Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1344/2021 29.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı Əyyub qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin 18 saylı Regional Ərazi filialına qarşı dəfn pulunun ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinin 23.12.2020-ci il tarixli, 683 nömrəli arayışından görünür ki, X6 və İddiaçı arasında nikah haqqında 01.11.1992-ci il tarixdə, 850 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21.01.2021-ci il tarixli, **********8 nömrəli məktubundan və Agentlik tərəfindən məhkəməyə təqdim olunan əlillik alt sistemindən çıxarışlardan görünür ki, X4 tibb müəssisəsinin 0495003AAKCK nömrəli göndərişi əsasında 11.08.2020-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. AZ-İİ 100691 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X6 “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” səbəbi ilə 31 avqust 2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin sentyabr ayının 1-də 455 nömrə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin 18 saylı Regional Ərazi filialının 29.03.2021-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, filialın Sosial Ödənişlər Alt Sistemində və X12 məlumata əsasən mərhum X6 heç bir növ əmək pensiyası, sosial müavinət və Prezident təqaüdü almamışdır. Əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyasının minumum məbləğinin 3 misli miqdarında dəfn üçün birdəfəlik müavinət verilir. Həmçinin dəfn üçün birdəfəlik müavinət aşağıda qeyd olunan müavinətlərdən biri təyin edilmiş şəxs və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alan şəxs vəfat etdikdə ödənilir: dövlət qulluqçularına ömürlük müavinət; yaşa görə müavinət; əlilliyə görə müavinət; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; ailə başçısını itirməyə görə müavinət. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 aprel 2021-ci il tarixli, **********8 nömrəli məktubu ilə mərhum X6 vəfat etdiyi tarixə sığortaolunan, yaxud əmək pensiyası və ya sosial müavinət ilə təmin edilmiş şəxs olmadığından onu dəfn etməyi üzərinə götürmüş şəxsə müavinətin ödənilməsinin qanunvericilikdə nəzərdə tutulmamasına görə İddiaçı Əyyub qızının müraciətindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən İddiaçı Əyyub qızı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin 18 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri 06.10.1959cu il təvəllüdlü X4 (31.08.2020 il tarixdə rəhmətə gedib) ölməmişdən 1-ci dərəcəli müddətsiz əlillik verildiyinə, habelə, 18 yaşına çatmamış qızı 18 yaşına qədər pensiya aldığına görə 600 manat dəfn pulunun ona verilməsi barədə öhdəliyin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri 06.10.1959-cu il təvəllüdlü X6 31.08.2020 il tarixdə rəhmətə getmişdir. O, sağikən, yəni ölməmişdən 1-ci dərəcəli müddətsiz əlillik aldığına görə 18 yaşına çatmamış qızlarına 18 yaşına qədər 200 azn pensiya təyin olunmuşdur. Mərhum ərinin xeyli miqdarda stajı və pensiya kapitalı olmuşdur. Mərhum ərinə əlillik faktı 11.08.2020-ci il tarixdə təyin olunmuş, lakin əri 31.08.2020-ci il tarixdə rəhmətə getmişdir və əlillik təyin olunması xəbəri əri öləndən sonra onlara deyilmişdir. Ona görə də sənədləri Dövlət Sosial Müdafiə Fonduna apara bilməmişlər. Əslində TSEK (DTSERA) özü bu barədə məlumatı DSMF-yə ötürməli idi, bəlkə də ötürüb və DSMF özü onları çağırmalı idi ki, pensiya kartını götürsünlər və dəfn üçün olan pulu da alsın. Bundan sonra, iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin 18 saylı Regional Ərazi filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin 18 saylı Regional Ərazi filialı ilə əvəz edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, dəfn üçün müavinət – ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür. «Sosial müvainət haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Həmin qanunun 10- 1.6-cı maddəsinə əsasən müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Bu qanunun 7.0.13-cü maddəsinə dəfn üçün müavinət bu Qanunun 4.0.1.1-4.0.1.5-ci və 4.0.1.11-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlər isə aşağıdakılardır: dövlət qulluqçularına ömürlük müavinət; yaşa görə müavinət; 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; ailə başçısını itirməyə görə müavinət. Göründüyü kimi, İddiaçı dəfn üçün müavinətin ödənilməsi üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab vermədiyindən müvafiq əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı Əyyub qızı əvvəlki məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək cavabdehin etirazına uyğun izahat vermişdir. İş üzrə iddiaçıya hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan mübahisə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisədir, verilmiş iddia isə İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddiadır və iddia tələbi üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının mərhum həyat yoldaşının ölməsi ilə bağlı dəfn pulunun ödənilməsindən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, mərhumun vəfat etdiyi tarixə sığortaolunan, yaxud əmək pensiyası və ya sosial müavinət ilə təmin edilmiş şəxs olmadığından tələb təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X4 tibb müəssisəsinin 0495003AAKCK nömrəli göndərişi əsasında 11.08.2020-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlillik təyin edilmiş, sonuncu 1-ci dərəcəli əlilliyə görə müavinət almadan və ya yaşa görə əmək pensiyası təyin edilmədən 31.08.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan cavabdehin 10.08.2021-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, X2 01.01.2006-cı il tarixədək 22 il 7 ay sığorta stajı (16741.70 manat sığorta kapitalı) və 01.01.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində 01.02.2016-cı il tarixdən-02.06.2020-cı il tarixinədək toplanmış 1573.72 manat kapitalı nəzərə alınaraq 135.67 manat əmək pensiyası hesablanmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən pensiyanın məbləği 200 manata çatdırılaraq övladı Mehdiyava Elvinaya ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuş və hüququ yarandığı 31.08.2020-ci il tarixdən ödənilmişdir. X13 1-ci qrup ümumi səbəbdən əlillik təyin olunduqdan sonra filiala müraciət olunmadığı üçün əmək pensiyası təyin olunmamışdır, müraciət olunduğu halda 200.00 manat məbləğində əmək pensiyası təyin olunacaqdır. Məhkəmə qeyd edir ki, hazırda avtomatlaşdırılmış sistemdə şəxsin hüquqları dövlət orqanı tərəfindən həyata keçirilir və vətəndaşın müraciətindən asılı olmayaraq sosial təminat hüququ - hüququn yarandığı tarixdən yaranır. Odur ki, hazırki iş üzrə mərhuma əllik dərəcəsi 11.08.2020-ci ildə qiymətləndirilərək ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlillik təyin olunduğundan, məhz həmin tarixdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır, sadəcə ölməsi səbəbindən hüququnu reallaşdıra bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı deyildir və şəxsin sosial təminat hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Azərbaycan Respulikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddənin İ və İİİ hissələri). “Sosial müavinələr haqqında” Azərbaycan Respublikasının Qanununun: - 4.0.2.3-cü maddəsinə əsasən dəfn üçün müavinət birdəfəlik müavinət növlərindən biridir. - 7.0.13-cü maddəsinə əsasən dəfn üçün müavinət bu Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. - 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan aylıq müavinətlərə aşağıdakılar aiddir: dövlət qulluqçularına ömürlük müavinət; yaşa görə müavinət; 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; ailə başçısını itirməyə görə müavinət. - 9.3-cü maddəsinə əsasən dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. - 10-1.6-cı müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. - 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. - 42.3-cü maddəsinə əsasən əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. - 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qanununun mənasına görə əlilliyə görə əmək pensiyası onu almaq hüququ yarandığı gündən (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə) əlillik dövrü müddətinə (pensiya yaşına çatdıqda isə ömürlük) təyin edilir. Yuxarıda qeyd edildiyi kimi inzibati mübahisə üzrə cavabdehin imtinasının əsasını vəfat edən şəxsin – X3 filialın Sosial Ödənişlər Alt Sistemində və X12 məlumata əsasən heç bir növ əmək pensiyası, sosial müavinət və Prezident təqaüdü almaması təşkil etmişdir. Məhkəmə imtinaya tənqidi yanaşaraq hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən X3 əlilliyə görə əmək pensiyası almaq hüququ 11.08.2020-ci il tarixdən yaranmışdır və bu hal cavabdeh inzibati orqanın 10.08.2021-ci il tarixli, **********0 saylı məktubu ilə də təsdiqlənmişdir. Belə ki, cavabdeh məhkəməyə ünvanlandığı 10.08.2021-ci il tarixli **********0 nömrəli məktubunda da qeyd etmişdir ki, mərhum X5 1-ci qrup ümumi səbəbdən əlillik təyin olunduqdan sonra filiala müraciət olunmadığı üçün əmək pensiyası təyin olunmamışdır, müraciət olunduğu halda 200.00 manat məbləğində əmək pensiyası təyin olunacaqdır. Bundan başqa, işdə olan sənədlərdən məlum olur ki, cavabdeh inzibati orqan tərəfindən mərhumun yetkinlik yaşına çatmayan 16.07.2004-cü il təvəllüdlü övladı X7 ailə başçısını itirməyə görə 200 manat məbləğində əmək pensiyası təyin olunmuş və hüququ yarandığı 31.08.2020-ci il tarixdən ödənilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mərhum əri X3 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1, 12.1, 32.1-1 və 32.2ci maddələrinə əsasən əlilliyə görə pensiya almaq hüququ məhz 11.08.2020-ci il tarixindən yarandığından, adıçəkilən Qanununun 42.2-ci maddəsinin tələblərinə əsasən X3 vəfatı ilə əlaqədar onun ailəsinə, yəni arvadı İddiaçı Əyyub qızına ərinin vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X1 31.08.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar onun arvadı, İddiaçı Əyyub qızına 600 manat məbləğində dəfn üçün müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin 18 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1344/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1344/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver