YDM-nin hüquqmüəyyənedici və mülkiyyət sənədləri Süleymanov Qənbərin adında saxlanılmışdır. Qənbər Süleymanova YDM-nin pulunu ödədikdən sonra iddiaçı İcra hakimiyyətindən müvafiq icazə sənədləri almadan, 6 №-li YDM istifadəsində olan 0.5 ha torpaq sahəsində bütün yeraltı çənləri çıxardaraq, yeni çənlərlə əvəzləmi, YDM-nin formasını dəyişərək, yeni YDM-si inşa etdirmişdir. 6 №-li YDM-nin 1965-ci ildə tikilən ofis binasını (texniki pasportda göstərilən) yerində saxlayaraq, yeni ofis binası və çardaq inşa etdirmişdir. Bildirir ki, 6 №-li YDM-nin yerləşdiyi torpaq sahəsi, hal-hazırdakı yerləşdiyi torpaq səthindən 1-2 metr çökəkdə idi. İddiaçı həmin sahəyə torpaq verərək, 6 saylı YDM-i indiki vəziyyətə gətirmişdir. 2016-ci ildə Qənbər Süleymanova müraciət etmişdir ki, 6 №-li YDM-nin mülkiyyət sənədini onun adına keçirsin. Qənbər Süleymanov heç bir etiraz etməyərək, 6 saylı YDM-nin hüquqmüəyyənedici sənədlərini və etibarnaməni iddiaçıya verdi ki, nə vaxt istəsə öz adına keçirsin. xx.xx.2017-ci il tarixdə 6 saylı YDM-ni öz adına sənədləşdirərək çıxarış və texniki pasportunu almışdır. YDM-nin yerləşdiyi və ərazidə olan torpaq sahəsi bələdiyyə ilə bağlanmış icarə müqaviləsi əsasında iddiaçının istifadə və sahibliyindədir. Bundan bir müddət sonra iş üzrə cavabdehdən tələb etmişdir ki, 6a saylı YDM-ni də onun adına keçirsin. Cavabdeh tələbini dolayısı ilə rədd etmiş, bu səbəbdən arada narazılıqlar yaranmağa başlamışdır. Bundan sonra cavabdeh iddiaçıya qarşı məhkəmədə iddia qaldıraraq 6 saylı YDM-ni də ondan almaq niyyətinə düşdü. Məhkəmə araşdırması zamanı məlum oldu ki, cavabdeh 6a saylı YDM-nə aid xx.xx.2002-ci il tarixli Şəhadətnamə alan zaman köhnə tarixə, yəni 28 iyul 2000-ci il tarixə 000793 №-li YDM texniki pasport da hazırlatmışdır. Qeyd edilən texniki pasportda YDM-nin nömrəsi göstərilməsə də, ona məxsus olan 6 saylı YDM-nin tikililəri və istifadəsində olan torpaq sahəsi 6a saylı YDM-nin tikililəri kimi göstərilmişdir. Bu səbəbdən 28 iyul 2000-ci il tarixli, 000793 №-li texniki pasportun hazırlanması qanunsuz hesab edilməli və ləğv edilməlidir. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında iddianı qəbul etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçıya və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 06 iyul 1996-cı il tarixli texniki pasportdan görünür ki, Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən X7 sahibkarı qismində X22 Bazası qeyd edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1998-ci il tarixli Müqavilədən görünür ki, X12 və digərləri Dövlət Əmlak Komitəsinin 2/516 nömrəli şəhadətnaməsinə əsasən onlara məxsus Gəncə şəhəri, Yevlax şossesində yerləşən 6A nömrəli Yanacaq Doldurma X1 satmışdır. -surəti işə əlavə edilmiş 28 iyul 2000-ci il tarixli, 000793 №-li texniki pasportdan görünür ki, Gəncə şəhəri, Yevlax şossesində yerləşən ümumi sahəsi 411,3 kv.m olan X7 balans saxlayıcısı və ya mülkiyyətçisi qismində X10 qeyd edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2002-ci il tarixli, 002043 nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Gəncə şəhəri, Yevlax şossesində yerləşən 6 « a » saylı Yanacaq Doldurma X2 xüsusi mülkiyyətindədir. -surəti işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, əncə şəhəri, Yevlax şossesində yerləşən 6A saylı Yanacaq Doldurma X4 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə yüklü edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 19 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, xx.xx.2020 -ci il tarixli, 31 nömrəli sərəncama əsasən İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icarəyə verdiyi Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax şossesi ünvanındakı qeyri-yaşayış binasının (6 saylı YDM) yerləşdiyi 4220.0 kv.m torpaq sahəsi icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən X12 və digərləri Dövlət Əmlak Komitəsinin 2/516 nömrəli şəhadətnaməsinə əsasən onlara məxsus Gəncə şəhəri, Yevlax şossesində yerləşən 6A nömrəli Yanacaq Doldurma X1 satmışdır. Həmçinin, həmin X13 ilə bağlı tərtib edilmiş 28 iyul 2000-ci il tarixli, 000793 №-li texniki pasportda balans saxlayıcısı və ya mülkiyyətçisi qismində X10 qeyd edilmişdir. Bundan əlavə, Gəncə şəhəri, Yevlax şossesində yerləşən 6A saylı X13 xx.xx.2002-ci il tarixli, 002043 nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən X5 xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehə müraciət edərək X5 adına tərtib edilmiş 28 iyul 2000-ci il tarixli, 000793 №-li texniki pasportun ləğv edilməsini tələb etsə də, cavabdeh onun müraciətini cavablandırmamışdır. İddiaçı isə üçüncü şəxsin adına verilmiş həmin texniki pasportun onun hüquqlarını pozduğunu iddia edərək ləğv edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -7.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. İşdə olan sübutlarla təsdiq olunur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax şossesi ünvanındakı qeyri-yaşayış binasının (6 saylı YDM) yerləşdiyi 4220.0 kv.m torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı icarəyə verilmişdir. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının icarəsində olması Gəncə şəhəri, Yevlax şossesində yerləşən 6A saylı X13 ilə bağlı tərtib edilmiş 28 iyul 2000-ci il tarixli, 000793 №-li texniki pasportun ləğv edilməsi üçün əsas ola bilməz. Hazırki tələbin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən və iddiaçı bununla bağlı mötəbər sübut təqdim etmədiyindən iddia əsaslı sayıla bilməz. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı texniki pasportun ləğv edilməsi tələbi barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar