Məhkəmə qərarları › İş №2-1(114)-1339/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1339/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1339/2025 10.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “DSMF publik hüquqi şəxsin 18 saylı ərazi filialının xx.xx.2021-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında **********9 nömrəli qərarının ləğv edilməsi və iddiaçıdan tutulmuş 1998 manat pul vəsaitinin cavabdehdən alınaraq qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: •İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Babək küçəsi, ev 7 ünvanda yaşayır. •Maraqlı şəxs xx.xx.2011-ci il tarixdə Göygöl rayonun anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində 1576 nömrəli akt qeydi tərtib edilmiş, ata qrafasında X5, ana qrafasında iddiaçı qeyd olunmuşdur. •Maraqlı şəxs Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinədən sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək ümumi xəstəlik səbəbi ilə sağlamlıq imkanı məhdud uşaq kimi əlillik təyin edilmişdir. •Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemindən çıxarışa əsasən xx.xx.2019-cu il tarixli, 946674 nömrəli ərizə əsasında Maraqlı şəxs xx.xx.2019-xx.xx.2029 dövr üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilmişdir. •Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 42-3779 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək 150 manat məbləğində sosial müavinət təyin edilmişdir. •Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə "xxxx" QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma həyata keçirilmiş və rəsmişləşdirilmiş göndərişlərin əsaslılığı yoxlanılaraq aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində vətəndaşa dair Tibbisosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2021-ci il tarixində ləğv olunmuşdur. Növbəti dəfə vətəndaşa dair dövlət tibb müəssisəsi tərəfindən 0481003AAB7A nömrəli göndəriş rəsmiləşdirilmşdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. •Sonuncu dəfə Maraqlı şəxs dövlət tibb müəssisəsinin 0481003AAB71 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində təkrar qiymətləndirilmiş və 18 yaşınadək (18 yaşının tamam olması ilə əlaqədar xx.xx.2029-cu il tarixinədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. •Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemindən çıxarışa əsasən xx.xx.2022-ci il tarixli, ******* nömrəli ərizə əsasında Maraqlı şəxs xx.xx.2021-xx.xx.2029 dövr üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilmişdir. •DSMF publik hüquqi şəxsin 18 saylı ərazi filialı iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli bildirişində qeyd etmişdir ki, araşdırma zamanı Əlillik altsistemində Maraqlı şəxs müəyyən olunmuş əlilliyin müddətinin xx.xx.2019-cu il tarixə etibarsız hesab edilməsi məlum olmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək 4.773,33 manat artıq vəsait ödənilmişdir. Artıq ödənilmiş vəsaitin 10 gün müddətində dövlət büdcəsinə bərpa olunması iddiaçıdan xahiş edilmiş, əks halda məhkəmə orqanına müraciət ediləcəkdir. •DSMF publik hüquqi şəxsin 18 saylı ərazi filialının xx.xx.2021-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında **********9 nömrəli qərarı ilə iddiaçıya (FİN xxxxxxx) tərəfindən 4773.33 manat vəsaitin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə hesaba ödənilmədiyindən vəsaitin bərpası icraya yönəldilməsi qərara alınmışdır. Qərarın sonunda qərardan bu qərarın alındığı vaxtdan 3 ay müddətində birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsilə yuxarı orqana və ya 30 gün müddətində məhkəməyə şikayət verilə bilməsi qeyd olunmuşdur. •Qərarın məzmununda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı (FİN xxxxxxx) xx.xx.2011-cu il təvəllüdlü övladı Maraqlı şəxs 18 yaşadək sağlamlıq imkanları məhdud əlilliyinə görə xx.xx.2019-ci il tarixdə sosial müavinət və xx.xx.2019 - cu il tarixdən 18 yaşadək sağlamlıq imkanları məhdud əlil uşaqlara qulluğa görə prezident təqaüdü təyin edilmişdir. TSERAS-da əlillik müddətinin bitməsinə baxmayaraq SİM uşağa qulluğa görə Prezident təqaüdü artıq ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına Maraqlı şəxs xx.xx.2019-cu il tarixə müddəti bitmişdir. xx.xx.2021-ci il tarixdə 18 yaşadək sağlamlıq imkanları məhdud əlilliyinə görə sosial müavinət və 18 yaşadək sağlamlıq imkanları məhdud əlil uşaqlara qulluğa görə prezident təqaüdü dayandırılmışdır. xx.xx.2019-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3580.00 manat sosial müavinət və 1193.33 manat qulluğa görə Prezident təqaüdündən artıq vəsait yaranmışdır. Nəticədə 4773.33 manat artıq ödəmə yaranmışdır. Yaranmış 4773.33 manat vəsaitin Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı Regional ərazi filialının hesabına qaytarılması haqda cavabdeh vətəndaş Mirzəyeva llahə Elman qızına (FİN xxxxxxx) **********9 saylı bildiriş göndərilmişdir. Lakin artıq ödənilmiş 4773.33 manat məbləğin bərpası təmin edilməmişdir. •Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-8772/2025 nömrəli məktubuna əsasən artıq ödənilmiş vəsaitin qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********9 nömrəli bildiriş Fondun 18 saylı ərazi filialı tərəfindən ünvanlanmışdır. Eyni zamanda müavinət işinin tərkibində bildirişin İddiaçı çatdırılmasını təsdiq edən sənəd və onun razılığının alınması barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-3218/2025 nömrəli xidməti məktubuna əsasən tərəflərindən artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı hər hansı inzibati icraat aparılmamış, vətəndaşa bildiriş ünvanlanmamış və artıqödənilmiş vəsaitin qaytarılmasına dair iddiaçının razılığının alınıb-alınmaması ilə əlaqədar hər hansı tədbir görülməmişdir. •DSMF publik hüquqi şəxsin 18 saylı ərazi filialının xx.xx.2021-ci il tarixli qərarına dair icra sənədi xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə daxil olmuşdur. xx.xx.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmış, borcluya 5 gün müddətində icranı könüllü olaraq təmin edilməsi təklif olunmuş, bu barədə 49924/2022- 21-39-004 nömrəli bildiriş iddiaçıya göndərilmişdir. •Gəncə şəhəri üzrə İcra İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda iddiaçıdan şəxsiyyətini təsdiq edən sənədlə birlikdə İdarəyə gəlib icra sənədi üzrə tələbi təmin edilməsi tələb olunmuşdur. •Gəncə şəhəri üzrə İcra İdarəsi iddiaçının işlədiyi X1 İdarəsinə xx.xx.2024-cü il tarixli, İ.Z-49924/2022 nömrəli məktub ünvanlayaraq “İcra haqqında” Qanunun 45,63 və 65.1-ci maddələrinə əsaslanaraq, icra sənədinin icrasını təmin etmək məqsədilə 4.773,33 manat tutulub qurtaranadək iddiaçının aldığı əmək haqqının 50%-ə yönəldilərək ƏƏMN tabeliyində DSMF-nun məktubuna əlavə edilmiş bank hesabına köçürülməsini xahiş etmişdir. •Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurları İlkin Zeynalov, İlkin Qədimov, Aygün Tağıyeva tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta əsasən DSMF 18 saylı ərazi filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli icra sənədi üzrə borclunun həyat yoldaşı kimi özünü təqdim edən şəxs onlara ünvanlanmış xəbərdarlığı poçt vasitəsilə aldığını və yoldaşının əmək haqqına yönələn pulun nə ilə bağlı olduğunu öyrənmək üçün gəldiyini qeyd etdi. Ona icra sənədi barədə məlumat verildikdən sonra yoldaşına çatdırmaq üçün bildiriş və xəbərdarlıq verildikdə imzalayarq götürməkdən imtina etdi. •İddiaçı xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə X10 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə -cavabdeh) müraciət edərək övladı Maraqlı şəxs əlilliyinin ləğvi ilə əlaqədar xx.xx.2021-ci il tarixli gələn bildirişinə əsasən xx.xx.2021-ci il tarixində əlilliyin yenidən bərpa edilmişdir. Övladının əlilliyinin hal-hazırda qüvvədə olmasına baxmayaraq Gəncə şəhəri üzrə İcra İdarəsindən onun adına bəzi öhdəliyinin artıq ödənilmiş vəsaitin olması barədə xəbərdarlıq gəlmişdir. İddiaçı xahiş edir ki, övladının əlilliyinin qüvvədə olması və adına heç bir borc olmadığı barədə icra idarəsinə təqdim etmək üçün qeyd olunan ünvana zərurui məlumat göndərilsin. •Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/1-M-138199/2024 nömrəli Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə qərarında qeyd edilmişdir ki, vətəndaşın övladı Maraqlı şəxs sağlamlıq imkanları məhdudluğu əlillik alt sistemində xxxxxxx0004 nömrəli aktda diaqnozun mətni bölməsində anadangəlmə lal-kar təyin edildiyi üçün xxxxxxx0004 nömrəli müayinə aktı etibarsız edilməsi ilə bağlı uyğunsuzluq aşkar edilmişdir. Bu səbəbdən TERAS-a sorğu göndərilib və sorğunun nəticəsinə uyğun qərar veriləcəkdir. •Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-152064/2024 nömrəli məktubunda bildirmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) "Sosial ödənişlər" altsistemində olan məlumatlara əsasən övladınız Maraqlı şəxs xx.xx.2019-cu il tarixindən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət, iddiaçıya isə həmin tarixdən ona qulluğa görə Prezident təqaüdü təyin edilib. MElS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən Maraqlı şəxs xx.xx.2019-cu il tarixindən xx.xx.2029-cu il tarixinədək müəyyən edilmiş əlilliyi etibarsız edildiyi üçün ona təyin olunmuş sosial müavinətin və iddiaçıya uşağa qulluğa görə təyin edilmiş Prezident təqaüdünün ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. MElSin "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında Maraqlı şəxs xx.xx.2021-ci il tarixindən xx.xx.2029-cu il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilib. Müvafiq olaraq ona xx.xx.2021-ci il tarixindən proaktiv qaydada sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara sosial müavinət, iddiaçıya isə həmin tarixdən Maraqlı şəxs qulluğa görə Prezident təqaüdü təyin olunub. Hazırda ödənişləri davam etdirilir. Müraciətinizlə əlaqədar olaraq bildirilmişdir ki, Maraqlı şəxs əlilliyi barədə məlumatların dəqiqləşdiriməsi məqsədilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndəriləcəkdir. Sözügedən sorğu cavablandırıldıqdan sonra müraciətinizə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. •Cavabdeh xx.xx.2024-cü il tarixdə 3-17-1/3-1-60777/24 nömrəli məktubla Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərərək Maraqlı şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyin olub-olmaması və zəruri hesab olunarsa “Əlillik” altsistemində müvafiq düzəliş edilərək məlumat verilməsini xahiş etmişdir. •Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17/1-19119/2024 nömrəli qərarı ilə iddiaçıya sosial ödənişin təyin edilməsindən imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olan xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-18335/2024 nömrəli məktuba əsasən Maraqlı şəxs xxxxxxx0004 nömrəli müayinə aktı etibarsız edildiyi üçün xx.xx.2019-xx.xx.2021-ci il tarixədək Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə müavinət işi üzrə artıqvermə müəyyən edilmişdir. Vətəndaşa rəsmi məlumat verilsin. •X1 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-24-8/2-270/2025 nömrəli məktubuna əsasən iddiaçının əmək haqqından tutularaq DSMF publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının hesabına 2024-cü və 2025-ci illər üzrə ödənilmiş tutulmanın yekun məbləği 1998 manatdır. xx.xx.2024 tarixdə 542 manat, xx.xx.2024 tarixdə 401 manat, xx.xx.2024 tarixdə 401 manat, xx.xx.2025 tarixdə 401 manat, xx.xx.2025 tarixdə 253 manatdır. Bu barədə təqdim edilmiş ödəniş tapşırıqlarında vəsaiti alan Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, hesab nömrəsi AZ26CTRE********************, VÖEN ********** kimi qeyd edilmişdir. Məhkəmə mübahisəsi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı xx.xx.2024-cü il tarixdə (poçta təqdim edildiyi tarix) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “DSMF publik hüquqi şəxsin 18 saylı ərazi filialının xx.xx.2021-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında **********9 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə X10 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3919/2024 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Daha sonra iddiaçı tələbin həcminin artırılması barədə ərizə təqdim edərək əlavə olaraq iddiaçıdan tutulmuş 1998 manat pul vəsaitin cavabdeh tərəfindən qaytarılması barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, DSMF publik hüquqi şəxsin 18 saylı ərazi filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı əsassızdır. Belə ki, xx.xx.2011-ci ildə anadan olmuş övladı X2 18 yaşınadək sağlamlıq imkanları məhdud əliliyə görə xx.xx.2019-cu il tarixdə sosial müavinət və iddiaçıya xx.xx.2019-cu il tarixdən 18 yaşadək sağlamlıq imkanları məhdud əlil uşaqlara qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı bildirir ki, bu qərarla guya əlillik müddətinin bitməsinə baxmayaraq uşağa qanuna görə ona artıq Prezident təqaüdü ödənilmişdir. Bundan əlavə qərarda göstərilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin sonuncu müayinəyə dar məlumatına əsasən iddiaçının qızına ödənilən sosial müavinətin müddəti xx.xx.2021-ci ildə bitmişdir. xx.xx.2021-ci il tarixdə 18 yaşınadək sağlamlıq imkanları məhdud əlil uşaqlara qulluğuna görə Prezident təqaüdü dayandırılmışdır. Guya bu müddət ərzində xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 3580.00 manat sosial müavinət və 1193.35 manat qulluğa görə Prezident təqaüdündən artıq vəsait yaranmışdır. Nəticədə 4773.33 manat artıq ödəmə yaranmışdır. Göstərilib bu məbləğ tələb edilir. İddiaçı qeyd edir ki, iddiaçının qızının sosial arayışı ilə ona sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara ödənilən müavinətin ödənilmə müddəti 23 dekabr 2029-cu ildə bitir, uşağın xəstəliyi də ümumi xəstəlikdir. Bildirir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına 03 iyul 2024-cü ildə etdiyi müraciəti ilə bağlı cavab vermişdilər ki, MEİS-in "əlillik" altsismetində xx.xx.2021-ci il tarixdən xx.xx.2029-cu il tarixə kimi sağlamlıq imkanları məhdud xx.xx.2021-ci il tarixdə xx.xx.2029-cu il tarixə kimi müəyyən edilib. Müvafiq olaraq iddiaçı xx.xx.2021-ci il tarixdən praktiv qaydada sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət iddiaçıya da həmin tarixdən qanuna görə Prezident təqaüdə təyin olunub. Belə olan halda ondan ödənilmiş pulun tələb edilməsinin hüquqi əsası yoxdur. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2024-cü il tarixli, 3-17-1/2-305718/2024 nömrəli iddianın mümkün sayılmaması barədə ərizə təqdim etmişdir. Ərizədə işin faktiki halları təkrarlanmış və bildirilmişdir ki, sözügedən qərar iddiaçıya göndərilmiş, lakin iddiaçı tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə qərar mübahisələndirilməmişdir. Məhz qərarın mübahisələndirilməsi müddəti iddiaçı tərəfindən ötürüldüyündən hesab edir ki, onun iddiası əsassızdır və mümkün hesab edilməməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddiaçının 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar ayları üzrə tutmaların onların hesabına köçürülsə də, 253 manat ödənişin hesablarına daxil olmadığını, şifahi formada mühasibatlıq ilə əlaqə saxlayaraq həmin 253 manat ödənişin geri qaytarılması barədə məlumat verildiyini bildirmişdir. Sonuncu məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırkı iş üzrə tutulmuş məbləğin qaytarılması halı olmamışdır. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. İşin hallarına görə, iddiaçının xx.xx.2011-cu il təvəllüdlü övladı Maraqlı şəxs 18 yaşadək sağlamlıq imkanları məhdud əlilliyinə görə xx.xx.2019-ci il tarixdə sosial müavinət və iddiaçıya isə xx.xx.2019 - cu il tarixdən 18 yaşadək sağlamlıq imkanları məhdud əlil uşaqlara qulluğa görə prezident təqaüdü təyin edilmişdir. Sonralar, iddiaçının övladının əlilliyi xx.xx.2021-ci il tarixində ləğv olunmuş, bundan sonra əlilliyə görə ödənilən müavinət və təqaüd xx.xx.2021-ci il tarixində dayandırılmışdır. Bundan sonra Maraqlı şəxs əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində təkrar qiymətləndirilmiş və xx.xx.2029-cu il tarixinədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir Əlillik etibarsız hesab edilən zaman DSMF Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın məzmununda iddiaçıya pulun könüllü qaydada qaytarılması barədə bildiriş göndərildiyi, lakin əsasən iddiaçı tərəfindən 4.773,33 (3.580,00 manat sosial müavinət, 1193,33 manat qulluğa görə Prezident təqaüdü) manat vəsaitin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə hesaba ödənilmədiyindən vəsaitin bərpası icraya yönəldilmişdir. (Dövlət Sosial Müdafiə Fondun xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarına əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi Filialları yaradılmış və onların əsasnamələri təsdiq edilmişdir. Həmin əsasnamələrə əsasən rayon filialların səlahiyyətləri Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının səlahiyyətinə verilmişdir). Hazırda iddiaçının məqsədi artıq tutulma barədə qərarın ləğvi, artıq tutulmuş və ya əvəzləşdirilmiş sosial müavinətin və Prezident təqaüdünün bərpa edilərək geri qaytarılmasıdır. Məhkəmə əvvəl Prezident təqaüdü ilə bağlı aşağıdakıları qeyd edir: xx.xx.2019-cu il tarixdən tətbiq edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 3.5.3-ci bəndinə əsasən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin əlilliyinin müddəti bitdikdə və ya ləğv edildikdə təqaüdün ödənişi dayandırılır. 3.6-cı bənddə qeyd olunur ki, təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır. 3.8-ci bəndinə əsasən təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə təqaüd alan şəxs, təqaüd alan şəxs vəfat etdikdə, qulluq edilən şəxs və ya onun yaxın qohumları Quruma və ya “DOST” mərkəzlərinə 5 (beş) iş günü müddətində məlumat verməlidir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilmiş dövlət orqanlarının elektron informasiya sistemləri və ehtiyatlarından istifadə etməklə Qurum tərəfindən təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi və yaxud düzgün olmayan məlumatların verilməsi nəticəsində artıq təqaüd ödənildiyi aşkar edildikdə, təqaüd alan şəxs artıq ödənilmiş məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nağdsız qaydada Qurumun hesabına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd olunan normalardan görünür ki, əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi ləğv edildikdə ona qulluq edən şəxsə ödənilən təqaüdün ödənişi dayandırılır, əgər artıq ödəniş olmuşsa, həmin vəsait təqaüd alan şəxs tərəfindən könüllü olaraq nağdsız qaydada Şöbənin hesabına geri qaytarılır, geri qaytarmaqdan imtina olunduqda isə yaranmış mübahisəyə məhkəmə qaydasında baxılır. Lakin, iş materiallarından görünür ki, həmin dövrdə səlahiyyətli olan inzibati orqan mübahisələndirilən qərarı və qərarda qeyd edilən bildirişi iddiaçıya göndərilməsini, çatdırılması təmin edilməmiş, mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək əvəzinə, artıq ödəmənin tutulması barədə qərar qəbul edərək qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin iddia etdiyi artıq ödənilmiş sosial müavinətə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: “Sosial müavinətlər haqqında” Qanunun preambulasına görə həmin qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Beləliklə, həmin qanun Göründüyü kimi, bu özündə sosial təminat sistemində sosial müavinət hüququ ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir Hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinin tənzimləməsi altına düşür. Həmin maddədə aşkar olaraq göstərilir ki, artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Eyni zamanda, həmin normada artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılması müəyyən olunmuşdur. Göründüyü kimi qanun cavabdehə artıq ödənilmiş məbləğin qaytarılması üçün konkret prosedur müəyyən etmişdir. Həmin prosedura əsasən inzibati orqan artıq ödəmə ilə bağlı hal aşkar etdiyi təqdirdə bu barədə şəxsi məlumatlandırmalı, artıq ödənilmiş məbləğin geri tutulması ilə bağlı müavinət alan şəxsin razılığı olmadığı təqdirdə, məhkəmədə iddia qaldırılmalıdır. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh inzibati icraatın tələblərini pozmuş, iddiaçının razılığı olmadan artıq ödənişlərin geri qaytarılması ilə bağlı konkret addımlar atmışdır. Həmçinin, mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərar - inzibati akt “İnzibati icraat haqqında” Qanunun 21-ci və 28-ci maddələrinin tələbləri pozulmaqla qəbul edildiyindən qanunsuzdur. Belə ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli, işdə onun iştirakını təmin etməlidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur (21.1, 21.2-ci maddələr). Hazırkı işdə bu, nəinki baş verməmişdir, cavabdeh mübahisələndirilən inzibati aktın qəbulu üçün “İnzibati icraat haqqında” Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla (hazırkı halda, 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;) icraat başlamamışdır. Belə ki, Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır (28.3-cü maddə). Məhkəmə sorğusuna cavab olaraq inzibati orqan özü də etiraf etmişdir ki, iddiaçının sosial müavinət işinə dair sənədlərdə artıq ödənilmiş sosial ödəniş məbləğinin tutulması haqqında iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. Qanunvericiliyə əsasən sosial ödəniş alan şəxsin razılığı olmadığı təqdirdə qeyd edilən məbləğlər məhkəmə qaydasında tutula bilər. Lakin cavabdeh belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Odur ki, cavabdeh qurumun hərəkəti qanunsuz sayılmalı, bununla bağlı qəbul edilmiş inzibati aktlar ləğv edilməli və onun icrasının nəticələri aradan qaldırılaraq tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz filialın xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilməli, iddiaçının əmək haqqından tutulmuş 1.998 manat məbləğində vəsait geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. DSMF publik hüquqi şəxsin 18 saylı ərazi filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilsin. İddiaçı tutulmuş 1.998,00 (bir min doqquz yüz doxsan səkkiz) manat məbləğində vəsaitin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar