Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1346/2025 21.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsinə işə bərpa olunma öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rəis vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də olsun inzibati tənbeh almamış və qanun pozuntusuna yol verməmişdir. Öz vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlmiş və əmək fəaliyyətini layiqincə icra etmişdir. Dəfələrlə yaxşı işinə görə fərqlənmiş və pul mükafatlarına layiq görülmüşdür. Ancaq buna baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2022-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanun”unun 41.0.6-cı maddəsinə əsasən, (xidməti uyğunsuzluğa görə) işdən azad edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona aid olmayan maddə ilə işdən qanunsuz olaraq çıxarılmışdır. Belə ki, xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif bölgələrdə rəis vəzifəsində işləmiş və dəfələrlə medallara layiq görülmüşdür. O, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Ailədə yeganə qazanc gətirən odur və himayəsində yetkinlik yaşına çatmayan iki uşağı var. İddiaçı məhkəməyə ötürülmüş iddia müddətinin bərpası ilə bağlı ərizə təqdim etmiş, iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, işdən çıxarılma barədə əmri aldıqdan sonra, xəstələnmiş və uzun müddət xəstəxanalarda müalicə və müayinə olunmuş, həmçinin yas mərasimləri olmuşdur, bu səbəbdən qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Xidmət rəisinin xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının xx.xx.2022-ci il tarixdən ehtiyata buraxılma əmrindən görünür ki, o hazırkı tələb üzrə iddia müddətini ötürmüş və bu səbəbdən onun iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. İddiaçı və nümayəndəsi həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti müdafiə edərək, iddia müddətinin bərpa edilməsini xahiş etdilər. İşin halları İddiaçı xx.xx.2022-ci il tarixli raportundan görünür ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı xahiş etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2022-ci il tarixli, 0120 ş/h nömrəli Əmrinə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 1977-ci il təvəllüdlü mayor İddiaçı həqiqətən xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (1 il 8 ay 4 gün) 006 saylı Artilleriya Briqadasında həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2002-ci il tarixli əmri ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmışdır. xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsində Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti vəzifəsində xidmət etmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsində Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti vəzifəsində xidmət etmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti vəzifəsində xidmət etmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsində bölmə rəisinin müavini vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsində bölmə rəisinin müavini vəzifəsində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2022-ci il tarixdə "Hərbi vəzifə və hərbi xidmət haqqında "Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ehtiyatda olan mayor İddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Xidmət rəisinin xx.xx.2022-ci il tarixli məxfi əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. Qeyd olunan əmr məxfi qriflə rəsmiləşdirildiyinə görə, əmrdən çıxarış İddiaçı təqdim edilməmiş, lakin özünə şifahi formada məlumat verilmiş, həmçinin məxfi əmrdən çıxarış məxfi poçt vasitəsilə İddiaçı sonuncu xidmət yeri olan Kəlbəcər rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsində xidmət etmiş İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2022-ci il tarixli əmrinin İddiaçı təqdim edilməsi və elan edilməsi barədə onun Kəlbəcər rayon şöbəsində olan mövcud şəxsi işində heç bir rəsmi məlumat yoxdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən İddiaçı ehtiyatda olan zabit hərbi biletində xx.xx.2022-ci il tarixli qeyd alıma aparılmış və onun hərbi bileti özünə təqdim olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində olan mövcud sənədlərə əsasən İddiaçı aid təyinat vərəqəsi yazılması barədə heç bir rəsmi məlumat yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehin əmrinin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qeyd olunan iddia tələbi mübahisələndirmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarından görünür ki, İddiaçı raportu əsasında sonuncu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 0120 ş/h nömrəli əmri ilə ehtiyata buraxılmış, əmr barədə ona şifahi formada məlumat verilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ehtiyatda olan zabit kimi qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərmişdir. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə vermiş, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini onunla əsaslandırmışdır ki, işdən çıxarılma barədə əmri aldıqdan sonra, xəstələnmiş və uzun müddət xəstəxanalarda müalicə və müayinə olunmuş, həmçinin yas mərasimləri olmuşdur, bu səbəbdən qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. Lakin hazırkı iş üzrə iddia müddətinin ötürülməsinin səbəbi məhkəmə tərəfindən üzrlü səbəb hesab edilmir. İddiaçı tərəfindən iddia müddətinin bərpa edilməsi barədə vəsatətə iddiaçının tibbi müayinəsi barədə sənədlər və qohumlarının ölüm haqqında şəhadətnamələri əlavə edilmişdir. Sənədlərdən müəyyən olunur ki, İddiaçı ehtiyata buraxıldıqdan 4-5 ay sonra tibbi müayinə olmuş, müalicələr almış, yas mərasimləri düşmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı ehtiyata buraxıldıqdan sonra onun 1 il 6 ay müddətində tibbi müayinə olması, müalicələr alması, yas mərasimlərinin olması iddiaçının məhkəməyə müraciət etməsi üçün maneə olmamışdır. Həmçinin iddiaçı ehtiyata buraxıldıqdan 4-5 ay sonra tibbi müayinə olmuş, müalicələr almış, yas mərasimləri düşmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə prosessual müddətin ötürülməsi səbəbi üzrlü hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva