Məhkəmə qərarları › İş №2-1(114)-135/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-135/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-135/2022 10.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8, Üçüncü şəxs X3 iştirakları ilə İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və X6) qarşı torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və X6) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müraciətinə susmasını imtina kimiu qəbul edib, həmin imtinanın qanunsuz hesab edilməsi və onun 40 ildən çoxdur ki, istifadəsində olan ünvan 1 ünvanın ətrafında yerləşən, onun evinin qarşısında yerləşən 15,70x12,50 metr ölçülərdə olan torpaq sahəsinin alqı-satqı edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Toxuculuq kombinatının balansında olan Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən Toxuculuq kombinatının çamaşırxanasının yanında 40 ildən çoxdur ki, sahibsiz torpaq sahəsinə sahiblənmişdir və həmin torpaq sahəsində yüngül konstruksiyadan kiçik bir sex inşa edərək, həmin sexlə indiyədək radiator təmir edə-edə ailəsini saxlamışdır. Hazırda onun hüquqları pozulmuş, mülkiyyət sənədləri olmasa da, mülkiyyət sənədləri olmayan başqa şəxslər tərəfindən təsir və təzyiqlərə məruz qalmalı olur. Həmin 15,70 x 12,50 metr ölçülərdə olan torpaq sahəsi 40 ildən çoxdur ki, onun sahibliyində və qanuni istifadəsindədir və o, həmin torpaq sahəsində radiator sexi açmışdır və uzun illərdir ki, ailəsini və uşaqlarını həmin sexdən aldığı gəlirlərlə dolandırır. O, həmin torpaq sahəsinin ona alqı-satqı edilməsi ilə bağlı Gəncə səhər Bələdiyyəsinə rəsmi qaydada müraciət etmiş, lakin onun müraciətlərinə nəinki Bələdiyyədən, eyni zamanda İcra Hakimiyyətindən və digər müvafiq səlahiyyətli orqanlardan imtina cavabı gəlmişdir və bəzi təşkilatlardan isə etdiyi müraciətə ümumiyyətlə cavab gəlməmişdir. Bələdiyyə isə məktubunu alsa da heç bir cavab yazmamışdır. Həmin qrumlar və təşkilatlar rəsmi müraciətlərinə baxmayaraq, ona qarşı etinasız yanaşırlar və bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq, inzibati məhkəmədə məcbur etmə ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalır. O, heç kəsin torpağını zəbt etməmiş və heç kəsin də mülkiyyət hüquqlarına xələl gətirməmişdir. İstifadə etdiyi torpaq sahəsi 1986-ci ildən onun sahibliyi və istifadəsindədir. Heç kəsin mülkiyyət hüququna xələl gətirmədən həmin torpaq sahəsini istifadə edir. Bu günkü tarixədək heç kəs ona həmin torpaq sahəsindən çıxmağı barədə heç bir irad bildirməmişdir və heç bir mübahisə ona qarşı qaldırılmamışdır. Əslində isə həmin ərazini və həmin ərazidə olan tikililəri almaq hüququnda üstünlük huququ ona məxsus olmuşdur və həmin qonşu əmlak ona təklif olunmalı olduğu halda başqasına satılması qanunsuz və əsassızdır. Onun 30 il müddətinə həmin torpağa sahiblik etməyinə dair və istifadə etməyinə də başqa orqanlar hüqüqi qiymət verməmişdir. Digər bir tərəfdən isə tikililər X1 olsa da torpaq sahəsi ona satılmamışdır və torpaq sahəsi dövlət mülkiyyətində qalmaqla özəlləşdirilməmişdir. Ümumiyyətlə həmin ərazinin yəni onun sexi olan ərazinin çamaşırxanaya heç bir aidiyyatı yoxdur. Çünki həmin ərazi çamaşırxananın ərazisi olsaydı, hələ sovet ittifaqi vaxtından oranın onun tərəfindən istifadə olunmasına və tikinti aparılmasına imkan verilməzdi. Yəni onun sexi heç kəsin mülkiyyət hüquqlarını məhdudlaşdırmır və ya mülkiyyət hüquqlarını həyata keçirtməyə maneə olmur. İstifadə məsələsinə qalası olsa həmin əraziyə onun nə qədər istifadə hüququı varsa və yaranmışdırsa, belə çıxır ki, qonşuluqda yerləşən tikilinin sahibi ondan sonra tikili özəlləşdirdiklərinə görə onlara münasibətdə istifadə hüququ yaranmamış olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Bələdiyyəsinin onun istifadəsində olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin sənədləşdirilməsindən imtinalarını qanunsuz və əsassız hesab edir. İş üzrə şifahi məhkəmə baxışı iclası 10 may 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi hazırda üçüncü şəxsin qanuni istifadəsinə verilmişdir. İddiaçının həmin torpaq sahəsinə dair heç bir hüquqi sənədi yoxdur. Ona görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, mərhum X2 şəhəri Toxuculuq kombinatının balansında olan Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən Toxuculuq kombinatının çamaşırxanasını 09 iyul 2001-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. Ona 23 yanvar 2002-ci il tarixdə 001092 saylı qeydiyyat nömrəsi ilə çamaşırxanaya mülkiyyətlə bağlı şəhadətnamə verilmişdir. Qeyd edilən mülkün tikililər olan sahəsi 206.4 kv.m təşkil edir. Mülkün yerləşdiyi torpaq sahəsi 1803 kv.m təşkil edir. O, X4 hüquqi varisidir. Hazırda cavabdeh İddiaçı ona məxsus olan mülkdə qanunsuz sex tikmişdir. Dəfələrlə qanunsuz tikilinin sökülməsini tələb etməsinə baxmayaraq, onların iradına məhəl qoymamışdır. Hazırda onun hüquqları pozulmuş, mülkiyyət sənədlərinin olmasına baxmayaraq, ona məxsus mülkiyyətdən istifadə edə bilmir. Həmçinin, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(043)-36/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Dövlət Əmlak Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən Gəncə şəhəri, Toxuculuq kombinatının yaşayış qəsəbəsi, M.Bağırov küçəsində yerləşən çamaşırxanaya dair verilmiş 16.12.2000-ciil tarixli, 001688 nömrəli texniki pasporta uyğun olaraq iddiaçı X4 istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində cavabdeh İddiaçı tərəfindən 5.30 m enində, 5.70 m uzunluğunda, 2.60 hündürlükdə mişar daşından inşa olunmuş qeyri-yaşayış sahəsi olan təmir sexinin cavabdeh İddiaçı hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının sahibliyinə verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(043)-36/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(043)-36/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Dövlət Əmlak Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən Gəncə şəhəri, Toxuculuq kombinatının yaşayış qəsəbəsi, M.Bağırov küçəsində yerləşən çamaşırxanaya dair verilmiş 16.12.2000-ci il tarixli, 001688 nömrəli texniki pasporta uyğun olaraq iddiaçı X4 istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində cavabdeh İddiaçı tərəfindən 5.30 m enində, 5.70 m uzunluğunda, 2.60 hündürlükdə mişar daşından inşa olunmuş qeyri-yaşayış sahəsi olan təmir sexinin cavabdeh İddiaçı hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının sahibliyinə verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2(104)-3150/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(043)-36/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.02.2022-ci il tarixli, 2(102)- 1126/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2(104)-3150/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinin üçüncü şəxsin qanuni istifadəsində olması yuxarıda qeyd olunan məhkəmə qərarları ilə öz təsdiqini tapdığından və iddiaçının həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmadığından məhkəmə hesab edir ki, iddiaçı hazırda həmin torpaq sahəsinin ona satılması ilə bağlı subyektiv hüquqa malik deyildir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və X6) qarşı torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamış və həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və X6) qarşı torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar