Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1347/2025 05.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********4339 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********4339 №-li qərarın ləğv edilməsi və bu qərarla büdcəyə ödənilməsi müəyyən edilmiş 1000.00 manat maliyyə sanksiyasının götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** nömrə ilə qeydiyyata alınmışdır və həmin tarixdən də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsində vergi uçotunda durur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçının ünvanına göndərdiyi məktubdan sonra məlum olmuşdur ki, barəsində 1000 manat cərimənin tutulması haqqında xx.xx.2024-cü il tarixli, **********4339 №-li qərar çıxarılmış və bu qərara əsasən, xx.xx.2024-cü il tarixə 1000.00 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Həmin qərarla izah edilmişdir ki, qərarı rəsmi aldığı gündən 3 ay müddətində birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsilə yuxarı vergi orqanına və ya 30 gün müddətinə məhkəməyə şikayət verilə bilər. İddiaçı qərarı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə aldığından xx.xx.2024-cü il tarixədək yuxarıda qeyd olunan qərardan məhkəməyə şikayət vermək hüququ yaranmışdır. Ona görə də, iddiaçı həmin qərarı qanunsuz və əsassız hesab edərək hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuş və ümid edir ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi əldə rəhbər tutaraq iddianın təmin edilməsi barədə qərar çıxaracaqdır. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixə 1000.00 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi ilə bağlı tələbə dair pul ona şamil edilə bilməz. Çünki, bu borcun yaranmasına səbəb kimi göstərilən və ünvan 1ndə yerləşən İddiaçı MMC-nin aptekində işləyən işçisi X3 tanımadığı bir vergi işçisinə pampers satmış və alıcı onun pulunu kartla POS Terminala ödəmiş və çıxıb getmişdir. Aradan bir müddət sonra həmin vergi işçisi yenidən aptekə qayıdaraq Əminəyə 1(bir) manatlıq çek vur və mənə ver demiş, Əminə də ona həmin çeki vermişdir. Həmin vergi işçisi qanunsuz olaraq Əminədən onun adını soruşmuş və sonra adının həqiqətən Əminə olmasının dogruluğunu təsdiq edəcək hər hansı bir ağ kagıza imza etməsini tələb etmiş və Əminə də qanunu bilmədiyindən vergi işçisinin dediyinə əməl etmiş və ağ kağıza imza edərək onu vergi işçisinə vermiş, Vergi işçisi isə Əminənin imzasını alıb getmişdir (bu fakt aptekdə olan video kamera ilə öz təsdiqini tapır). Bundan sonra həmin vergi işçisi aptekdən çıxıb getmiş və hardasa akt yazaraq onu Baş İdarəyə təqdim etmiş və nəticədə yuxarıda qeyd olunan qanunsuz və əsassız qərar çıxarılmışdır. Həmin qərarla tanış olduqda məlum olur ki, guya vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında qərar qəbul edilmiş və bu qərarla Operativ vergi nəzarəti üzrə - POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi barədə AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aptekdə POS-terminal quraşdırılmış və nağdsız ödənişlər həyata keçirilir və nağdsız ödənişlərin qəbulundan heç vaxt imtina edilməmişdir. Belə ki, İddiaçı MMC-yə hər hansı bir maliyyə sanksiyası yazılması qanunsuzdur və həmin qərar ləğv edilməklə yazılmış həmin maliyyə sanksiyası İddiaçı MMC-nin adından silinməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3928/2024 nömrəli qərardadı ilə iddiaçı Nurlu Həyat” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə iddiaçının “Kapital Bank” Tərtər filialının üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətin təmin edilməsindən imtina olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1347/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********4339 nömrəli qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdehin etirazı Cavabdeh Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddianın rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, uçot-baza məlumatına əsasən hüquqi şəxs İddiaçı MMC-nin xx.xx.2010-cu il tarixdə təsis edilmiş və vergi orqanında ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alındığı, xx.xx.2011-ci il tarixdə “Aptek” adlı təsərrüfat subyektinin qeydiyyata alındığı, fəaliyyət növünün “İxtisaslaşdırılmış mağazalarda əzcaçılıq mallarının pərakəndə satışı” olduğu müəyyən edilmişdir. Hüquqi şəxs İddiaçı MMC-nin “Aptek” adlı obyektinə (Obyektin kodu: **********- 72001) xx.xx.2022-ci il tarixdə zavod nömrəsi F220320A00200931 olan TPS 320 Smart POS markalı nəzarət-kassa aparatı, xx.xx.2024-cü il tarixdə isə seriya nömrəsi V1E0842990 olan POS-terminal quraşdırılmışdır. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********4847 nömrəli qərarı ilə 1. nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, 2. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il də daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Yoxlama qərarı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY242115548 nömrə ilə qeydiyyata alınmışdır. Həmin qərara əsasən xx.xx.2024-cü il tarixdə saat 17:06da keçirilən operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyekti olan “Aptek” adlı obyektindən alınmış 3,40 manat dəyərində olan 1 (bir) ədəd qablaşdırılmış (paçka) bez üçün ödənişin nağdsız aparılması bildirilmiş və ödəniş POS-terminal vasitəsi ilə həyata keçirilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə əlavə olaraq 3,40 manat dəyərində olan 1 (bir) ədəd qablaşdırılmış (paçka) bezin ikincisi alınmış və alınmış malın dəyəri nağd qaydada ödənilməsinə baxmayaraq, ödənilmiş məbləğ nəzarət kassa aparatına daxil edilməmiş və nəzarət kassa aparatının çeki təqdim edilməmişdir. Daha sonra operativ vergi nəzarətini həyata keçirən vergi orqanı əməkdaşları 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024cü il tarixli **********4847 nömrəli qərarla və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla hüquqi şəxsin rəhbəri X1 tanış etmiş və Əminə Mustafayeva qeyd olunan sənədlərlə tanış olması barədə imza edərək sənədlərə qeydiyyat aparmışdır. Bundan sonra operativ vergi nəzarətini həyata keçirən vergi orqanı əməkdaşları tərəfindən obyektdə quraşdırılmış nəzarət-kassa aparatına nağd ödənilmiş 3,40 manat məbləğ daxil edilərək müvafiq bərpa çekinin çıxarılması təmin edilmişdir. Bu hal DVX seriyalı 037369 nömrəli aktla rəsmiləşdirilmiş, qanun pozuntusunun mahiyyəti izah edilmiş, eyni zamanda nəzarət tədbiri ilə seriya nömrəsi V1E0842990 olan POSterminalın vergi orqanında qeydiyyata alınmamış POS-terminal aparatı olduğu müəyyən edilmiş və bu barədə xx.xx.2024-cü il tarixli DVX seriyalı 100004 nömrəli aktda qeydiyyat aparılmışdır. Hüquqi şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 037369 və 100004 nömrəli aktlar imza edilməsi üçün hüquqi şəxsin rəhbəri X2 təqdim edilmiş, lakin Əminə Mustafayeva heç bir səbəb göstərmədən tərtib edilmiş aktlara imza etməkdən imtina etmişdir. Odur ki, keçirilmiş operativ vergi nəzarəti tədbirinə dair tərtib edilmiş sənədlərin surəti vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********445000 və **********453300 nömrəli bildirişlərlə elektron qaydada və poçt vasitəsilə göndərilmişdir. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq operativ vergi nəzarəti tədbirinə dair tərtib edilmiş sənədlər imzalanmadan imtina edildiyi üçün barəsində qəbul ediləcək qərar üzrə operativ vergi nəzarəti materiallarına baxılmasında iştirak etməsi üçün göndərilmiş həmin bildirişlər vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə saat 17:40-da oxunmuşdur. Lakin təqdim edilmiş sənədləri xx.xx.2024-cü il tarixdə əldə etməsinə və xx.xx.2024-cü il tarixdə iş üzrə materiallara baxılmasında vergi ödəyicisinin iştirak etməsinin bildirilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi araşdırmada iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə vergi orqanına məlumat verməmişdir. Bununla da xx.xx.2024-cü il tarixdə iş üzrə materiallara baxılaraq Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildiyi üçün “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4339 nömrəli qərarla İddiaçı MMC barəsində 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinin dispozisiyasından da göründüyü kimi həmin maddə ilə vergi ödəyicisi tərəfindən həm nəzarət kassa aparatı, həm də POS-terminalla bağlı qaydaların pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi tənzimlədiyindən, vergi ödəyicisi tərəfindən həmin maddədə sadalanan bir neçə pozuntuya yol verilməsi halında yalnız pozuntulardan biri üzrə maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmuşdur. İşin hallarından da məlum olduğu kimi vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinin tələbinə uyğun olaraq vergi orqanında qeydiyyata alınmamış POS-terminaldan istifadə etməsi aktda nöqsan olaraq qeyd olunduğundan və eyni zamanda nəzarət kassa aparatından istifadə qaydaları pozulduğundan elektron sistem tərəfindən iki nöqsandan biri olan xx.xx.2024-cü il tarixli DVX seriyalı 100004 nömrəli aktın məlumatlarından avtomatik olaraq istifadə edilməklə qərar qəbul edilmişdir. Odur ki, qeyd olunan yanlışlıq 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-17/2-25399/2024 nömrəli qərarı ilə aradan qaldırılmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4339 nömrəli qərar və maliyyə sanksiyasının ödənilməsi barədə **********4340 nömrəli tələbnamə və qərara düzəliş edilməsi barədə 3-21-2-17/2- 25399/2024 nömrəli qərar vergi ödəyicisinə elektron qaydada və poçt vasitəsilə göndərilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, {İddiaçı MMC-nin aptekində işləyən işçisi X3 tanımadığı bir vergi işçisinə pampers satmış və alıcı onun pulunu kartla POSterminala ödəmiş və çıxıb getmişdir. Aradan bir müddət sonra həmin vergi işçisi yenidən aptekə qayıdaraq Əminəyə 1 (bir) manatlıq çek vur və mənə ver demiş, Əminə də ona həmin çeki vermişdir. Həmin vergi işçisi qanunsuz olaraq Əminədən onun adını soruşmuş və sonra adının həqiqətən Əminə olmasının doğruluğunu təsdiq edərək hər hansı bir ağ kağıza imza etməsini tələb etmiş və Əminə də qanunu bilmədiyindən vergi işçisinin dediyinə əməl etmiş və ağ kağıza imza edərək onu vergi işçisinə vermiş və vergi işçisi Əminənin imzasını alıb getmişdir.(Bu fakt aptekdə olan video kamera ilə öz təsdiqini tapır).} İddia ərizəsində qeyd olunanlara münasibətdə bildirilmişdir ki, hazırda iddia ərizəsində cəmiyyətin işçisi kimi təqdim olunan şəxs X3 əslində iddiaçının məhkəməyə təqdim etdiyi hüquqi şəxsin dövlət reyestrindən çıxarışdan da göründüyü kimi cəmiyyətin direktorudur. Operativ vergi nəzarəti zamanı Əminə Mustafayeva ağ kağıza deyil, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********4847 nömrəli qərarı və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla tanış edilmiş və həmin sənədlərə imza etmiş, lakin hüquqi şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 037369 və 100004 nömrəli aktları imza etməkdən imtina etmişdir. Tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 037369 nömrəli akta əlavə edilmiş obyektə quraşdırılmış nəzarət kassa aparatı çekindən də göründüyü kimi gün ərzində saat 17:06-dək NKA-na hər hansı məbləğ daxil edilməmiş, saat 17:10-da yalnız vergi orqanı əməkdaşları tərəfindən NKA-na bərpa etdikləri 3,40 manat məbləğ çek məlumatlarında öz təsdiqini tapmışdır ki, bu fakt vergi orqanı əməkdaşının Əminə Mustafayevaya “1 (bir) manatlıq çek vur ver” deməsi barədə iddiaçının iddiasını inkar edir. Axşam saatlarında daha dəqiq saat 17:06-dək aptek tərəfindən gün ərizində nəzarət kassa aparatından istifadə edilməməsi və 1-ci çekin məhz vergi orqanı əməkdaşlarının yayındırılmış məbləğin nəzarət kassa aparatına bərpa edilməsi nəticəsində nəzarət kassa aparatına daxil edilməsi faktı iddiaçı tərəfindən aptekdə quraşdırılmış video kameranın xx.xx.2024-cü il tarixə olan görüntülərinin məhkəməyə təqdim olunmasını zəruri edir. Bundan başqa məhkəməyə təqdim edilmiş hazırkı iddia ərizəsi ilə bağlı qeyd etmək zəruri hesab edilir ki, ilk növbədə iddia ərizəsi hüquqi şəxsin adından verilməsinə baxmayaraq, ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. İddia ərizəsi hüquqi şəxsin qanuni təmsilçisi X3 tərəfindən deyil, buna səlahiyyəti olmayan şəxs tərəfindən imza edilməklə verilmişdir. Digər tərəfdən iddia ərizəsi hüquqi şəxsin adından iddia vermək səlahiyyətinə malik olmayan şəxs tərəfindən verilməsi ilə yanaşı, işə əlavə edilmiş etibarnamə hüquqi şəxsin adından deyil, hüquqi şəxsin təsisçisi tərəfindən qardaşı X4 verilmiş etibarnamə əsasında hüquqi şəxsin təmsil olunması qanunvericiliyə ziddir. Məhkəmə icraatı iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları Hüquqi şəxs haqqında məlumat vərəqinə əsasən, İddiaçı MMC-yə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, xx.xx.2010-cu il tarixdə vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, **********4847 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən, İddiaçı MMC-yə məxsus olan obyektdə 1. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi; 2. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi (ləri) üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024 il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan obyektdə Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olmasına əsasən cari fəaliyyətlə əlaqədar plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 037369 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:06-da ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus aptekdən 1 (bir) paçka bez üçün 3,4 manat nağd sayda pul ödənilmiş, alınmış mala görə müştəriyə verilməli olan NKA çeki təqdim edilməmiş, həmin məbləğ saat 17:10-da NKA-ya 1474 saylı çeklə bərpa edilərək X hesabatı çıxarılmışdır. İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələblərini pozmuş və buna görə onun barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddiaçı MMC barəsində olan xx.xx.2024-cü il tarixli 17:09 vaxtlı X hesabatına əsasən, hesabat dövrü xx.xx.2024, dövriyyə 0.00; xx.xx.2024-cü il tarixli 17:10 vaxtlı Satış 1474 nömrəli çekə əsasən, 1 mala görə 3.40 manat ödənilib, gün ərzində vurulmuş 1-ci çek. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4339 nömrəli qərarı ilə, İddiaçı MMC Azərbaycan Respublikası VM-in 50.1.14-cü maddəsinə əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2024 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərar alınmışdır. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 21-2-17/2-25399/2024 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” qərarına əsasən Vergi ödəyicisi İddiaçı MMC (VÖEN: **********) barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4339 nömrəli qərarın əsaslandırma hissəsində texniki səhv olaraq göstərilən “100004” rəqəmləri “037369” rəqəmləri ilə, “POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminal qeydiyyatdan keçmədiyi, nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyən edilmişdir” sözləri isə “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunma vəziyyətinin pozulduğu müəyyən edilmişdir” sözləri ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixli **********4339 nömrəli qərarın 1-ci bəndində “VM-in 50.1.14-cü maddəsinə əsasən POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi” sözləri “Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması” sözləri ilə əvəz edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X8); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, cavabdeh Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********4847 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən, İddiaçı MMC-yə məxsus olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi (ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) cari fəaliyyətlə əlaqədar növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Həmin qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 037369 nömrəli aktdan görünür ki, xx.xx.2024cü il tarixdə saat 17:06-da ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus aptekdən 1 (bir) paçka bez üçün 3,4 manat nağd sayda pul ödənildiyi, alınmış mala görə müştəriyə verilməli olan NKA çeki təqdim edilmədiyi müəyyən edilmiş, həmin məbləğ saat 17:10-da NKA-ya 1474 saylı çeklə bərpa edilərək X hesabatı çıxarılmış və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4339 nömrəli qərarı ilə, İddiaçı MMC 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırda cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4339 nömrəli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2024-cü il tarixdə saat 17:06-da ünvan 1 ünvanında yerləşən İddiaçı MMCyə məxsus aptekdən 1 (bir) paçka bez üçün 3,4 manat nağd pulun ödənildiyi, lakin pulun nəzarət kassa aparatına vurulmadığı, müştəriyə verilməli olan NKA çeki təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC barəsində olan xx.xx.2024-cü il tarixli 17:09 vaxtlı X hesabatından görünür ki, hesabat dövrü üzrə xx.xx.2024-cü il tarixdə dövriyyə 0.00 olmuş, vergi orqanı tərəfindən bərpa edilmiş məbləğ üzrə xx.xx.2024-cü il tarixli 17:10 vaxtlı Satış 1474 nömrəli çekə əsasən, 1 mala görə 3.40 manat ödənilmiş və həmin çek gün ərzində vurulmuş 1-ci çek olmuşdur. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə nəzarət kassa aparatına sonradan vurulmuş 3.40 manat məbləğ üzrə çek gün ərzində vurulmuş 1-ci çek olmuşdur. Bu hal isə onu təsdiq edir ki, xx.xx.2024-cü il tarixdə gün ərzində İddiaçı MMC-yə məxsus olan aptekdə saat 17:10-dək edilmiş satışlar üzrə ödənilmiş məbləğlər nəzarət kassa aparatına vurulmamış, bununla da iddiaçı tərəfindən Vergi qanunvericiliyində nəzərdə tutulan əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilmişdir. Odur ki, İddiaçı MMC tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı MMC tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1347/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1347/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver