Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1342/2025 24.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 65-80% pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun barəsindəki xx.xx.2024-cü il qiymətləndirməsinin ləğv edilməsi və ona müvafiq əlillik dərəcəsinin verilməsinin cavabdehin üzərinə bir vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, İİ Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. Onun 17 mart 2023-cü il tarixli, 2596 saylı xəstəlik haqqında şəhadətnaməsində Hərbi Həkim Komissiyasının qərarı belə göstərilmişdir: Diaqnoz: “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə və intihar fikirləri ilə orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi psixopatabənzər davranış. Özünü kəsmələrlə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin kəllədaxili hipertenziya və tez-tez baş verən vegetativ damar krizləri, generalizə olunmuş qıcolma tutmaları ilə təzahür edən nəticəsi. Baş beyinin araxnoidal kistası. Diskogeni mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində.” İddiaçı bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən ona xx.xx.2022-ci ildə “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1” diaqnozu təyin edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının 624 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə ona “Üzvi affektiv pozuntu, depressiv epizodlar və intihar fikirləri ilə F06.3” diaqnozu qoyulmuşdur. Səhiyyə Nazirliyinin 10511726 saylı ambulator kitabçasından çıxarışda diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozunluğu”, 10886729 saylı ambulator kitabçasından çıxarışda “F06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozunluğu”, 11362057 saylı ambulator kitabçasından çıxarışda “F07.2. postkontuzion sindrom; F06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozunluğu, F43.1 Posttravmatik stress pozğunluğu” kimi göstərilmişdir. İddiaçı əlilliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən ona 3 dəfə imtina cavabı verilmişdir. O, 17 fevral 2024-cü il tarixdə canlı müayinə üçün cavabdeh orqana dəvət edilsə də, sistemdə onunla bağlı axırıncı imtina məktubu 25 yanvar 2024-cü il tarixi göstərilmişdir. Bundan sonra, dəfələrlə elektron sistemə girsə də, qiymətləndirmə ilə bağlı heç bir məlumat əldə edə bilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1342/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı əlilliyi xx.xx.2024-cü il tarixdə əyani müayinədə olmuş osttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, intihar fikirləri, özünü kəsmələrlə (qıcolma, davranış pozuntuları, koqnitiv dəyişikliklər, hərəkət pozuntuları və s.) öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. “Diaqnozun mətni: Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi affektiv pozuntu, koqnitiv funksiyaların enməsi və qıcolma tutmaları ilə Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Postravmatik stress pozuntusupsixopatabənzər davranışla (özünü kəsmələrlə). Baş-beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, tez-tez baş verən vegetodamar paroksizmal krizlər və qicolma tutmalar ilə ifadəli astenonevrotik hal. Kəllədaxili hipertenziya. Sol yan temporal araxnoidal kist (28 mm). Postravmatik ensefalopatiya İİ mər. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, onurğanın yayılmış osteoxondroz” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 9290 nömrəli sənədinə əsasən, İddiaçı müayinə olunub. Diaqnoz: Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1 xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu Posttravmatik stress pozuntusu” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 17 mart 2023-cü il tarixli, 2596 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə və intihar fikirləri ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi psixopatabənzər davranış, özünü kəsmələrlə” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 624 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Bağırov X4 tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi affetiv pozuntu, depressiv epizodlar və intihar fikirləri ilə F06.3 xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə Psixiatriya xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - F43.1 Posttravmatik stress pozğunluğu müraciət tarixi xx.xx.2023 - F43.1 Posttravmatik stress pozğunluğu müraciət tarixi xx.xx.2023 - F43.1 Posttravmatik stress pozğunluğu müraciət tarixi xx.xx.2023 - F43.1 Posttravmatik stress pozğunluğu müraciət tarixi xx.xx.2023 - F43.1 Posttravmatik stress pozğunluğu müraciət tarixi xx.xx.2023 - F43.1 Posttravmatik stress pozğunluğu müraciət tarixi xx.xx.2023 - F43.1 Posttravmatik stress pozğunluğu müraciət tarixi xx.xx.2023 - F43.1 Posttravmatik stress pozğunluğu müraciət tarixi xx.xx.2023 Stasionar müalicə aldığı müəssisələr: “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu Gəncə Pisixiatrik xəstəxana - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-F07.2 Postkontuzion sindrom “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu Həkim müayinəsinin nəticəsi: F43.1 Posttravmatik stress pozuntusu, Bələdliyi saxlanılıb. Ünsiyyətə həvəslə daxil olur, verilən suallara uzun uzadı, bəzən aidiyyatsız cavablar verir. Əhval ruhiyyəsi dəyişkəndir, bir saat ərzində dəfələrlə dəyişir. Qəflətən əsəbləşir, xırda səbəblərdən dava-dalaşlar salır. Bir neçə dəfə əsəbilik zamanı özünə xəsarətlər yetirib, kəsiklər edib, intihara cəhdlər edib. Emosional labildir. Ətrafda baş verənlərlə maraqlanmır, qeyri adekvat reaksiyalar göstərir. Zahirən narahatdır, davranışı qeyri adekvatdır. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd olunur. Maraq dairəsi daralıb, diqqəti öz şəxsiyyətinə yönəlib. Yaddaşı zəifləyib, diqqəti dağınıqdır. Yuxusu pozulub, gecələr yatmır. (müayinə tarixi xx.xx.2023) TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F43.1, Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, intihar fikirləri, özünü kəsmələrlə xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, intihar fikirləri, özünü kəsmələrlə” Diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə
7. Psixi və davranış pozuntuları 7.5. Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular 7.5.1. posttravmatik stres pozuntusu – F43.1 Qiymətləndirmə 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət - 65-80% - 2 il
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması müəyyən edilmişdir. İddia müddəti ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən inzibati icraat materiallarının məhkəməyə göndərilməsi barədə sorğuya cavab olaraq bütün sənədlər göndərilmiş, lakin iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar haqqında məlumatın verilməsini təsdiq edən sənəd göndərilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə, orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.5.1-ci yarımbəndində posttravmatik stres pozuntusu – F43.1 meyarı nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət – orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.5.1.2-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, İddiaçı “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 9290 nömrəli sənədinə əsasən, “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1”, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 624 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, “Üzvi affetiv pozuntu, depressiv epizodlar və intihar fikirləri ilə F06.3” diaqnozu qoyulmuşdur. Gəncə Psixiatriya xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya “F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, intihar fikirləri, özünü kəsmələrlə” əsas diaqnoz qoyulmuşdur. Qeyd olunan Forma 88 haqqında məlumat üzrə həkim müayinəsinin nəticəsindən müəyyən olunur ki, F43.1 Posttravmatik stress pozuntusu, Bələdliyi saxlanılıb. Ünsiyyətə həvəslə daxil olur, verilən suallara uzun uzadı, bəzən aidiyyatsız cavablar verir. Əhval ruhiyyəsi dəyişkəndir, bir saat ərzində dəfələrlə dəyişir. Qəflətən əsəbləşir, xırda səbəblərdən dava-dalaşlar salır. Bir neçə dəfə əsəbilik zamanı özünə xəsarətlər yetirib, kəsiklər edib, intihara cəhdlər edib. Emosional labildir. Ətrafda baş verənlərlə maraqlanmır, qeyri adekvat reaksiyalar göstərir. Zahirən narahatdır, davranışı qeyri adekvatdır. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd olunur. Maraq dairəsi daralıb, diqqəti öz şəxsiyyətinə yönəlib. Yaddaşı zəifləyib, diqqəti dağınıqdır. Yuxusu pozulub, gecələr yatmır. Məhkəmə hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının posttravmatik stres pozuntusu – F43.1 meyarı üzrə son bir il ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almasına baxmayaraq, onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntusu qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 17 mart 2023-cü il tarixli, 2596 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə və intihar fikirləri ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi psixopatabənzər davranış, özünü kəsmələrlə” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.2ci bəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Fizuli Ayaz oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva