Məhkəmə qərarları › İş №2-1(114)-1348/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1348/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1348/2025 29.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür. Hazırda Goranboy rayonu, Meşəli kəndində müvəqqəti məskunlaşmışdır. xx.xx.1992-ci il tarixdə Kəlbəcər rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xidmətə başlamışdır. Təxminən bir ay sonra xidmətinə N saylı hərbi hissənin tərkibində davam etmişdir. Həmin dövrdə Kəlbəcər rayonu ərazisində döyüşlər aktivləşmişdir. Lakin buna baxmayaraq, hərbi hissənin komandanlığı tərəfindən xidmət etdiyi Zəylik zastavasından bütün əlaqə vasitələri və rabitə qurğuları əllərindən alınmış və düşmənin gizli parol və kodları ələ keçirməsi əsas gətirilmişdir. Sonradan məlum olmuşdur ki, hərbi hissə onlara məlumat vermədən Kəlbəcər rayonunu tamamilə tərk etmişdir. Heç bir məlumat əldə edə bilmədikləri üçün, eləcə də komandanlıqla rabitənin kəsilməsi səbəbindən 1993-cü ilin aprel ayının əvvəli düşmən qüvvələri tərəfindən mühasirəyə alınmışlar. Mühasirədə olmalarına baxmayaraq əllərində olan az saylı sursatla düşmənə qarşı uzun müddət müqavimət göstərmişdir. Həmin döyüşlər zamanı baş gizir Məhərrəmov İlqar və silah yoldaşları Bayramov Qaryağdı, Quliyev Əkbər, Nəcəfov Fazil, Kərimov Şahin, Dünyamalıyev Əfqan, Quliyev Əli, soyadlarını unutduğu Ramiz, Mürvət, Etibar və Qahir şəhid olmuşdur. Arxa cəbhədən heç bir dəstək gəlmədiyi üçün sursatları tükənmiş və günlərlə əlverişsiz hava şəraitində dağ cığırları ilə mühasirədən çıxmağı bacarmışlar. Mühasirədən çıxdıqdan sonra uzun müddət hərbi hissə ilə əlaqə yarada bilməmiş, silahı təhvil verməkdə ləngimə baş vermişdir. Belə ki, xidmətə geri dönmək üçün Hərbi Komissarlığa gedən zaman ona bildirilmişdir ki, onun və döyüş yoldaşlarının adları itkin düşmüş hərbi qulluqçuların siyahısında olduğundan xidmətə geri dönmək üçün rəsmi çağırış gözləmədir. Daha sonra xx.xx.1994-cü il tarixdə öhdəliyində olan silahı qəbzlə Kəlbəcər rayon Polis Şöbəsinə təhvil vermişdir. Bu zaman da ona döyüş yoldaşları ilə birlikdə guya hərbi hissəni öz başına tərk etdikləri üçün barələrində araşdırma aparıldığı bildirilmişdir. Halbuki, ona heç bir məlumat və döyüş ləvazimatları vermədən onları ölümə tərk edərək rayonu boşaltmış N saylı hərbi hissəyə mühasirədən çıxdıqdan sonra qayıtmağa cəhd etsək də mümkün olmamışdır. Beləliklə hakimiyyətə xalqın həqiqi prezidenti, ümumilli lider Heydər Əliyevin gəlməsi sonrasında haqq ədalət öz yerini tapmışdır. Belə ki, barəsində aparılan araşdırma ulu öndərin də diqqət mərkəzində olduğundan obyektiv araşdırma nəticəsində günahsız olduğu sübuta yetirilmişdir. Bunun nəticəsidir ki, Ulu öndərin xx.xx.1997-ci il tarixli amnistiya qərarı ilə onun və bir çox döyüş yoldaşlarının barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı həmin amnistiya qərarından sonra hərbi xidmətdən ehtiyata buraxılmışdır. Daha sonra xx.xx.1998-ci il tarixdə Kəlbəcər rayon Hərbi Komissarlığı tərəfindən hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. Həmin faktlar hərbi biletdə qeyd edilmişdir. Heç bir cinayət məsuliyyətinə cəlb edilməmişdir. İddiaçı hətta sözügedən tarixlərdə müharibə iştirakçısı kimi müavinətlərdən və müəyyən güzəştlərdən yararlansa da sonradan həmin güzəştlər heç bir əsas gətirilmədən kəsilmişdir. Bütün məlumatlar tam dəqiq və doğrudur. Həmin məlumatların doğruluğunu zastava komandiri X3 və döyüş yoldaşları X6, X8, X4, X5və X11 da şahid kimi təsdiq edə bilərlər. Bundan sonra iddaçı cavabdehə ərizə ilə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli qərarla “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh imtinasında döyüş əməliyyatları aparılan dövrdə xidmətin tam təsdiqlənməməsi və qanuni əsaslarla ehtiyyata buraxılmamağıma görə “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və hərbi xidməti ilə bağlı məlumatların tam şəkildə Müdafiə Nazirliyinin arxivində olmaması bir vətəndaş kimi onun hüquqlarının pozulmasına əsas ola bilməz. Çünki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və bunu sübut edən yetərincə sübutları var. Həmçinin, həmin dövrdə onunla bərabər döyüş yoldaşlarının bir çoxu hazırda müharibə iştirakçısı kimi tanınmış və veteran statusu almışdır. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, cavabdeh orqan hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş bilavasitə zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyinə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-ci il tarixli arxiv arayışına əsasən, iddiaçının xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arxiv çıxarışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 54 nömrəli Əmri ilə, zenit-raket artileriya batareyası, 3-cü tağım sürücü dartıcı İddiaçı (atasının adı yazılmamışdır) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 oktyabr 1991-ci il tarixli, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanununa müvafiq olaraq hərbi hissəyə daxil edilmiş və bütün növ təminatlarla təchiz olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arxiv çıxarışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 57 nömrəli Əmri ilə, zenit-raket artileriya batareyası, 3-cü tağım sürücü dartıcı İddiaçı (atasının adı yazılmamışdır) “Azərbaycan Respublikasının Silahlı Qüvvələri” haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 oktyabr 1991-ci il tarixli 210-Xİİ №-li qanuna əsasən, ştatın dəyişilməsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Tərtər Qarnizonu Hərbi Prokurorluğun 27 mart 1998-ci il tarixli Amnistiya qərarı tətbiq edilməklə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, N saylı hərbi hissənin sıravi əsgəri İddiaçı barəsində Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli Amnistiya qərarının İ.İ.İ.6-cı maddələri tətbiq edilməkə cinayət işi başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, İddiaçı 30 aprel 1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk edib getmiş və bir daha xidməti yerinə qayıtmamışdır. Onun qeyd olunan əməli törətməsi tam sübuta yetirilmişdir. Hərbi xidməti və döyüşlərdə iştirakı nəzərə alınmaqla barəsində cinayət işinin başlanması rədd edilməlidir. Azərbaycan Respublikası Kəlbəcər rayon hərbi komissarlığı tərəfindən verilmiş İddiaçı məxsus olan xx.xx.2008-ci il tarixli, AO ******* nömrəli hərbi biletdən və İddiaçı qeydiyyat kartasından görünür ki, N saylı hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdə şəxsi heyətin sihayısına daxil edilmiş, xx.xx.1994-cü il tarixdə siyahıdan çıxarılmış, Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli Amnistiya qərarının İ.İ.İ.6-cı maddələrinə əsasən ehtiyata buraxılmış, həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin xx.xx.1997-ci il tarixli Amnitsiya qərarına əsasən, Azərbaycan ordu sıralarındakı xidməti hesab edilməsin. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, 1974-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. Xidmət etdiyi hərbi hissəni tərk etdiyi üçün Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli Amnistiya qərarına əsasən, əfv olunaraq xx.xx.1998-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsində hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə və xx.xx.1992-ci il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N () №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin noyabr-dekabr 1992-ci il, mart-dekabr 1993cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin aprel-dekabr 1994-cü il ( o cümlədən N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 119 №-li əmrində) tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə nəzərdə tutulduğu kimi, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar əsasında verilir. Həmçinin qeyd olunan Əsasnamənin tələbinə görə, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan normanın mənasına görə, şəxsin hərbi xidmət keçməsi onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması ilə müəyyən olunur. İşdə olan İddiaçı məxsus olan xx.xx.2008-ci il tarixli, AO ******* nömrəli hərbi biletdən və İddiaçı qeydiyyat kartasından görünür ki, o, N saylı hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdə şəxsi heyətin sihayısına daxil edilmiş, xx.xx.1994-cü il tarixdə siyahıdan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 54 nömrəli Əmri ilə, zenitraket artileriya batareyası, 3-cü tağım sürücü dartıcı İddiaçı (atasının adı yazılmamışdır) hərbi hissəyə daxil edilmiş və bütün növ təminatlarla təchiz olunmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 57 nömrəli Əmri ilə, zenit-raket artileriya batareyası, 3cü tağım sürücü dartıcı İddiaçı (atasının adı yazılmamışdır) ştatın dəyişilməsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N () №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin noyabr-dekabr 1992-ci il, mart-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. Məhkəmə əvvəla qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı N () saylı hərbi hisənin xx.xx.1992-ci il tarixli, 54 nömrəli Əmri ilə, şəxsi heyətin siyahısına daxil edilmiş və bütün növ təminatlarla təchiz olunmuşdur. Lakin iddiaçıya məxsus olan hərbi bilet və fərdi uçot kartoçkasında sonuncunun xx.xx.1994-cü il tarixdə siyahıdan çıxarıldığı qeyd olunsa da, Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubunda N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 119 №-li əmrində İddiaçı ehtiyata buraxılması barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Digər tərəfdən Tərtər Qarnizonu Hərbi Prokurorluğun 27 mart 1998-ci il tarixli Amnistiya qərarı tətbiq edilməklə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı 30 aprel 1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk edib getmiş və bir daha xidməti yerinə qayıtmamışdır. Onun qeyd olunan əməli törətməsi tam sübuta yetirilmişdir. Barəsində Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli Amnistiya qərarının İ.İ.İ.6-cı maddələri tətbiq edilməkə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Tərtər Qarnizonu Hərbi Prokurorluğun göstərilən qərarından müəyyən olunur ki, iddiaçı 30 aprel 1994-cü il tarixdə qulluq etdiyi N () saylı hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmamış, hərbi hissəni özbaşına tərk edib getmiş və bir daha xidməti yerinə qayıtmamışdır. Onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli Amnistiya qərarının İ.İ.İ.6-cı maddələri tətbiq edilməkə cinayət işi başlanması rədd edilmişdir. Həmin Amnistiya qərarına əsasən də ehtiyata buraxılmış və hərbi qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, Hərbi Prokurorluğun göstərilən qərarında iddiaçının döyüşlərdə iştirakı qeyd edilsə də, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə görə, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilməsi nəzərdə tutulmur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar