Məhkəmə qərarları › İş №2-1(114)-1353/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1353/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1353/2023 03.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X4 1990-cı il tarixdən 2006-cı il tarixədək sabiq 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində olan əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi və övladı X5 xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü ildə X10 ilə ailə həyatı qurmuş, birgə nikahdan 3 uşaq dünyaya gəlmişdir. İddiaçının həyat yoldaşı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X2 xx.xx.1983-cü il tarixdə Azərbaycan Mühəndis İnşaat İnstitutunun İnşaat fakültəsinin əyani şöbəsinə qəbul olmuş, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixinədək hərbi xidmətdə olmuş, xx.xx.1987-ci il tarixdən təhsilinə davam etdirməyə başlamış, xx.xx.1990-ci il tarixdə təhsilini müvəffəqiyətlə bitirmişdir. xx.xx.1990-cı il tarixdən Bərdə rayon sabiq 32 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli betonçu vəzifəsinə qəbul edilmiş, müəssisə ləğv edildiyi üçün xx.xx.2017-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü azyaşlı övladı X5 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədlərlə AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə X9 müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1. övladlarının 18 yaşının olmaması 2. vəfat edən şəxsin 11 il 8 ay (51 (vəfat etdiyi yaş)-15x4:12)sığorta stajının mövcud olması. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə hüququ yarandığını iddia edir. Mərkəzi filiala təqdim etdiyi mərhum əri E.Əhmədova məxsus əmək kitabçasının, hərbi biletinin, diplomunun və arxiv arayışının surətinə əsasən sığorta stajı 9 il 6 gün təşkil edir. Bu da qanunvericiliklə tələb olunan müddətdən (11 il 8 aydan) azdır. E.Əhmədovun əmək kitabçasının surətində və arxiv arayışında qeyd olunmuş xx.xx.1990cı il tarixindən xx.xx.1998-ci il tarixinədək 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr olmuş və araşdırılması zərurəti yaranmışdır. Belə ki, 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyəti zamanı 1.1992-ci ilə aid əməkhaqqı cədvəli yararsız olduğundan, 2.1994-1998-ci illər üzrə əməkhaqqı cədvəlləri mühafizə olunmaq üçün X14 filialına təhvil verilmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq, cavabdeh filial tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli **********2 nömrəli xidməti məktub əsasında Fondun Qarabağ regional filialı tərəfindən qarşılqlı yoxlama aparılmış, xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı ilə E.Əhmədovun 1992-ci ilə aid əməkhaqqı cədvəlinin yararsız olması bildirilmişdir. Lakin iddiaçının təqdim etidyi əməkhaqqı cədvəlində E.Əhmədovun "Bərdə 32 nömrəli Tikinti Quraşdırma idarəsi"-ndə iş ustası işlədiyi və əməkhaqqı barədə məlumatları öz əksini tapmışdır. Qeyd olunan arayışda E.Əhmədovun 1992-ci ilə dair yanvar-dekabr ayları üzrə 12 ay əməkhaqqı aldığı göstərilsə də, yuxarıda qeyd olunan qarşılıqlı yoxlama aktında 1992-ci ilə aid əməkhaqqı cədvəlinin yarasız olduğu bildirilmişdir. Hesab edirik ki, bu həmin əməkhaqqı cədvəli barədə arayışın mötəbər olmaması şübhəsini yaradır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş, НЗ ******* nömrəli hərbi biletdən görünür ki, X10 xx.xx.1985ci il tarixdən xx.xx.1987-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -işə əlavə edilmiş Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2022-ci il tarixli arxiv çıxarışından görünür ki, X10 xx.xx.1983-cü il, 250u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun "İnşaat" fakültəsinin əyani şöbəsinə qəbul olmuş, xx.xx.1985-ci il, 162u/p saylı əmrlə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1987-ci il, 227 u/p saylı əmrlə həqiqi hərbi xidmətdən sonra Azərbaycan Mühəndis İnşaat İnstitutunun "İnşaat" fakültəsinin əyani şöbəsinə bərpa olmuş (qr.235a2), xx.xx.1990-cı il, 290u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun "İnşaat" fakültəsinin əyani şöbəsinin "Sənaye və mülki tikinti" ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona "İnşaat-mühəndisi" ixtisası verilmişdir. -surəti işə əlavə edilmiş, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 220 nömrəli arxiv arayışından görünür ki, Bərdə rayon Dövlət Arxivində 269 sayılı fondda mühafizə edilən Bərdə rayon sabiq 32 saylı Tikinti Quraşdırma idarəsinin xx.xx.1998-ci il işçilər haqqında məlumat siyahısında X4 1990-cı ildə işlədiyi və xx.xx.1998-ci ilədək olan sənəddə 111 saylı sıra sayında siyahıda vətəndaşın iş icraşısı vəzifəsində işlədiyi qeyd olunmuş, həmçinin 1997-ci ilə aid əmr və əmək haqqi kitabları rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. -surəti işə əlavə edilmiş, xx.xx.1990-cı il tarixli, ИT-l ******* nömrəli xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, X10 xx.xx.1990-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 32 saylı Tikinti Quraşdırma İdarəsində işləmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1994-cü il tarxili, Vİ-ЖГ 327593 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X1 Sara Cəfər qızı ilə xx.xx.1994-cü ildə nikah bağlamış, arvada “Əhmədova” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2006-cı il tarxili, AZ-İ 782971 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə anadan olmuş, ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ 917318 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür. -AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, iddiaçının övladı X5 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X4 xx.xx.1990-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək sabiq 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətlər üzrə 1992-ci ilə aid əməkhaqqı cədvəli yararsız olduğundan, 1994-1998-ci illər üzrə isə əməkhaqqı cədvəlləri mühafizə olunmaq üçün X14 filialına təhvil verilmədiyindən həmin dövrlər sığorta stajına daxil edilməmiş və nəticə etibarilə iddiaçının övladına ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bundan başqa, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cu bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. İş materillarına əlavə edilmiş əmək kitabçasında iddiaçının mərhum ərinin xx.xx.1990-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək sabiq 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, arxiv sənədlərinin yararsız olması və əməkhaqqı cədvəllərinin mühafizə olunmaq üçün X14 filialına təhvil verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sözügedən sənədlərin mühafizə olunması, eləcə də arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və əmək kitabçasında olan məlumatlarla təsdiq olunur ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrdə iddiaçının mərhum əri işləmişdir. Beləliklə iddiaçının mərhum ərinin iş stajını təsdiq edən müvafiq sənədlərə əsasən müəyyən olunur ki, onun xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək müddətli həqiqi hərbi xidmət müddəti -1 il 10 ay 20 gün, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək təhsil müddəti – 4 il 10 ay 27 gün, eləcə də cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1990-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək işlədiyi müddətlər- 7 il 5 ay 7 gün nəzərə alındıqda ümumilikdə 14 il 2 ay 24 gün sığorta stajı yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. -17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Beləliklə müəyyən olunur ki, iddiaçının övladına ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının mərhum ərinə 11 il 8 ay sığorta stajı tələb olunur, hazırki halda isə onun sığorta stajının 14 ildən çox olması öz təsdiqini tapır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Müəyyən olunur ki, iddiaçının mərhum əri xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən övladına təyin olunacaq ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən təyin edilməsini tələb edir. Məhkəmə iddiaçının qeyd olunan tələbini də əsaslı hesab edir. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının mərhum əri X4 1990-cı il tarixdən 2006-cı il tarixədək sabiq 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və iddiaçının övladı xx.xx.2006-cı il təvəllüdlü X5 ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 1990-cı il tarixdən 2006-cı il tarixədək sabiq 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və iddiaçının övladı xx.xx.2006-cı il təvəllüdlü X5 ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar