Məhkəmə qərarları › İş №2-1(114)-1339/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1339/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1339/2022 14.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 0,13 ha torpaq sahəsinə dair üçüncü şəxsə verilmiş çıxarışın ləğv olunması və həmin torpaq sahəsinə dair iddiaçıların adına çıxarışın verilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı üçüncü şəxsin tam mülkiyyətində reyestrdə qanunsuz qeydə alınmış Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 0,13 ha torpaq sahəsinə dair mülkiyyət qeydini və buna dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv olunmasını və həmin torpaq sahəsinə dair onlara çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar islahat Komissiyasının 1998 ci il 31 avqust tarixli 53 saylı Qərarı ilə Şəmkir rayonu Çənlibel kəndində 0,13 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. Buna dair mülkiyyət haqqında onlara şəhadətnamə verilmişdir. 13 iyul 1998 ci il tarixli alqı-satqı müqaviləsinə əsasən torpağın üzərində yerləşən 42,5 kv.m yaşayış evini X2 da torpaq sahəsini satmamışlar və həmin vaxtdan hal-hazıra kimi mülkiyyətlərindədir. İddiaçıların torpağa dair mülkiyyət hüquqlarına qəsd edilərək torpaqları üçüncü şəxsin adına qeydiyyatı aparılaraq çıxarış veriblər. Belə ki ər- arvad arasında olan məhkəmə qətnaməsinin icrası zamanı evə dair ½ hissədə qətnaməni icra etmək əvəzinə hansısa maraqdanmı, yoxsa texniki səhv nəticəsində mülkiyyətilərində olan 0,13 ha torpaq sahəsi Şahmalı Bayramovun adına qeydə alınıb. DƏK-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə rəsmi müraciət edərək onların mülkiyyət hüququnun bərpa olunaraq 0,13 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini xahiş etmişlər və idarə tərəfindən müraciətlərinə 04 mart 2022 ci il tarixli məktubla bildirilmişdir ki, o zaman evi üçüncü şəxsə satmaları elə torpağı da satdıqları anlamı kimi düşünmüş və ona görə üçüncü şəxsin adına rəmiləşdirmişlər. Ona görə də çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Şəmkir rayon 2 saylı Dövlət Notariat Kontorunun 13 iyul 1998 ci il tarixli alqı-satqı müqaviləsi əsasında Şəmkir rayonu,Çənlibel kəndində yerləşən 1961 ci ildə tikilmiş əmlakı, yəni 42,5 kv.m yaşayış evini üçüncü şəxsə satıblar. Həmin alqı-satqı müqaviləsində də ev göstərilib, torpaq sahəsi göstərilməyib. Torpaq sahəsi heç vaxt satılmayıb və ləğv edilməmiş və hazırda da qüvvədə olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətindədir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04.03.2022-ci il tarixli, **********43 nömrəli məktubundan görünür ki, Şəmkir rayon məhkəməsinin 09.04.2021-ci il tarixli, 2(076)-1012/2021 saylı qətnaməsi ilə X3 adına qeyd edilmiş Şəmkir rayonu Çənlibel kəndində yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə olunan əmlak hesab edilməsi və həmin evin ½ hissəsinə Bayramova Səlmi Baxış qızının mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmışdır. Qeyd edilən qətnamə üzrə Bayramova Səlmi Baxış qızının adına Şəmkir rayonu Çənlibel kəndində yerləşən fərdi yaşayış evi ½ hissəsinə Səlmi Bayramovanın mülkiyyət hüququnun tanınmış və 03.12.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Şəmkir rayonu Çənlibel kəndində yerləşən fərdi yaşayış evi 13.07.1998-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1. Lakin sonradan müəyyən olunmuşdur ki, Şəmkir rayon Aqrar Komissiyasının 31.08.1998-ci il tarixli, 53 saylı qərarı ilə digər şəxsin adına JN-296F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03.12.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ev ½ hissədə X4, ½ hissədə isə X3 adına, evin yerləşdiyi torpaq sahəsi isə X3 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədəçatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Bu mənada, hazırkı iş üzrə iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 0,13 ha torpaq sahəsinə dair üçüncü şəxsə verilmiş çıxarışın ləğv olunmasını və həmin torpaq sahəsinə dair iddiaçıların adına çıxarışın verilməsi tələbi ilə çıxış etmişdir. İşin hallarından müəyyən olunur ki, üçüncü şəxsin adına 0,13 ha torpaq sahəsinə dair mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış müvafiq olaraq tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında verilmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair məlumatı özündə əks etdirən çıxarış inzibati akt deyildir. Müvafiq olaraq onun ləğv edilməsinə dair inzibati iddia da mümkün sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinin tələblərinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş vəünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Sözügedən maddi hüquq normasından göründüyü kimi, inzibati aktın spesifik əlamətləri mövcuddur ki, bunlardan biri də onun ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşıması ilə bağlıdır. Qeyd olunmalıdır ki, inzibati aktın əsas funksiyası onun qəbul edilməsi ilə inzibati idarəçilik qarşısında duran məqsədlərə nail olmaq və vəzifələri yerinə yetirmək üçün inzibati hüquq münasibətinə göstərilən nizamasalma təsirindən ibarətdir. İnzibati akt qəbul edilərkən həmin aktda müəyyən edilən normalar ilk növbədə publik idarəçiliyəöz təsirini göstərir və onu nizama salmağa xidmət edir. Bu zaman cəmiyyətin, dövlətin və vətəndaşın maraqlarının müdafiəsinə xidmət edən inzibati idarəçilik inzibati orqanların məhz publik vəzifələrindən irəli gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 13-cü maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. İddia tələbindən məlum olduğu kimi iddiaçıların hüquqi marağı çıxarışın verilməsinə əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin mübahisələndirilməsidir. Yəni, iddiaçılar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil edən sənədləri mübahisələndirməlidir. Hazırkı halda isə o, hüquqi marağına uyğun olmayan iddia qaldırdığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 3cü bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli Qərarına görə, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 17-ci bəndinin yeni redaksiyasında qeyd olunmuşdur ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar X7 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 0,13 ha torpaq sahəsinə dair üçüncü şəxsə verilmiş çıxarışın ləğv olunmasını və həmin torpaq sahəsinə dair iddiaçıların adına çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci və 80-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 0,13 ha torpaq sahəsinə dair üçüncü şəxsə verilmiş çıxarışın ləğv olunmasını və həmin torpaq sahəsinə dair iddiaçıların adına çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçılara izah edilsin ki, hazırki tələb ilə yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət edə bilər. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar