Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1341/2023 24.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 və vəkili X7, üçüncü şəxs (həm də digər üçüncü şəxs X4 nümayəndəsi) X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10 və X9) daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X10 və X4 adına cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********31-10301 reyestr nömrəli çıxarışın verilməsinə səbəb olmuş qeydin ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus Ağstafa rayonu Yenigün kəndində yerləşən yaşayış evi vardır. Ağstafa Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X4 və X8 ona qarşı "vərəsəlik şəhadətnaməsinin ləğv olunması, qanun və vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Sonradan iddiaçı tərəfindən müddətin bərpası və apellyasiya şikayəti barədə ərizə verilmiş, müddət bərpa olunaraq mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli 2(015)-114/2018 saylı qətnaməsi tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi qərara alınmış, iddia tələbinin Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş JN-126A KOD 50208028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi hissəsində işin icraatına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardadla yanaşı qətnamə də qəbul olunmuş, qətnamədə iddiaçılar X9 və X8 X2 miras qalmış yaşayış evi və 0,06 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin cavabdeh İddiaçı adına, mərhum X1 və mərhum X3 miras qalmış yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin X4 və X8 adına verilməsinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-681/2020 saylı qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişlər və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4296/2020 saylı Qərarı ilə kassaiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərardad və qətnaməsi qüvvəsində saxlanılmışdır. Bu olanlara baxmayaraq Ağstafa Rayon Məhkəməsinin 2(015)-114/2018 saylı qətnaməsinə əsasən iddiaçı X9 Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********87-10301 reyster nömrəli çıxarışı almağa müvəffəq olmuşdur və sonradan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli qeyri-qanuni şəkildə çıxarış almışlar. İddiaçı sözügedən çıxarışın ləğv edilməsi barədə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə ərizə ilə müraciət etməyinə baxmayaraq, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının nümayəndəsi X11 və vəkili X12 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X10 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən qeyd Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)- 104/2019 saylı qətnaməsi əsasında aparılmışdır, ona görə də ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21- 3-37/2-1460/2023 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-114/2018 saylı qətnaməsi ilə X9 və X8 iddiası təmin edilmiş və məhkəmə qərarı əsasında Ağstafa rayonu Yenigün kəndində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96 kv.m fərdi yaşayış evi xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrə ilə hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı X4, X8 iddiası təmin edilmiş və Ağstafa rayonu Yenigün kəndində yerləşən 06 ha və 0.19 ha torpaq sahələrinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş cavabdeh İddiaçı tərəfindən yaranmış manelər aradan qaldırılmış və real bölgü aparılması barədə qətnaməsi icra edilərək xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrə ilə hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-114/2018 saylı qətnaməsinin Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-681/2020 saylı qərarı ilə ləğv edilməsinə baxmayaraq icra edilmiş məhkəmə qərarının nəticəsinin ləğv edilməsi barədə Apelyasiya məhkəməsi münasibət bildirməmişdir. Məlumat üçün bildirilir ki, sözügedən yaşayış evinə dair dövlət reyestrində sonuncu qeydiyyat Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli icra vərəqəsi əsasında naturada bölgü edilməklə aparılmışdır. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)- 114/2018 nömrəli qətnaməsindən görünür ki, Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə JN 126A KOD 50208028 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, X2 miras qalmış yaşayış evinə və 0,06 ha torpaq sahəsinə dair İddiaçı adına qanun üzrə vərəsəlik şəhadətnaməsi, X1 və X3 miras qalmış 0,19 ha torpaq sahəsinə və orada inşa edilmış yaşayış evinə dair X4 və X8 adına qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi qət edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(104)-1656/2020 nömrəli qətnaməsindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)-114/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. -surəti işə əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)- 104/2019 nömrəli qətnaməsindən görünür ki, Ağstafa rayonu Yenigün kəndində yerləşən 0,06 ha və 0,19 ha torpaq sahələrinin və həmin torpaq üzərində inşa edilmiş cavabdeh İddiaçı tərəfindən yaranmış maneənin aradan qaldırılması və real bölgünün aparılması (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq), mübahisəli torpaq sahələrinin və fərdi yaşayış evinin bölünüb ayrılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(104)-1656/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağstafa rayonu, Yenigün kəndində 0.19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X8 və X4 mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin icra edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı X4, X8 iddiası təmin edilmiş və həmin qətnamə icra edilərək xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrə ilə sonuncuların hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı qeydiyyatın ləğv edilmiş məhkəmə qətnaməsi əsasında aparıldığını əsas gətirərək, ləğv edilərək ilkin sənədlərin bərpa edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. -71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -71-ci maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Göründüyü kimi dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. -16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sənədlərdən və cavabdehin iddiaya qarşı etirazından görünür ki, ləğv edilməsi tələb olunan qeyd Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparılmışdır. Həmin əmlakla bağlı xx.xx.2018-ci il tarixdə Ağstafa Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında çıxarış verilməsinə və həmin qətnamənin ləğv edilməsinə baxmayaraq, həmin çıxarışın verilməsindən sonra yeni əsasla hazırda mübahisələndirilən çıxarış verilmişdir ki, bu da yuxarıda qeyd olunduğu kimi qanuni əsaslara söykənmişdir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1341/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1341/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver