Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1352/2024 08.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 25.05.2006-cı il tarixli JN-451A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı protokolu ilə X2 mülkiyyətinə 0.04 ha torpaq sahəsi verilmişdir.
2. 20.07.2006-cı il tarixli torpağın bağışlama müqaviləsindən görünür ki, X11 ona məxsus olan Gəncə şəhərində yerləşən 0.04 ha torpaq sahəsini qızı X7 bağışlamışdır.
3. Hüquqların X10 daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı xx.xx.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi X5 adına qeydə alınmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11060/2023 nömrəli daşınmaz əmlakın texniki pasportunun hazırlanmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Torpağın mülkiyyətinə verilməsinə dair JN-451 saylı şəhadətnamənin əsasında xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Lakin şəhadətnamə adlı siyahıda (DBF) və (DWG) Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı üçün Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması mümkün olmamışdır. Aparılan araşdırma zamanı, bələdiyyə xəritəsinə əsasən faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-451 saylı şəhadətnamənin əsasında Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatına alınmasının təsdiqinin cavabdehin üzərinə qoyulması tələbini tətbiq edərək qərar qəbul edilməsini edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü (Mülkiyyət), 25-ci (bərabərlik hüququ) 26-cı (İnsan və vətəndaş hüquqlarının və azdlıqlarının müdafiəsi), 29-cu (Mülkiyyət hüququ), 52-ci (Vətəndaşlıq hüququ), 53-cü (Vətəndaşlıq hüququnun təminatı), və 60-cı (Hüquq və azadalıqların məhkəmə təminatı) maddələrinin tələblərini, "İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi Haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərini Azərbaycan Respublikası Məcəlləsinin 152, 153, 154 və 157-ci maddələrinin tələblərini, Mülki Azərbaycan Respublikası MPM-nin 4.1, 14.2, 77.1, 78, 79 və 80-ci maddələrinin tələblərini əldə rəhbər tutaraq Məhkəməyə bildirir ki, iddia tələbində tam haqlıdır, iddia tələbi sübutlara, dəlillərə və prosessual hüquq normalarına söykənir. İddiamı cavabdehin imtina bildirişini əsasız sayır və qanuna müvafiq hesab etmir, iddia tələbində tamamilə haqlı olduğunu aşağıdakı hallarla əsaslandırır: 1) Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsi (indiki Məhsəti), 19-cu küçədə yerləşən 0,04 ha torpaq sahəsini 01 avqust 2023-cü il tarixli, AR-İİİ №024443 nömrəli etibarnamə əsasında 3 il müddətinə ünvan 2 ünvanında qeydiyyatda olan X3 (ş/v AA2868075, xx.xx.1980-ci ildə doğulmuş) almışdır. 2) Həmin etibarnaməyə görə vətəndaş X5 Respublika daxilində bütün hüquqlarını idarə, müəssisə, təşkilatlarda və məhkəmələrdə iddiaçı tərəfindən həyata keçirmək hüququ yaranmışdır.3) Cavadeh tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 11060/2023 nömrəli imtina bildirişinin 3-cü abzasında göstərilir ki, aparılan araşdırma zamanı, bələdiyyə xəritəsinə əsasən faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir. Cavabdehin bu cavabına heç cür haqq qazandırmaq mümkün deyildir. Çünki cavabdehin bu iradının hüquqi əsası yoxdur.4) Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının 2 noyabr 2005-ci il tarixli, 605/5 nömrəli Arxiv arayışında bildirilir ki, Kirovabad şəhər X9 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokolundan Çıxarışa əsasən 333 nəfərə bağçılıq yoldaşlığı təşkilatlarına Kirovabad şəhər İcrayyə Komitəsinin 14 iyun 1986-cı il tarixli 13 №-li və 18 avqust 1987-ci il tarixl, 13 №-li qərarları əsasında torpaq sahələri ayrılması qərarı verilmişdir. Bu qərarlar Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 7 mart 1985-ci il tarixli, 78 №-li qərarı əsasında reallaşmışdır. Nazirlər Sovetinin sözügedən qərarında Kirovabad şəhərində Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin balansında olan torpaq sahələrindən bağçılıq və bostançılıq təşkilatlarına ayrılması nəzərdə tutulmuşdur ki, onun aldığı torpaq Kirovabad şəhər ət kombinatında fəaliyyət göstərən bağçılıq yoldaşlığı təşkilatının ət kombinatlarında fəaliyyət göstərən İşçilərinin tərkibində 0,04 ha torpaq sahəsi bölünmüşdür. Belə olduğu tərzdə mübahisə predmetinə çevrilən və onun mülkiyyətində olan torpaq sahəsi hansı məntiqlə bələdiyyə mülkiyyətində ola bilər? Digər tərəfdən bələdiyyələr 1998-ci ildən yaradılmışdır. Belə olduğu tərzdə cavabdehin arqumenti və iradı özünü doğrultmur. 5) Əsas faktlardan biri də ondan ibarətdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində (indiki Məhsəti qəsəbəsi) yerləşən, istifadəsində və mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, xx.xx.2006-cı il tarixli çıxarışı da məhz cavabdeh vermişdir. Əgər mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olsaydı cavabdeh bu çıxarışı heç vaxt verməzdi. Halbuki çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabında 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bu çıxarış torpaq sahəsinin əvvəlki sahibi X5 adına rəsmiləşdirilmişdir. Belə olduğu tərzdə mən iddia tələbimdə tamamilə haqlıdır. 6) Göründüyü kimi cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsi imtina bildirişində torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid əraziyə düşməsi faktı heç bir sübuta, dəlilə söykənmir. Digər tərəfdən mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin yerləşdiyi Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində (Məhsəti qəsəbəsi) yerləşən bütün torpaq sahələri "Bağçılıq-bostançılıq yoldaşlığı təşkilatları tərəfindən bölünmüş torpaq sahələridir. Bələdiyyələr isə həmin bölgüdən 10 il sonra yaradılıb. Ona görə də bu torpaq sahəsi qətiyyən bələdiyyə torpağına (mülkiyyətinə) aid edilə bilməz.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. Prosessual məsələlər
8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraat iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək hazırlıq icraat iclası ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
9. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir.
10. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
11. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
12. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, X5 etibarnamə ilə bağlı Dövlət İddiaçı Ədin oğlunun Gəncə şəhəri, Sevinc qəsəbəsində torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədində düzəliş edilməsi haqqında xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə bağlı Daşınmaz Kasımov Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. İddia ərizəsində göstərilən hallar araşdırılmış və JN-451A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarında öz əksini tapmadığı aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Vətəndaş tərəfindən təqdim olunan **********059 reyestr nömrəli çıxarış 3 saylı Gəncə ərazi İdarəsinin arxiv sənədlərində mövcud olan nüsxə ilə eynilik təşkil edir. Lakin sözügedən **********59 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan Torpağın mülkiyyətə verilməsinə dair JN-451A saylı şəhadətnamə elektron baza məlumatlarında (DWG) öz əksini tapmadığından həmin torpaq sahəsinin məkan göstəriciləri vətəndaşın naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əsasında müəyyən olunmuşdur. Həmin koordinatlar əsasında kameral araşdırma zamanı məlum olmuşdur ki, faktiki istifadədə olan torpaq sahəsi 0.04 ha olmaqla X4 X6 (TEKUİS) və AZCAD əsasən yaşayış məntəqələri torpağında, bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaqlarına düşür. NECAS məlumatlarına əsasən faktiki torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd aşakarlanmamışdır və torpaq sahəsində tikili mövcud deyil. Həmçinin, vətəndaşın müraciətinin təmin olunması məqsədi ilə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən tərəfimizdən hüquqi yardım göstərilərək ərizəyə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-451A saylı, KOD 20000002 şəhadətnamənin verilməsinə əsas olmuş arxiv sənədlərinin və elektron (DWG) məumatların əldə olunması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu verilmiş və alınmış cavabdan həmin şəhadətnamənin elektron (DWG) məumatların aşkar edilmədiyi müəyyən olunmuş və mövcud olan sənədlərin surəti Ərazi İdarəsinə göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, torpağa dair sənədlər X5 adına hazırlanmışdır. Bu isə onu deməyə əsas verir ki, həmin torpaq sahəsi ilə bağlı tələb hüququ X7 məxsusdur ki, iddiaçı da həmin torpaq sahəsinə görə öz adından iddia irəli sürmək və özü üçün üstünlük əldə etmək hüququna malik deyil.
13. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianın mümkün sayılmamasını xahiş etdi.
Əsaslandırma hissəsi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
15. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
17. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
18. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərlə müəyyən olunur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsi xx.xx.2006-cı il tarixdə X5 adına tam mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İddiaçı isə həmin torpaq sahəsinə dair onun adına plan və ölçü sənədinin verilməsini tələb edir ki, həmin torpaq sahəsi halhazırda onun mülkiyyətində olmadığından o, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyildir.
19. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
20. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva