Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-135/2023 02.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi, pensiyanin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və hüquqi yardıma görə ödədiyi 100 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9012/2022 nömrəli qərardadına əsasən iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alır. Əmək pensiyası ona DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı pensiya təyin olunduqdan sonra 7 ildən çox əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək pensiyaya çıxdıqdan sonra işlədiyi 7 il müddət ərzində qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin müraciəti bu günə qədər cavabsız və nəticəsiz qalmışdır. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi « təyin olunmuş əmək pensiyanın yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, pensiyanin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı 6 oktyabr 2007-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyasının sığorta hissəsi 243,30 manat, qulluq stalına görə əmək pensiyasına əlavə 1303,20 manat olmaqla, cəmi 1546,50 manat məbləğində ödənilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 29401,84 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 166 aya bölünərək əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 420,42 manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği həmin artımlar qədər azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 420,42 manat, qulluq staiına görə əmək pensiyasına əlavənin məbləği isə 1126,08 manat təşkil edir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, İddiaçı 6 oktyabr 2007-ci il tarixində təyin edilmiş pensiya məbləği yenidən hesablanaraq (səbəb “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən) hazırki pensiya məbləği 1546,50 manat müəyyən edilmişdir. -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, İddiaçı pensiya məbləğinin yenidən hesablanması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında və 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə iddianın “qərarın ləğv edilməsi” hissəsinə dair mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarında şikayət vermə müddəti qeyd edilmədiyindən iddiaçının həmin qərardan “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən 6 ay müddətində şikayət vermək hüququ olmuşdur. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması ilə bağlıdır. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya Müdafiə Nazirliyi tərəfindən məlumat vərəqəsi verilmiş, iddiaçıya ilkin olaraq xidmət illərinə görə xx.xx.2007-ci il tarixdə pensiya təyin edilmişdir. İddiaçı həmin vaxtdan sonra əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında 29401,84 manat pensiya kapitalı yığmışdır. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərara əsasən iddiaçıya güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası yenidən hesablanmış, hesablamaya qədər pensiya məbləği 1546,50 manat (sığorta hissəsi 243,3+qulluq əlavəsi 1303,20) olmuş; hesablamadan sonra 1546,50 manat (sığorta hissəsi 420,42 +qulluq əlavəsi 1126,08) təşkil etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar "Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən, pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yasından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və ' hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100 faiz həcmində onun pensiyasına qulluq stajına görə əlavə edilir. Təminat xərcliyi dedikdə, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədən kənarvəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi). Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qulluq illərinə əlavənin hesablanması qaydası isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixinə qədər qüvvədə olan 2-ci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İşin faktiki hallarına əsasən də, iddiaçıya xx.xx.2007-ci il tarixdə pensiya təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətinə davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığmışdır. Qeyd edilməlidir ki, iddiaçının əmək pensiyası DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarına əsasən yenidən hesablanaraq onun 29401,84 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 166 aya bölünərək əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 420,42 manat müəyyən edilmiş, eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği həmin artımlar qədər azaldılmış, nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 420,42 manat, qulluq staijna görə əmək pensiyasına əlavənin məbləği isə 1126,08 manat təşkil etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Odur ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilməli, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalı və yenidən hesablama nəticəsində yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin. İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması və yenidən hesablama nəticəsində yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-135/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-135/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver