Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1346/2020 09.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Cəbrayıl rayon Təhsil şöbəsinə qarşı cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və onun üzərinə xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək əmək haqqının və xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək orta aylıq əmək haqqının ödənilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar baxaraq müəyyən e t d i m: İddiaçı cavabdeh Cəbrayıl rayon Təhsil şöbəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və onun üzərinə xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək əmək haqqının və xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək orta aylıq əmək haqqının ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi onun əmək haqqının ödənilməsidir ki, sözügedən məsələ əmək-hüquq münasibətləri ilə bağlı mübahisə olduğundan və həmin mübahisələrə ümumi (rayon) məhkəmələr tərəfindən baxılmalı olduğundan iddiaçı hazırki mübahisə üzrə tələblə Gəncə İnzibati Məhkəməsinə deyil, cavabdehin hüquqi ünvanı üzrə ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ətraf mühitin qorunması, vergi, inzibati və ya digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirilməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmçinin qeyd olunmalıdır ki, inzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında olan münasibətlər əmək hüquq münasibətlərindən yaranan mübahisədir. Həmin münasibətlərin subyekti kimi işəgötürən və işçi çıxış edir. İşəgötürən üçün müəyyən üstün hüquqlar müəyyən edilməsinə baxmayaraq, bu tabeçilik inzibati əmək hüquq münasibətlərinin inzibati münasibətlər kimi qiymətləndirilməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, İddiaçı cavabdeh Cəbrayıl rayon Təhsil şöbəsinə qarşı cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və onun üzərinə xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək əmək haqqının və xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək orta aylıq əmək haqqının ödənilməsi vəzifəsinin qoyulması barədə iddianın mümkün sayılmaması qənaətinə gəlirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-cı maddələrinin tələblərinə əsasən q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Cəbrayıl rayon Təhsil şöbəsinə qarşı cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və onun üzərinə xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək əmək haqqının və xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək orta aylıq əmək haqqının ödənilməsi vəzifəsinin qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1346/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1346/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver