Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1342/2022 07.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə 06.04.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 11.11.2020-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. N nömrəli (01.01.1993-cü ilədək 36978 nömrəli, 01.12.2015-ci ilədək N nömrəli) hərbi hissədə 13.03.1989-cu il tarixdən 19.06.2015-ci il tarixədək qalvanik vəzifəsində, 19.06.2015-ci il tarixdən hal-hazıradək qalvanik sahədə elektrik avandanlığının təmiri məşğul olan elektrik vəzifəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, işlədiyi dövrdə helikopterin mühərrik hissəsinin detallarına izolyasiya çəkmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 2 nömrəli siyahısının Metal emalı (14-cü) bölməsinin Halvanik üsullarla metallarla üzçəkmə istehsalı (5-ci) bəndində fəhlələr (a) yarımbəndində halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması, həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən filiala təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin N noyabr 2020-ci il tarixli 730 nömrəli arayışında iddiaçının 13.03.1989-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin hərbi hissədə halvanik vəzifəsində işlədiyi göstərilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi sahə ilə yuxarıda qeyd olunan qərar ilə müəyyən edilmiş siyahı üzrə halvanik üsulla metallara üzçəkmə istehsalı sahəsinə aid deyil. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ yoxdur. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -N nömrəli hərbi hissənin 30.04.2021-ci il tarxili 256 nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli (01.01.1993-cü ilədək 36978 nömrəli, 01.12.2015-ci ilədək N nömrəli) hərbi hissədə 13.03.1989-cu il tarixdən 19.06.2015-ci il tarixədək qalvanik vəzifəsində, 19.06.2015-ci il tarixdən hal-hazıradək qalvanik sahədə elektrik avandanlığının təmiri məşğul olan elektrik vəzifəsində işləyir. -surəti işə əlavə edilmiş 10.06.1985-ci il tarixli ЗT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 03.08.1981-ci il tarixdən 23.12.2020ci il tarixədək N nömrəli (01.01.1993-cü ilədək 36978 nömrəli, 01.12.2015-ci ilədək N nömrəli) hərbi hissədə müxtəlif vəzifələrdə işləmişdir. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 24.01.2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə görə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, onun ümumi iş stajı 25 ildən çoxdur. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 11.11.2020-ci ildə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Buna baxmayaraq tələb olunan pensiya kapitalı ilə bağlı qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının olmadığını, eyni zamanda iddiaçıya münasibətdə hazırda 54184,90 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının bu günə 32233,24 manat təşkil etdiyini bildirərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi iddiaçının 13.03.1989-cu tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi peşənin (halvanik) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması qeyd olunmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının işlədiyi halvanik peşəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahısının XİV bölməsində, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı (14-cü) bölməsinin Halvanik üsullarla metallarla üzçəkmə istehsalı (5-ci) bəndində fəhlələr (a) yarımbəndində nəzərdə tutulmuşdur. Eyni zamanda N nömrəli hərbi hissənin 30.04.2021-ci il tarxili 256 nömrəli arayışı ilə də 13.03.1989-cu tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi peşənin imtiyazlı pensiya təminatı nəzərdə tutduğu öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə cavabdeh orqanın iddiaçının 13.03.1989-cu tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi peşənin güzəştli iş stajı kimi nəzərə almaması ilə bağlı arqumentlərini əsassız hesab edir. Həmçinin məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının 13.03.1989-cu tarixdən 01.01.2006-cı il tarixədək olan güzəştli iş stajı onun 01.01.2006-cı il tarixədək olan iş stajına daxil olduğunu nəzərə alındıqda onun fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına ehtiyac qalmır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçı 12 il 6 ay güzəştli sığorta stajına malik olmuşdur və həmin qanunda pensiya kapitalı tələbi olmamışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının zərərli və ağır peşələrdə olan iş stajına daxildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı 11.11.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1342/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1342/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver