Məhkəmə qərarları › İş №2-1(114)-1340/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1340/2025

05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1340/2025 05.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki illər üzrə sosial müavinətin ödənilməsi öhdəyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi və ona xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək verilməmiş sosial müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə anadan olmuşdur. 1988-1990-cı illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1992-ci illərdə könüllü olaraq Tərtər ƏÖMB tərkibində 1992-1996-cı illərdə isə AR SQ-nın tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. xx.xx.2013-cü ildə ona rəsmi qaydada 055094 №-li “Müharibə veteranı” vəsiqəsi verilmiş və həmin tarixdən başlayaraq müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətlərin ödənilməsinə başlanılmışdır. İddiaçı hesab edir ki, xx.xx.2013-cü ildə ona müharibə veteranı vəsiqəsi verildiyinə baxmayaraq xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinət hesablanıb verilməlidir. Məhz buna görə də o, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək ona verilməmiş müharibə veteranları üçün nəzərdə tutulan müavinətlərin ödənilməsi üçün müvafiq göstəriş verilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-8-176601/2024 №-li məktubda 055094 №-li vəsiqənin xx.xx.2013-cü il tarixində verildiyi üçün ona müavinətin həmin tarixdən, yəni vəsiqəni aldığı gündən etibarən təyin edilməsi və yeni qanunvericiliyə əsasən 01 aprel 2019-cu il tarixdən hər ay 80 (səksən) manat olmaqla Prezident təqaüdünün ödənildiyi, həmçinin, xidmət keçdiyi hərbi hissədən arayış alınmasının zəruriliyi bildirilmişdir. Ona görə də, iddiaçı cavabdehin bu hərəkətlərini qanunsuz və əsassız hesab edərək əvvəlki illərin müavinətlərinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə məcburetmə iddiası ilə məhkəməyə müraciət etməli olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-8-176601/2024 nömrəli məktubunun qanunsuz hesab edilməsi və xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək sosial müavinətin hesablanaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət edərək sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və cavablandırılmışdır. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-8-176601/2024 nömrəli imtina məktubuna əsasən, İddiaçı “Veteran vəsiqəsi” xx.xx.2013-cü il tarixdə verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ərizəsində qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşin faktiki hallarına əsasən, iddiaçı H. Əliyev xx.xx.2013-cü il tarixdə 055094 nömrəli veteran vəsiqəsi Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Kommunal nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Müvafiq olaraq iddiaçıya xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin, 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Qeyd olunanlara əsasən vətəndaşa veteran vəsiqəsi verildiyi tarixdən sosial müavinət ödənilir. Vəsiqənin, yeni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçun nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qanunvericiliyin istinad olunan müddəalarına əsasən məhz müharibə veteranı vəsiqəsinin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. İddiaçı güc strukturlarında sığortaolunan olduğundan, həmçinin xx.xx.2007-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə pensiya təyin edilərək ödənildiyindən, həmçinin, iddiaçı cavabdeh orqana müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək ödənilməsi üçün müraciət etdiyindən onun müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət almaq hüququ yaranmır. Buna görə də İddiaçı “əvvəlki illər üzrə sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları İddiaçı barəsində olan pensiya işindən görünür ki, ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı xx.xx.2013-cü il tarixdə 055094 nömrəli Müharibə Veteranı vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək, ona təyin edilmiş müharibə veteranlığı ilə bağlı əvvəlki dövrün, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək ödənilməmiş müavinətin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “ötən dövr üzrə müavinətin təyin edilməsinin mümkün olmaması haqqında” məktubdan görünür ki, ona xx.xx.2019-cu il tarixdən (Prezident təqaüdünün təsis edildiyi tarixdən) 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. İddiaçı güc strukturlarında sığortolunan olduğundan, eyni zamanda Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından əmək pensiyası aldığından ona ərizəsində qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində Prezident təqaüdü alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati-Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli Fərmanı Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə qərara alıram: Böyük Vətən müharibəsi iştirakçılarına - 25 manat;

7. Bu Fərman 01 yanvar 2002-ci il tarixindən qüvvəyə minir. Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli 973 nömrəli Fərmanı

1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. Aylıq müavinətlər: 1.1.7. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmanı

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (İ kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin: 1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən Müharibə Veteranı vəsiqəsi verilmişdir. İddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinət, həmin tarixdə sonra isə Prezident təqaüdü ödənilir. Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən, vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə Böyük Vətən müharibəsi iştirakçılarına - 25 manat məbləğin ödənilməsi qərara alınmışdır. Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli 973 nömrəli Fərmanına görə, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə münasibətdə aylıq müavinətin məbləği 55 manat müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmanından görünür ki, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə münasibətdə aylıq müavinət nəzərdə tutan yarımbənd ləğv edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Qeyd olunan Fərmanların tələblərindən görünür ki, 1 yanvar 2002-ci il tarixdən 1 aprel 2019-cu ilədək müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlər üzrə müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı iddia tələbi ilə iddiaçı ona müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr üzrə müharibə veteranlarına ödənilən sosial müavinətin verilməsini xahiş edir. 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi qanunvericiliyn tələbinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət əmək pensiyası hüququ olmayan şəxslərə verilir. İddiaçı isə xx.xx.2007-ci il tarixdən başlayaraq, həmçinin 2010-2013-cü illərdə yaşa görə əmək pensiyası almışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan dövr üzrə iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar