Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1345/2022 05.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi(vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarda düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 11 yanvar 2022-ci il tarixli, 011 nömrəli qərarında qeyd edilmiş döyüş əməliyyatları zamanı aldığı travmanın səbəbli əlaqəsində dəyişiklik edilərək “Travmadır, hərbi xidmət dövründə alınmışdır” sözləri “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Birinci Qarabağ müharibəsi zamanı xx.xx.1993-cü il tarixdə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq üçün azyaşlı uşaqları olmasına baxmayaraq ön cəbhəyə yollanmış, gedən qızğın döyüşlərdə yaxından iştirak etmişdir. xx.xx.1994-cü ildə düşmənin atmış olduğu mərmi nəticəsində yaralanmış, xx.xx.1994-cü il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında "ənsə nahiyyəsinin kor qəlpə yarası" diaqnozu ilə müalicə olunmuşdur. O, cavabdeh Hərbi Həkim Komissiyasına qərar verilməsi üçün müraciət etmiş, 011 nömrəli, xx.xx.2022-ci il tarixli "Travmadır, hərbi xidmət dövründə alınmışdır" qərar verilmişdir. Həmin qərara əsasən DSMF-nun Ağstafa rayon şöbəsinə müraciət etdikdə ona sözügedən qərarın "hərbi xidmət vəzifəsini yerinə yetirərkən almışdır" kimi verilməli olduğu bildirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası məhkəməyə 31 may 2022-ci il tarixli, 903 nömrəli məktub ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmiş və işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə baxışı iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarında olan: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsinin 265 nömrəli, xx.xx.2020-ci il tarixli Arayışının kserosurətindən görünür ki, ehtiyatda olan əsgər İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi N nömrəli hərbi hissədə xidmət keçmiş və Müdafiə nazirinin 0129 saylı, xx.xx.1995-ci il tarixli əmrinə əsasən tərxis olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 592 nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağdam istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi “təpə nahiyəsinin qəlpə yaralanası” diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində stasionar müalicə almışdır. Ağcabədi Rayon mərkəzi Poliklinikasının xəstəyə aid tibbi kartadan çıxarışından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə “kəllə nahiyyəsində kor qəlpə yarası, sol topuq nahiyyəsinin kor qəlpə yarası” diaqnozu ilə daxil olarkən baxış olunmuş və diaqnoz təsdiq olunmuşdur. Xəstə vəziyyəti ilə əlaqədar olaraq xx.xx.1994-cü il tarixində ambulator müalicəyə göndərilmişdir. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli, 4/2-1818 nömrəli məktubunun kserosurətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlara daxil edilmiş, xx.xx.1995-ci il tarixdə isə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağstafa RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 011 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının kserosurətindən görünür ki, İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmaya Azərbaycan Respublikası SHXÇDX-nin Ağstafa rayon şöbəsinin xx.xx.2022ci il tarixli 39 nömrəli göndərişi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstələrin qeydiyyat kitabından çıxarış, MN MHHKnin həkim-mütəxəssisinin rəyi əsasında "Kəllə nahiyəsinin kor qəlpə yaralanması, sol topuq nahiyəsində qəlpə yarası" diaqnozu ilə hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin ç) yarımbəndinə əsasən “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının 25 fevral 2022-ci il tarixli, 246 nömrəli məktubundan görünür ki, iddiaçıda təyin edilmiş travmanın və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin ç) yarımbəndinə əsasən “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və ona xx.xx.2022-ci il tarixli, 011 nömrəli qərar verilmişdir. Qərar düzgün olduğu və dəyişdirilməsi üçün əsas olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “c” yarımbəndinə əsasən, əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa, hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarını çıxarır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağdam istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.1194-cü il tarixə kimi “təpə nahiyəsinin qəlpə yaralanması” diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində stasionar müalicədə olmuşdur. Travmanın hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən "Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2 bəndinin ç) yarımbəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə "travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi təyin edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Həmin Əsasnamənin 1.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Həmin Əsasnamənin: - 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur; - 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbihəkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. - 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir; - 7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim kimissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şahədətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. Həmçinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 31 may 2022-ci il tarixli, 903 nömrəli məktub ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmiş və işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 011 nömrəli qərarında düzəliş edilərək idiaçının xəstəliyinin səbəbli əlaqəsinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-cı il tarixli, 011 nömrəli qərarında düzəliş edilərək İddiaçı xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1345/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1345/2022
05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver