Məhkəmə qərarları › İş №2-1(114)-1340/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1340/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1340/2024 19.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkil olan nümayəndəsi X10, cavabdehin nümayəndəsi X11, üçüncü şəxslər X8 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X9, X8 və X3) üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 51 nömrəli qərarı ilə kəndin ərazisində yerləşən 0.91 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X8 və ailə üzvləri X3 və X6 verilmiş, bu barədə xx.xx.1998-ci il tarixli JN-1334 KOD 50411018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.9086 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə X9, X8 və X2 adına qeydə alınmış və həmin tarixdə A № 020763 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəd tərtib edilmişdir.

3. xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və xx.xx.2015-ci il tarixli razılıq ərizəsinə əsasən X9, X8 və X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 51 nömrəli qərarı ilə onlara verilmiş Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.9086 ha torpaq sahəsini İddiaçı satmışlar.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.9086 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə X9, X8 və X2 adına qeydə alınmışdır.

5. Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 31877 nömrəli məktubunda xx.xx.2015-ci il tarixli 4Ə-1187 reyestr nömrəli müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmadığı bildirilmişdir.

6. İddiaçı Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.9086 ha torpaq sahəsinə dair üçüncü şəxslərin adına verilmiş çıxarışın ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2- nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən torpaq sahəsinə dair X4 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bundan başqa, 29 iyun 2004-cü il tarixli 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda da qeyd edilən 0.9086 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi məqsədəmüvafiqdir.

7. Məhkəmənin sorğusuna Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 30 nömrəli cavab məktubunda bildirilmişdir ki, adı gedən 0.9086 ha torpaq sahəsi X5 mülkiyyətindədir və həmin torpaq sahəsinin vergisini vaxtı-vaxtında X8 ödəmişdir. Həmin torpaq sahəsinə hal-hazırda arpa əkilmişdir. Yerə baxış keçirilən zaman sahədə İddiaçı Eynalı qızının nəvəsi X12 orada idi. Onlar həmin şəxsdən xəbər alanda o demişdir ki, həmin sahə nənəsinin torpaq sahəsidir və həmin torpaq sahəsini o əkib-becərir.

8. Məhkəmənin sorğusuna Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-76-11/2-18/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Keçili kənd bələdiyyəsi araşdırma zamanı müəyyən olunmuşdur ki, adı gedən 0.9086 ha torpaq sahəsi X5 mülkiyyətindədir və həmin torpaq sahəsinin vergisini vaxtı-vaxtında X8 ödəmişdir. Həmin torpaq sahəsinə hal-hazırda arpa əkilmişdir. Bələdiyyə tərəfindən yerə baxış keçirilən zaman sahədə İddiaçı Eynalı qızının nəvəsi X12 orada idi. Onlar hmin şəxsdən xəbər alanda o demişdir ki, həmin sahə nənəsinin torpaq sahəsidir və həmin torpaq sahəsini o əkib becərir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X9, X8 və X3) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X9, X8 və X2 adına verilmiş dövlət reyestrində xx.xx.2023-cü il tarixdə **********88 nömrə ilə qeydiyyata alınmış reyestr qeydinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon 1 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-1187 saylı alğı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Keçili kəndində yaşayan X9, X8 və X2 həmin kənd ərazisində yerləşən mülkiyyət hüquqi ilə onlara məxsus olmuş (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarış əsasında) 0.9086 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona satmışlar. Həmin tarixdən hazırkı müddətədək torpaq sahəsi onun istifadəsindədir. Bundan sonra o, yuxarda qeyd olunan alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə dair çıxarış almaq üçün DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə idarədən bildirilmişdir ki, X9, X8 və X3 2023-cü il tarixdə qeyd olunan torpaq sahəsinə dair çıxarış almışlar və bu səbəbdən həmin torpaq sahəsinə görə çıxarış verilməsi mümkün deyil. Cavabdeh idarə qanunsuz olaraq alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə dair üçüncü şəxslərin adına çıxarış vermişdir. Hesab edir ki, həmin torpaq sahəsini qanuni yolla, yəni notariat qaydasında alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Ona görə də cavabdeh idarə tərəfindən üçüncü şəxslərin adına çıxarış qanunsuz verilmiş və qeyd olunanlara əsasən üçüncü şəxslərin adlarına verilmiş xx.xx.2023-cü il tarixdə **********88 nömrə ilə qeydiyyata alınmış reyestr qeydi ləğv edilməlidir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

18. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9, X8 və X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

20. İddiaçının vəkil olan nümayəndəsi X10, cavabdehin nümayəndəsi X11, üçüncü şəxslər X8 və X3 məhkəmə iclasına gəlmiş, digər üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

21. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı vəkil olan nümayəndəsi X10 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

24. Cavabdeh orqanın nümayəndəsi X11 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, mübahisəli torpaq sahəsinin üçüncü şəxslərin adına qeydiyyata alınması həyata keçirilən zaman heç bir qanun pozuntusuna yol verilmədiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir.

25. Üçüncü şəxslər X8 və X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirmişlər ki, 2015-ci ildə Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.9086 ha torpaq sahəsini İddiaçı satsalar da, sonuncu həmin torpaq sahəsinə dair çıxarış almamışdır. Onlar başqa məsələ ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edən zaman oradan bildirmişlər ki, sözügedən torpaq sahəsi hələ də onların mülkiyyətindədir. Bundan sonra onlar sözügedən torpaq sahəsini 2015-ci ildə iddiaçıya çox aşağı qiymətə satdıqları üçün Ərazi İdarəsinə müraciət edərək, yeni elektron çıxarış almışlar. Yəni, torpaq sahəsini iddiaçıya satmaları ilə razılaşmırlar, torpaq sahəsini ondan geri tələb edirlər. Ona görə də, iddianın rədd edilməsini xahiş etdilər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1998-ci il tarixli JN-1334 KOD 50411018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı; - xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - xx.xx.2015-ci il tarixli razılıq ərizəsi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2- imtina məktubu; - Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 31877 nömrəli məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - A № 020763 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Məhkəmənin sorğusuna Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 30 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-76-11/2-18/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsasılıdır və təmin edilməlidir.

28. Belə ki, iş materialları və işin faktiki hallarından müəyyən edilir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 51 nömrəli qərarı ilə kəndin ərazisində yerləşən 0.91 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X8 və ailə üzvləri X3 və X6 verilmiş, bu barədə xx.xx.1998-ci il tarixli JN-1334 KOD 50411018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.9086 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə X9, X8 və X2 adına qeydə alınmış və həmin tarixdə A № 020763 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəd tərtib edilmişdir. Bundan sonra xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və xx.xx.2015-ci il tarixli razılıq ərizəsinə əsasən X9, X8 və X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 51 nömrəli qərarı ilə onlara verilmiş Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.9086 ha torpaq sahəsini İddiaçı satmışlar.

29. Mübahisə predmeti olan 0.9086 ha torpaq sahəsinin İddiaçı satılmasına dair xx.xx.2015-ci il tarixli 4Ə-1187 reyestr nömrəli alqı-satqı müqaviləsinin mövcudluğuna və qüvvədə olmasına baxmayaraq, üçüncü şəxs X8 2023-cü ildə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və nəticədə iddiaçıya satılmış 0.9086 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə X9, X8 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

30. Üçüncü şəxslər mübahisəli torpaq sahəsini 2015-ci ildə sataraq, həmin torpağa dair sahiblik və istifadə hüququnu iddiaçıya vermişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsini iddiaçı əkib-becərməklə, ondan istifadə etmişdir. Lakin iddiaçı torpaq sahəsini əldə etdikdən sonra öz adına dövlət qeydiyyatına aldırmadığı üçün üçüncü şəxslər 2023cü ildə yeni elektron çıxarış almışlar.

31. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sərəncam vermək hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaransa da, sahiblik və istifadə hüququ üçüncü şəxslərlə alqı-satqı müqaviləsi bağlandığı andan yaranmış və faktiki olaraq da sözügedən torpaq sahəsi onun sahibliyində və istifadəsində olmuşdur.

32. Üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı zaman, artıq həmin torpaq sahəsi iddiaçıya satılmışdı və sonuncunun torpaq sahəsinə mülkiyyət hüququnun tərkib hissələri olan sahiblik və istifadə hüququ mövcud idi.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

34. Belə olan halda məhkəmə hesab edir ki, torpaq sahəsinin iddiaçıya satılması barədə alqı-satqı müqaviləsi mövcud olduğundan və qeydiyyat zamanı qüvvədə olduğundan, üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati orqan tərəfindən düzgün aparılmamışdır.

35. Beləliklə, mübahisə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına aparılmış qeydiyyatın əsassız olması ilə bağlıdır və inzibati orqanın həmin aktın rəsmiləşdirilməsi üzrə hərəkətlərindən qaynaqlanır. Daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız aparılmışdırsa və bunun nəticəsində həmin daşınmaz əmlak üzərində hüquqlarına toxunulmuş şəxs əsassız qeydiyyatı mübahisələndirməyə haqlıdır.

36. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

37. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək Xidmətin vəzifələri sırasına daxildir.

38. Beləliklə şərh olunanlardan görünür ki, cavabdeh tərəfindən üçüncü şəxslərin adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə aparılmış reyestr qeydi qanunsuz olmuşdur. Ona görə də iddia tələbi təmin edilməlidir.

39. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.9086 ha torpaq sahəsinə dair X9, X8 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar