Məhkəmə qərarları › İş №2-1(114)-1348/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1348/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1348/2021 01.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Naiqin K "xxxx" MMC-nin cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X13, X3, X8, X4, X14 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olan Tovuz rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Naiqin K "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə X13, X3, X8, X4, X5 və ailə üzvlərinə 0,21 ha torpaq sahəsi (fərdi yaşayış evinin tikintisi üçün) verilməsinə dair JN 782 G (********) olan 11.04.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 12.02.2021-ci il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi verərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin əsl cavabdeh Tovuz rayon İcra Hakimiyyəti ilə dəyişdirilməsini və ilk iddia ərizəsində cavabdeh orqan kimi qeyd edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin cavabdehlikdən çıxarılmasını, X13, X3, X8, X4, X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişdir. Məhkəmənin 12.02.2021-ci il tarixli 2-1(114)-265/2021 nömrəli qərardadları ilə dəqiqləşmə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmiş, həmçinin həmin tarixli qərardadlarla cavabdeh əsl cavabdeh Tovuz rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş və X13,X3, X8, X4, X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin 11.03.2021-ci il tarixli, 2-1(114)-265/2021 nömrəli qərardadı ilə iddiaçı Naiqin K "xxxx" MMC-nin Tovuz rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X13, X3, X8, X4, X14) qarşı şəhadətnamənin ləğvi tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Naiqin K "xxxx" MMC-nin 15.04.2021-ci il tarixli apellyasiya şikayəti əsasında 2-1(114)-265/2021 nömrəli inzibati iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(104)-444/2021 nömrəli qərardadı ilə 2-1(114)-265/2021 nömrəli qərardad ləğv edilmiş sonrakı prossesual hərəkətlərin edilməsi üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi 05.07.2021-ci il tarixdə məhkəməyə dəqiqləşmə ərizələr verərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi və 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olan Tovuz rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05.07.2021-ci il tarixli 2-1(114)-1384/2021 nömrəli qərardadları ilə 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olan Tovuz rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi barədə dəqiqləşmə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmiş, həmçinin həmin tarixli qərardadlarla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, İbrahimhacılı kənd Bələdiyyəsinin 14 oktyabr 2004-cü il tarixli 1 saylı qərarı ilə İbrahimhacılı kənd ərazisindən Naiqin K "xxxx" MMC-yə 3,5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə aid 02.05.2005-ci il tarixdə Tovuz rayon İbrahimhacılı kənd Bələdiyyəsinin 14 oktyabr 2004-cü il tarixli 11 saylı Qərarı ilə JN 1094 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 16 iyul 1994-cü il tarixli 7 saylı protokolla 02 avqust 1994-cü il tarixdə AR Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlanmışdır. 15 fevral 2002-ci il tarixdə Baş Dövlət Texniki inventaıiaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 182 saylı A, B, Q mal tövləsi, V-süni mayalanma və D-çoban olacağı “Tovuz- Baltiya” LTD şirkətinin adma mülkiyyət hüququ əsasında reyestr nömrəsi ilə 222 saylı invertar nömrəsi olan 182 saylı reyestrdən çıxarış verilmişdir. Həmin çıxarış əsasında texniki pasport verilmişdir. Tovuz rayon Bələdiyyə orqanı ilə 17 sentyabr 2004-cü ilk tarixdə 0,34 ha zəbt olunmuş torpaq sahəsinin aid olduğu 3,5 ha torpaq sahəsinin alınması barədə 16 oktyabr 2004-cü il tarixli akt tərtib edilmişdir. 11.10.2004-cü il tarixdə həmin torpaq sahəsi barəsində rəy verilmiş və rəydə torpağın 2 ha hissəsi kənd təsərrüfatına yararsız və örüş 1,5 ha olması təsdiq edilmişdir. Tovuz rayon İbrahimhacılı bələdiyyəsinin AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə 27 oktyabr 2004-cü il tarixli 028 saylı məktubundan görünür ki, "xxxx" MMC-yə satılmış 3,5 ha torpaq sahəsi sahibkarlıq (maldarlıq) məqsədi üçün satılmışdır. Mülkiyyətlərində olan torpağın 0,34 ha hissəsi üçüncü şəxslər tərəfindən zəbt edilmiş və həmin ərazidə 370 kv.metr ölçüdə tikili (tövlə) inşa edilmiş və ərazini hasarlamışdır. Üçüncü şəxslərə Tovuz rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 14 №-li qərarı ilə 0,21 ha torpaq sahəsi (fərdi yaşayış evinin tikintisi üçün) verilmişdir və həmin qərar əsasında JN 782G (kod ********) olan 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə dövlət aktı verilmişdir. Tovuz rayon Aqrar İslahat Komissiyasının X9, X17, X6, X7 verdiyi 22 dekabr 1997-ci il tarixli 14 №-li qərarı ilə 0,21 ha torpaq sahəsi (fərdi yaşayış evinin tikintisi üçün) verilmişdir və həmin qərar əsasında JN 782G (kod ********) olan 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə verilmişdir. İş materiallarında olan 12 oktyabr 2020-ci il tarixli 354 saylı torpaq ekspertizasının rəyindən də görünür ki, iddiaçının adına qeydə alınmış 3,5 ha torpaq sahəsi 0,34 ha azdır. Üçüncü şəxslərə verilmiş 0,21 ha torpaq sahəsinə dair JN 782G saylı şəhadətnamə mülkiyyətlərdə olan 3,5 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin üzərinə əsassız işlənmişdir. Mülkiyyətimizə verilmiş 3,5 ha torpaq sahəsinin 0,21 ha şəhadətnamə üzrə əsassız verilmiş həyətyanı sahəsi və 0,34 ha əlavə tutulmuş sahə, cəmi 0,34 ha cavabdeh Tağıyev İsa tərəfindən zəbt edilərək istifadə olunur. Tovuz rayon məhkəməsibnin 26 dekabr 2002-ci il tarixli 20229/2002 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 30 dekabr 2006-cı il tarixli qətnaməsi ilə mübahisəli torpağın aid olduğu torpaq sahəsinin üzərinfdə mülkiyyət hüqüqları tanınmışdır. Hüquqi və faktiki olaraq iddiaçıya verilmiş 3,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsinin, yəni 0,21 ha hissəsinin təkrar fərdi yaşayış evinin tikintisi üçün cavabdehə verilməsinə dair ilkin torpaqayırma sənədlərinin, yəni Tovuz rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 14 №-li qərarı və JN 782G (kod ********) olan 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 01 noyabr 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh Tovuz Rayon İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, üçüncü şəxslər X13, X3, X8, X4, X14 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh Tovuz Rayon İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi nümayəndələrinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında üçüncü şəxslər X13, X3, X10 və X16 ayrı-ayrılıqda izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarına əlavə edilmiş JN-782G seriyalı, KOD 50300158 Torpağa mülkiyyət hüququna dair Şəhadətnaməsindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 22.12.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə X13, X11, X12, X6 və X7 0.21 ha torpaq sahəsi verilmişdir. Məhkəmə sorğusu əsasında cavablandırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 12.08.2021-ci il tarixli, **********38 nömrəli və Tovuz rayon İcra Hakimiyyətinin 30.09.2021-ci il tarixli, 7-12/104 nömrəli məktublarda Tovuz Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 14 saylı qərarının Tovuz Rayon Dövlət Arxivində mövcud olmadığı qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 22 dekabr 1997-ci il tarixli, 14 saylı qərar inzibati orqanlar tərəfindən mövcud olmadığı bildirilmiş və iddaçı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd etmək istəyir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən Tovuz Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 14 saylı qərar mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, inzibati aktın mövcud olmaması iddiaçı tərəfindən verilmiş iddianı mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Naiqin K "xxxx" MMC-nin cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X13, X3, X8, X4, X14 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olan Tovuz rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar