Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1341/2024 03.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********348400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********345300 nömrəli qərarlarının ləğv edilməsi” barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçının növbəti dəfə təqdim etdiyi ərizəyə əsasən iddia “12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli və xx.xx.2023-cü il tarixli, **********720000 nömrəli qərarlarının ləğv edilməsi” barədə iddia tələbinə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisələndirilən qərarlardan şikayət vermə müddəti üzrlü hesab edilərək bərpa edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 16 fevral 2020-ci il tarixdə fərdi sahibkar olaraq lombard fəaliyyətinə başlamışdır. Fərdi sahibkar olaraq 2020-ci ilin fevral ayında yenicə sahibkarlıq fəaliyyətinə başladığı müddətdə 2020-ci ilin mart ayından COVİD-19 xəstəliyin düşməsindən sonra məlum qadağalar tətbiq olunmaqla faktiki fəaliyyəti 2020-ci ilin dekabr ayınadək dayandırılmışdır. İddiaçıdan əvvəl lombardın fəaliyyətini X8 idarə etmişdir. X8 isə 25 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. 21 iyul 2022-ci ildə cavabdeh tərəfindən iddiaçının fəaliyyət göstərdiyi lombardın inzibati binasına qanunsuz olaraq daxil olaraq AKT-tərtib edilmiş və Akt-da göstərilən məlumata əsasən guya iddiaçı xəstə olduğundan aktın tərtibində iştirak etməmişdir. Guya Aktın tərtibində iddiaçının işçi Gülçin Hüseynovanın iştirakı təmin edilmişdir. Qeyd olunan lombardın inzibati binasında iddiaçının özünün proqnozu ilə tərtib etdiyi cədvəli kompyuterdən qanunsuz müdaxilə edilməklə götürülmüşdür. Həmin müddətdə Gülçin Hüseynova tərəfindən sənədlərin təqdim edilməsi dediyinə görə təmin edilsə də cavabdeh tərəfindən sənədlər qəbul edilməmişdir. Əslində cavabdeh tərəfindən iddiaçının barəsində Vergi borcuna dair qərarın qəbul edilməsində qeyri-rəsmi məlumatlardan istfiadə edilməsi AR Vergi Məcəlləsinin 67-ci maddəsinə edilmiş dəyşiklikdən əvvəl olmuşdur. Bu baxımdan qeyri-rəsmi məlumatların götürülməsi ilə barəsində vergi borcunun hesablaması əsassızdır. İddiaçı və vəkili məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Baş İdarənin "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9327 nömrəli qərarına, həmçinin xx.xx.2022-ci il tarixli 001902 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" protokolun nəticələrinə əsasən iddiaçının fəaliyyətində vergidən yayınma halın olduğu məlum olmuşdur. Vergi ödəyicisində xx.xx.2022-ci il tarixdə kecirilmiş OVN tədbiri zamanı ünvan 1 ünvanında yerləşən **********-23004 saylı təsərrüfat obyektdə olan noutbukdan mənbəyi bəlli olan məlumatlar, o cümlədən lombard müştəriləri tərəfindən götürülmüş pul vəsaitləri müqabilində 2019-cu ildən etibarən ödənilmiş məbləğlər barədə elektron məlumatlar nümayəndələrinin (işçisi X5 və digərləri) iştirakı ilə portativ daşıyıcıya köçürülərək götürülmüşdür. X7 məlumatları könüllü surətdə təqdim etmişdir. Aparılmış təhlillər vergi ödəyicisinin 2020-ci və 2021-ci illər ərzində ayrı-ayrı şəxslərə verilmiş kreditlərin ödənişləri ilə əlaqədar 2020- ci il ərzində 215544,57 manat dəyərində faiz gəliri və 2021-ci il ərzində 389227,01 manat müəyyən edilmişdir. Sonradan iddiaçı xx.xx.2023 tarixli və xx.xx.2023cü il tarixli məktublarla müraciət edərək OVN tədbiri zamanı Sənədlərin və nümunə kimi əşyaların götürülməsindən əldə olunan kredit müqavilələlərinə əsasən kredit verilmiş müştərilərdən İsmayılov Mehmana 73074,17 manat kredit verilməsi qeyd olunmasına baxmayaraq müxtəlif şərtlərlə razı olmadığına görə müqaviləyə xitam verildiyini, kredit verilmədiyini, eləcə də Huseynov Kənana 6889,95 manat yox 441,12 manat kredit, Hüseynova Lamiyəyə 6559,26 manat yox 651,17 manat kredit, Bayramova Biyaləyə 17615,22 manat yox 256,78 manat kredit, Əliyeva Şərqiyyəyə 17379,76 manat yox 390,07 manat kredit və Məmmədova Şəfiqəyə 5409,37 manat yox 1181,3 manat 2020-ci il və 2021-ci il üzrə kredit verildiyini göstərmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisin 2020-ci il üzrə faiz gəlirləri 161995,71 manat, 2021-ci il üzrə 318769,08 manat olduğunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçı ondan götürülmüş fayllardakı məlumatlarda yuxarıda qeyd edilən halların nəzərə alınmasını və həmin faylda olan faiz məbləğlərinin yenidən hesablanmasını göstərməklə 001902 nömrəli protokol əsasında götürülmüş məlumatların mötəbərliliyini qəbul etmişdir. Bu baxımdan iddiaçının məktublarındakı xüsusatlar nəzərə alınmış və 2020-ci il üzrə faiz gəliri 161995.71 manat, 2021-ci il üzrə isə 318769.08 manat kimi qəbul edilərək bu məbləğlərə uyğun olaraq 2020-ci il üzrə 22961.05 manat, 2021-ci il üzrə isə 45158.22 manat gəlir vergisi hesablanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********720000 nömrəli qərarından görünür ki, kameral yoxlama nəticəsində İddiaçı 2020-ci il vergi dövrü üzrə 22.961,05 manat gəlir vergisi hesablanmışdır. - surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli qərarından görünür ki, kameral yoxlama nəticəsində İddiaçı 2021-ci il vergi dövrü üzrə 45.158,22 manat gəlir vergisi hesablanmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 001902 nömrəli protokolun məzmunundan görünür ki, həmin tarixdə vergi əməkdaşları tərəfindən iddiaçının fəaliyyət göstərdiyi obyektdə ona məxsus kompüterdən iddiaçının işçisi kimi qeyd olunan X4 iştirakı ilə elektron daşıyıcıda 1 ədəd qovluq götürülmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kameral qaydada yoxlama keçirilərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********720000 nömrəli qərarla İddiaçı 2020-ci il vergi dövrü üzrə 22.961,05 manat gəlir vergisi, xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli qərarla 2021-ci il vergi dövrü üzrə 45.158,22 manat gəlir vergisi hesablanmışdır. İddiaçı hazırda qeyd olunan qərarları mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş qeyd edilən qərarların qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. -48.2.8-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri göstərilməlidir. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Mübahisələndirilən qərarların qanunsuz olması və ləğv edilməsi əsasları: -Vergi orqanının hesablamanın əsası kimi istinad etdiyi iddiaçıya məxsus kompyuterin bazasından alınan məlumatlar hansı ilkin uçot sənədləri əsasında yığıldığı araşdırılmamış və qiymət verilməmişdir “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. -2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. -2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, iddiaçının real dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Lakin cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən elektron qovluğa istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərarlar qəbul etmişdir. Həmçinin qeyd olunur ki, iddiaçıya məxsus kompüterdən götürülmüş məlumatların düzgünlüyünün təsdiq edilməsi barədə iddiaçının iradə ifadəsi hələ həmin məlumatların iddiaçının bütün dövriyyəsini əhatə etməsi anlamına gəlməməklə yanaşı, vergi orqanına yalnız həmin sənədlərə istinadən vergi borcu hesablamağa əsas vermir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli və xx.xx.2023-cü il tarixli, **********720000 nömrəli qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1341/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1341/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver