Məhkəmə qərarları › İş №2-1(114)-1350/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1350/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1350/2022 17.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 3 il 07 ay 23 gün, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək 1 il 06 ay 03 gün, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 26 gün, 1980-ci ildən 1995-ci ilədək 15 il 3 ay, 1995-ci ilin mart ayından xx.xx.1995-ci ilədək 05 ay, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3 il, cəmi 25 il 10 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1957-ci il tarixdə Bərdə rayonun Hacallı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla Hacılar kəndində yaşayır. İddiaçı xx.xx.1971-ci il tarixli, 74 saylı əmrə əsasən Yüngül Sənaye texnikumunun “Pambıq əyriciliyi istehsalatı” ixtisasının əyani şöbəsinə qəbul olunmuş, xx.xx.1975-ci il tarixli, 25 nömrəli əmrə əsasən həmin ixtisas üzrə əyani şöbənin tam kursunu bitirmiş və ona “Texnik-texnoloq” ixtisası üzrə 1457 qeydiyyat nömrəli, Ц seriyalı 532948 nömrəli diplom verilmişdir. İddiaçı xx.xx.1975-ci il tarixli, 57 nömrəli əmrlə Kirovabad şəhəri Sənaye Tikinti Materiallarında usta vəzifəsinə qəbul olunmuş, xx.xx.1976-cı il tarixli, 163 nömrəli əmrlə həqiqi hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. Sonuncu xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus xx.xx.1993-cü il tarixdə açılmış, latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmiş ******* nömrəli əmək kitabçasındakı məlumatlara əsasən iddiaçı xx.xx.1993-cü il tarixli, 24 nömrəli əmrlə həmin tarixdən Kürdboranı kənd orta məktəbində açılmış voleybul qrupuna məşqçi-müəllim təyin edilmiş, xx.xx.1995-ci il tarixli, 05 nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən həbs olunduğu üçün tutduğu vəzifədən azad edilmiş, xx.xx.2007-ci il tarixli, 243 nömrəli əmrlə həmin tarixdən Kəlbəcər rayon 43 nömrəli orta məktəbində bədən tərbiyə müəllimi təyin edilmiş, xx.xx.2008-ci il tarixli, 331 nömrəli əmrlə işdən azad edilmişdir. İddiaçı 1980-1995-ci illərdə əmək günü norması ilə fəaliyyət göstərən Bərdə rayonun sabiq Şortəpə kolxozunda işləmişdir. İ qrup əlilliyi olan şəxsə - oğlu X2 qulluq etdiyi üçün iddiaçıya xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçı pensiya təyinatı məqsədilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qarabağ regional filialına müraciət etmiş, sonuncu isə iddiaçının sənədlərinin aidiyyəti üzrə baxılması üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) göndərmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim edilən diplomun və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1975-ci il tarixindək təhsil dövrü, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla ) 8 il 3 ay 16 gün təşkil edir. Məlumat üçün bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydalara 2 nömrəli əlavənin 1.2-ci yarımbəndinə əsasən ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədləri (əmək kitabçası və ya əmək fəaliyyətiniz barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) Bərdə regional "ASAN xidmət" mərkəzinə və ya Fondun Qarabağ regional filialına təqdim etdikdən sonra iddiaçının yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. Eyni zamanda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.10-cu bəndinə əsasən sözügedən Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Bildirilir ki, iddiaçı xeyrinə sığorta fəaliyyəti həyata keçirilən olmadığı üçün övladı X2 qulluq etdiyi müddəti (3 il 1 ay 16 gün) onun sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, sığorta stajını təsdiq edən əlavə sənəd təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək dövrləri zərurət olduğu halda araşdırıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 3 il 07 ay 23 gün, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək 1 il 06 ay 03 gün, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 26 gün, 1980-ci ildən 1995-ci ilədək 15 il 3 ay, 1995ci ilin mart ayından xx.xx.1995-ci ilədək 05 ay, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3 il, cəmi 25 il 10 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək əlavə olaraq ona yaşa görə əmək pensiyasının da təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli protokol-qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1971-ci il tarixdən 2019-cu il tarixə qədər bir çox idarələrdə müxtəlif sahələrdə işləmiş və oxumuşdur. 24 avqust 1971-ci il tarixdə 74 saylı əmrə əsasən X3 " Pambıq əyriciliyi istehsalı" ixtisasının əyanı şöbəsinə daxil olmuş və 17 aprel 1975-ci il tarixdə 25 saylı əmrə əsasən həmin ixtisas üzrə əyani şöbənin tam kursunu bitirmiş, 28 aprel 1975-ci il tarixdə 57 nömrəli əmrə əsasən Kirovabad şəhəri Sənaye Tikinti Maetriallarında usta vəzifəsində işə qəbul olmuş və 31 oktyabr 1976-cı il tarixdə həqiqi hərbi xidmətə çağırıldığı üçün işdən azad olmuş, 13 noyabr 1976-cı il tarixdən 09 dekabr 1978-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuş, 1980-ci il tarixdən 1995-ci il tarixə kimi Şortəpə kolxozunda inzibatidə işləmiş, kolxozda işlədiyi müddət ərzində 15 fevral 1993-cü il tarixdən 01 sentyabr 1995-ci il tarixə kimi Kürdborakı kənd tam orta məktəbində bədən tərbiyə müəllimi olaraq işləmiş, 1995-ci ilin mart ayında Kolxozdan azad olduqdan sonra 5 ay müddətinə məktəbdə müəllim olaraq fəaliyyət göstərmiş, 15 dekabr 2007-ci il tarixdən 25 avqust 2008-ci il tarixə kimi Kəlbəcər rayon 43 saylı orta məktəbdə Bədən tərbiyə müəllimi olaraq fəaliyyət göstərmişdir. Həmçinin övladı X5 anadan gəlmə İ qrup əlil olduğu üçün iddiaçı təyinat ilə 01 aprel 2019cu il tarixdən bu vaxta qədər ( 01 aprel 2022-ci il) övladına baxdığı üçün müavinat almışdır. İş qabiliyyətinin olmasına baxmayaraq övladına baxdığı üçün müavinat almışdır. Hal-hazırda heç bir yerdə işləmir. İşlədiyi dövrlərdə əmək stajının iş stajına əlavə olunaraq əmək pensiyasının verilməsi ilə əlaqədar hazırki iş üzrə cavabdehə müraciət etmiş, lakin 15 mart 2022-ci il tarixli **********5 saylı məktub ilə qeyd olunan əsaslara görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməsindən imtina etmiş, onun 25 il 10 ay 22 gün olan əmək stajını iş stajına əlavə etməkdən imtina etdilər. Halbuki, iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 3 il 07 ay 23 gün, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək 1 il 06 ay 03 gün, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 26 gün, 1980-ci ildən 1995-ci ilədək 15 il 3 ay, 1995-ci ilin mart ayından xx.xx.1995-ci ilədək 05 ay, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3 il, cəmi 25 il 10 ay 22 gün olan iş stajı arxiv arayışlarında da qeyd olunmuşdur. Lakin cavabdeh bunu nəzərə almamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barəsində iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İddiaçının şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etirazını, daha sonra etirazda səhvlərə görə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli etiraza əlavəni təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçının müraciətinə aidiyyəti üzrə baxılmış və Filialın müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli imtina məktubunda bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci, 1.0.2-ci və 7-ci maddələrinin məzmunundan göründüyü kimi, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq: 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki, iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 05 il 03 ay 04 gün təşkil edir - 1) xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək X4 əyani təhsil aldığı 03 il 02 ay 15 gün; 2) xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Sovet ordusunda hərbi xidmət keçdiyi 02 il 18 gün (Qeyd: İmtina məktubunda mübahisəli olmayan dövrlər texniki səhv olaraq 08 il 03 ay 16 gün qeyd edilmişdir). İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 19 il 03 ay 21 gün təşkil - 1) xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək X4 əyani təhsil aldığı 05 ay 08 gün; 2) xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Kirovabad şəhəri Sənaye Tikinti Materiallarında işlədiyini iddia etdiyi 01 il 06 ay 03 gün; b3) 1980-ci ildən 1995-ci ilədək "Şortəpə" kolxozunda işlədiyini iddia etdiyi ümumilikdə 15 il 03 ay; 4) 1995ci ilin mart ayından xx.xx.1995-ci ilədək Kürdborakı kənd tam orta məktəbində işlədiyini iddia etdiyi 05 ay 5) xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Kəlbəcər rayon-43 saylı orta məktəbdə işlədiyini iddia etdiyi 08 ay 10 gün 6) xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək İ dərəcə əlil övladı X2 qulluq etdiyi 03 il. İddiaçının mübahisələndirilən sığorta stajına dair onun əmək kitabçasında heç bir qeyd aparılmamışdır. Belə ki, iddiaçı inzibati icraatın aparılması zamanı ona məxsus heç bir əmək kitabçası təqdim etməmişdir. İddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək X4 xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək əyani təhsil aldığı 05 ay 08 gün dövrlə bağlı bildirilir ki, sözügedən dövrlər onun əmək qabiliyyətli yaş dövrü olmadığından sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Onun xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Kirovabad şəhəri Sənaye Tikinti Materiallarında işlədiyini iddia etdiyi dövrlərlə bağlı iddiaçı "X6" ASC-nin xx.xx.2022-ci tarixli 232 nömrəli arxiv arayışını təqdim etməsinə baxmayaraq, həmin arayışda iddiaçının işlədiyini iddia etdiyi dövrlərə dair dolğun məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən arxiv arayışında onun işdən azad olunması barədə əmr "həqiqi hərbi xidmətə çağırılıb" olaraq qeyd edilmiş, həmin dövrlərə dair əməkhaqqı cədvəlləri təqdim edilməmişdir. 1980-ci ildən 1995-ci ilədək "Şortəpə" kolxozunda işlədiyini iddia etdiyi ümumilikdə 15 il 03 ay müddətlə bağlı bildiririk ki, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022ci il tarixli 31 nömrəli arxiv arayışında onun 1995-ci il tarixdə kolxozda işlədiyi dövrlə bağlı əmək günü barədə qeyd qeyri-aşkardır. Həmçinin iddiaçının 1995-ci ilin mart ayından xx.xx.1995-ci tarixədək Kürdborakı kənd tam orta məktəbində işlədiyini iddia etdiyi 05 ay dövrlə əlaqədar hər hansı sənəd aşkar edilməmişdir. Belə ki, həmin dövrlərə dair əmək kitabçasının mövcud olmaması ilə yanaşı heç bir əlavə sənəd də inzibati icraat zamanı təqdim edilməmişdir. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Kəlbəcər rayon 43 saylı orta məktəbdə işlədiyini iddia etsə də, elektron "Sığorta Alt Sistemi"ndə onun məcburi dövlət sığorta haqlarını ödəməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Qeyd edirik ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra - "Qaydalar") 3-cü hissəsində Sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 N-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 №o-li qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi" Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək İ dərəcə əlil övladı X2 qulluq etdiyi 03 il dövr ərzində sosial müavinət aldığına görə həmin dövrlərin sığorta stajına daxil edilməsini tələb etmişdir. Lakin həmin dövrlərin sığorta stajı kimi nəzərə alınması qanunvericiliyə ziddir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən qrup əlilə və va sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti organlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Həmin qulluq aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun gonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib edilməlidir. Digər tərəfdən həmin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.10-cu bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Beləliklə, iddiaçı xeyrinə sığorta fəaliyyəti həyata keçirilən olmadığından İ dərəcə əlil övladı X2 qulluq etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək X4 eyani təhsil aldığı 05 ay 08 gün, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Kirovabad şəhəri Sənaye Tikinti Materiallarında işlədiyini iddia etdiyi 01 il 06 ay 03 gün, 1980-ci ildən 1995-ci ilədək "Şortəpə" kolxozunda işlədiyini iddia etdiyi ümumilikdə 15 il 03 ay, 1995-ci ilin mart ayından xx.xx.1995-ci ilədək Kürdborakı kənd tam orta məktəbində işlədiyini iddia etdiyi 05 ay, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Kəlbəcər rayon 43 saylı orta məktəbdə işlədiyini iddia etdiyi 08 ay 10 gün və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək İ dərəcə əlil övladı X2 qulluq etdiyi 03 il onun sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab edilmir, bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtinası; cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etirazı və xx.xx.2022-ci il tarixli, **********8 nömrəli etiraza əlavə; sosial arayış; Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 31 nömrəli arayışı və xx.xx.2022-ci il tarixli, 129 nömrəli məktubu; “X6” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 232 nömrəli arxiv arayışı; Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin xx.xx.2022-ci il tarixli, 01/2067 nömrəli arxiv arayışı və xx.xx.2022-ci il tarixli, 401 nömrəli məktubla sənədlər; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 111 nömrəli arayışı; iddiaçıya məxsus НЗ3353160 nömrəli hərbi biletin surəti; iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti; inzibati icraat materiallarının təsdiq edilmiş surəti; X7 filialının xx.xx.2022-ci il tarixli, 812(214)/3 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (xx.xx.2022-ci il tarixdə 65 il yaşına çatmışdır). İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı qismən əsaslı hesab edir. İddiaçı məhkəmədən pensiya təyinatı ilə bağlı aşağıdakı dövrlərin sosial sığorta stajına daxil olunmasını tələb edir: 1) xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 3 il 07 ay 23 gün müddətində təhsil aldığı dövr; 2) xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək 1 il 06 ay 03 gün müddətində Kirovabad şəhəri Sənaye Tikinti Materiallarında işlədiyi dövr; 3) xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 26 gün müddətində hərbi xidmətdə olduğu dövr; 4) 1980-ci ildən 1995-ci ilədək 15 il 3 ay müddətində kolxozda işlədiyi dövr; 5) 1995-ci ilin mart ayından sentyabr ayınadək 05 ay müddətində Kürdborakı kənd tam orta məktəbində işlədiyi dövr; 6) xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3 il müddətində İ qrup əlilliyi olan şəxsə qulluq etdiyi dövr

1. Məhkəmə təhsil dövrü ilə bağlı qeyd edir ki, araşdırma zamanı iddiaçının xx.xx.1971-ci il tarixli, 74 saylı əmrə əsasən Yüngül Sənaye texnikumunun “Pambıq əyriciliyi istehsalatı” ixtisasının əyani şöbəsinə qəbul olunduğu, xx.xx.1975-ci il tarixli, 25 nömrəli əmrə əsasən həmin ixtisas üzrə əyani şöbənin tam kursunu bitirdiyi müəyyən olunur. Qeyd edilən dövr üzrə 03 il 07 ay 23 gün müddət hesablansa da, cavabdeh xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək olan 03 il 02 ay 15 müddəti qəbul edir. Cavabdeh etirazında qalan dövrün əmək qabiliyyətli yaş dövrü olmadığı üçün xx.xx.1971ci il tarixdən xx.xx.1971-ci il tarixədək olan 05 ay 08 gün müddəti nəzərə almır. Məhkəmə cavabdehin bu mülahizəsini qəbul etmir və bildirir ki, Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (İşə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. İddiaçının 14 yaşda əmək fəaliyyətində olması, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçının xx.xx.1971-ci il tarixində 14 yaşı tamam olduğundan və həmin vaxtdan sonrakı əmək, təhsil stajı onun sosial sığorta stajına daxil edilməlidir.

2. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Kirovabad şəhəri Sənaye Tikinti Materiallarında işlədiyi dövrün sosial sığorta stajına daxil olunmasından imtina etməsinin əsası onun əmək kitabçasının olmaması, təqdim edilmiş arayışda dolğun məlumat aşkar edilməməsi, işdən azad edilmə barədə əmrin “həqiqi hərbi xidmətə çağırılıb” olaraq qeyd edilməsi və əmək haqqı cədvəllərinin təqdim edilməməsidir. Məhkəmə bununla bağlı qeyd edir ki, əmək kitabçasının olmaması özlüyündə iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi üçün əsas deyildir. Çünki iddiaçı onun əmək fəaliyyətinə dair işlədiyi müəssisənin arayışını təqdim etmişdir. İddiaçının əmək fəaliyyətinin əvvəlki dövründə, yəni xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinin birgə təhlili əsasında araşdıraraq qeyd edir ki, xx.xx.2006-ci ilədək iş stajını subut edən əsas sənəd kimi əmək kitabçası qəbul olunurdu. Lakin qanunvericiliyin “iş stajını subut edən əsas sənəd əmək kitabçasıdır” göstərişi, cavabdehin etiraz dəlillərində ümumiləşdirilmiş şəkildə ifadə olunan “əmək stajını təsdiq edən yeganə sübut əmək kitabçasıdır” nəticəsini doğurmur. Əksinə, qanunvericilik əmək kitabçasında müvafiq qeydlər olmadığı halda iş stajının təsdiq edən sənədlər kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarının, habelə arxiv sənədlərinin nəzərə alınmasını tələb edirdi. Təqdim edilən arayışda əksini tapmış məlumatların həqiqiliyini şübhə altına almağa əsaslar təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı qeyd edilən müəssisənin sənədlərinin X7 filialına təhvil verilmədiyi, müəssisənin hüquqi varisinin fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında müəssisənin faktiki fəaliyyət göstərmədiyini, lakin sənədlərin idarə binasında olduğunu, həmin sənədlər əsasında iş yeri barədə arayış aldığını bildirmişdir. Cavabdeh orqan nə inzibati icraat zamanı, nə də məhkəmə prosesi gedişində həmin müəssisə ilə bağlı, ümumiyyətlə iddiaçının müraciəti əsasında heç bir inzibati icraat aparmamış, yalnız ona təqdim edilən sənədlər əsasında imtina cavabı vermişdir. Halbuki, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq imtina barədə əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Bununla bağlı, Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Kirovabad şəhəri Sənaye Tikinti Materiallarında işlədiyi 1 il 06 ay 03 gün müddət sosial sığorta stajına daxil edilməlidir.

3. Hərbi xidmət olduğu dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı hərbi biletinin açıldığı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsini tələb etsə də, işdəki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin arayışından və hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş və həmin dövr üzrə 02 il 18 gün müddəti inzibati orqan tərəfindən mübahisələndirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz.

4. Tələbin “1980-ci ildən 1995-ci ilədək kolxozda işlədiyi dövr” bağlı hissəsində isə inzibati orqanın münasibəti aydın deyildir. Belə ki, cavabdeh imtinasında və etirazında iddiaçının yalnız təhsil və hərbi xidmət dövrünün mübahisələndirilmədiyini qeyd etsə də, etirazında kolxoz dövrü ilə bağlı yalnız 1995-ci il üzrə əmək günü barədə qeyri-aşkar qeyd olduğuna istinad etmişdir. Halbuki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icraat materiallarındakı cədvəldə iddiaçının kolxozdakı stajı üzrə 15 il 03 ay müddət hesablanmışdır. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə, habelə “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə və 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. İddiaçının təqdim etdiyi arxiv arayışına görə, “Şortəpə” kolxozunda minimum əmək günü norması 200 əmək günü müəyyən edilmiş, iddiaçı 1980-1994-cü illərdə kolxozda müəyyən edilmiş əmək iştirakı normasını yerinə yetirmiş, 1995-ci il üzrə isə əmək haqqı (62.000) almışdır. Beləliklə, iddiaçının kolxozda işlədiyi illər 15 il 3 ay təşkil edir. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.1-ci bəndinin 1-ci hissəsinə əsasən iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.

5. İddiaçı 1995-ci ilin mart ayından sentyabr ayınadək 05 ay müddətində məktəbində işləməsinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İşdəki latın qrafikalı Azərbaycan dilində xx.xx.1993-cü il tarixdə açılmış əmək kitabçasındakı məlumata əsasən iddiaçı xx.xx.1993-cü il tarixli, 24 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli, 5 nömrəli əmrlə xx.xx.1995-ci il tarixdə işdən azad edilmişdir. Həmin qeydlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Bərdə rayon Təhsil şöbəsi möhürü ilə təsdiqlənmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılmışdır. Bu isə əmək kitabçasındakı məlumatların mötəbərliyinə şübhələr yaradır. Məhkəmə tərəfindən əmək kitabçasındakı qeydlərlə bağlı müvafiq olaraq Bərdə rayon Dövlət Arxivinə, Bərdə rayon Təhsil şöbəsinə sorğular göndərilsə də, iddiaçının həmin dövr üzrə əmək fəaliyyəti ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz.

6. Sonuncu olaraq iddiaçının İ dərəcəli əlilə qulluq dövrlə bağlı cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçının xeyrinə sığorta fəaliyyəti həyata keçirilən sığortaolunan deyildir. Məhkəmə cavabdehin bu arqumentini əsassız hesab edir. Əvvala, Sosial sığorta haqqında Azərbaycan Respublikasının 11-ci maddəsində sığortaolunanların vəzifələri sadalanmışdır. Həmin maddədə sığortaolunanın üzərinə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmaq vəzifəsi qoyulmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və İ dərəcə əlilliyi olan şəxsə qulluq edilməsi dövrünün sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.16-cı bəndinə əsasən İ dərəcə əlilliyi olan şəxsə qulluqetmə müddəti üzrə aşağıdakı sənədlərə əsasən sosial sığorta stajı müəyyən edilir:

1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayən-dəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

2. “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; Hazırkı iş üzrə də iddiaçı İ qrup əlilliyi olan şəxsə qulluq etdiyi üçün ona xx.xx.2019cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsi barədə müvafiq MEİS-in sosial müavinət və təqaüd haqqında arayışı təqdim etdiyi üçün məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Beləliklə, inzibati orqan tərəfindən mübahisələndirilməyən 05 il 03 ay 03 gün müddət nəzərə alınmaqla, məhkəmə tərəfindən yuxarıda qeyd edilən müddət - xx.xx.1971xx.xx.1972-ci il təhsil dövrü üzrə 05 ay 08 gün; xx.xx.1975-xx.xx.1976-cı il əmək fəaliyyəti dövrü üzrə 01 il 06 ay 03 gün; 1980-1995-ci illər kolxozdakı əmək fəaliyyəti dövrü üzrə 15 il 08 ay; xx.xx.2019-xx.xx.2022-ci illərdə İ dərəcəli əlilə qulluq dövrü üzrə 3 il) sosial sığorta stajına daxil edildikdə, ümumilikdə 25 ildən çox - 25 il 09 ay 14 gün sığorta stajı vardır. Göründüyü kimi, ƏPQ-nun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçıya hüququ yarandığı tarixdən xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1971-xx.xx.1972-ci illərdə X4 təhsil aldığı 05 ay 08 gün; xx.xx.1975xx.xx.1976-cı illərdə Kirovabad şəhəri Sənaye Tikinti Materiallarında işlədiyi 01 il 06 ay 03 gün; 1980-1995-ci illərdə Bərdə rayon sabiq “Şortəpə” adına kolxozda işlədiyi 15 il 08 ay; xx.xx.2019-xx.xx.2022-ci illərdə İ dərəcəli əlilə qulluq etdiyi 3 il müddətin sosial sığorta stajına daxil edilərək ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar