Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1354/2023 31.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun "xxxx" X2 1999-cu ilin yanvar ayından 2000-ci ilin aprel ayınadək çoban vəzifəsində işlədiyi müddətin iş (sığorta) stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. Hal-hazırda Şəmkir rayonunun Çənlibel kəndində qeydiyyatda olmaqla yaşayır. 65 yaşı tamam olduğundan əmək pensiyası almaq üçün cavabdeh orqana rəsmi olaraq müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. O, xx.xx.1974-xx.xx.1975-ci illərdə və xx.xx.1977-xx.xx.1988-ci illərdə Ermənistan SSR-nin Vardenis rayonunda yerləşmiş kolxozda kolxozçu və xx.xx.1989xx.xx.1998-ci illərdə Şəmkir rayonu sabiq "xxxx" sovxozunda briqadir işləmişdir. Həmin sovxoz 1999-cu ildən "xxxx" Dövlət Damazlıq müəssisəsi kimi fəaliyyətini davam etmişdir. 1999-cu ilin yanvar ayından 2000-ci ilin aprel ayınadək həmin damazlıq müəssisəsində çoban vəzifəsində çalışmışdır. Həmin dövr üçün ona hesablanmış əmək haqqının əvəzi xırda buynuzlu davarla əvəz edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası X5 filialının xx.xx.2022-ci il tarixli, K-1-624 saylı arxiv arayışından da görünür ki, o həqiqətən 1999-cu ilin yanvar ayından 2000-ci ilin aprel ayınadək "xxxx" X2 işləmiş və əmək haqqının əvəzi xırda buynuzlu davarla əvəz edilmişdir. ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktından da aydın görünür ki, Azərbaycan Respublikası X5 filialının ona vermiş olduğu xx.xx.2022-ci il tarixli, K-1-624 saylı arxiv arayışı və arayışlara əlavələrin düzgünlüyü öz təsdiqini tapmışdır. Şəmkir Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(076)-4118/2017 saylı qətnaməsi ilə xx.xx.1974-xx.xx.1975-ci illərdə və xx.xx.1977-xx.xx.1988-ci illərdə Ermənistan SSR-nin Vardenis rayonunda yerləşmiş kolxozda kolxozçu və xx.xx.1989-xx.xx.1998-ci illərdə Şəmkir rayonu sabiq "xxxx" sovxozunda briqadir işləməyi faktı müəyyən edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1999-cu ilin yanvar ayından - 2000-ci ilin aprel ayınadək "xxxx" X2 çoban vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək xx.xx.2023-cü il tarixli etirazla eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Sonuncu xx.xx.1957-ci ildə anadan olmuş və xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatmışdır. İddiaçının cəmi 24 il 7 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19948.34 manat pensiya kapitalı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından və 34560 manat pensiya kapitalından azdır. Arxiv arayışlarına və pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən sığorta stajı xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1998-ci il tarixinədək sığorta stajlarının ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair məhkəmənin qətnaməsi, xx.xx.1999-xx.xx.2000-ci illər arası əməkhaqqı aldığı 3 ay, məcburi dövlət sosial sığorta haqqı ödənilən xx.xx.2021xx.xx.2021-ci il tarixədək olan 7 ay dövrlər nəzərə alınmaqla 24 il 7 ay 9 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 24 il 9 gün sığorta stajına uyğun 19539.51 manat, xx.xx.2021ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 408.82 manat olmaqla ümumilikdə 19948.35 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Aparılan araşdırma zamanı Fondun Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının “Koroğlu adına sovxoz” da işlədiyini iddia etdiyi xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin arxiv sənədlərində iddiaçının xx.xx.1989-cu il tarixli 69 nömrəli əmrlə işə qəbul edilməsi müəyyən edilmiş, işdən azad olma əmri isə aşkar edilməmişdir. Azərbaycan Respublikası X5 filialı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli k-1-624 nömrəli arxiv arayışına əsasən iddiaçı 1999-2000-ci illərdə cəmi 3 ay əməkhaqqı almışdır. Bundan əlavə iddiaçının əmək kitabçasının olmaması həmin dövrlərin əmək kitabçasında qeyd edilməməsi səbəbindən onun əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin, əməkhaqqı hesablanan 3 aydan başqa iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. -işə əlavə edilmiş Azərbaycan Respublikası X5 filialının k-1-624 nömrəli, xx.xx.2022ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı "xxxx" DDM-də 1999-cu il yanvar ayından 2000-ci ilin aprel ayına qədər yalnız 1999-cu il yanvar və fevral aylarında, 2000-ci ilin isə mart aylarında əmək haqqı almış, xx.xx.1989-cu il tarixli, 69 nömrəli əmr ilə "xxxx" adına sovxoza briqadir vəzifəsinə təyin edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1975-ci il tarixli НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -təsdiq edilmiş surəti işə əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(076)-4118/2017 saylı qətnaməsindən görünür ki, xx.xx.1974-xx.xx.1975-ci illərdə və xx.xx.1977-xx.xx.1988-ci illərdə Ermənistan SSR-nin Vardenis rayonunda yerləşmiş kolxozda kolxozçu və xx.xx.1989-xx.xx.1998-ci illərdə Şəmkir rayonu sabiq "xxxx" sovxozunda briqadir işləməyi faktı müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı iş stajını təsdiq edən sənədlərlə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının iş stajını təsdiq edən əmək kitabçası olmadığı üçün ona pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının:- -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1998-ci il tarixinədək sığorta stajlarının ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(076)-4118/2017 saylı qətnaməsi, xx.xx.1999-xx.xx.2000-ci illər arası əməkhaqqı aldığı 3 ay və məcburi dövlət sosial sığorta haqqı ödənilən xx.xx.2021-xx.xx.2021-ci il tarixədək olan 7 ay olan dövrlər nəzərə alınmaqla mübahisələndirilməyən sosial sığorta stajı 24 il 7 ay 9 gün təşkil edir. Məhkəmə iddiaçının "xxxx" DDM-də 1999-cu il yanvar ayından 2000-ci ilin aprel ayına qədər işləməsini iddia etməsi ilə bağlı qeyd edir ki, sonuncunun əmək kitabçası olmadığından mübahisəli dövrdə həmin müəssisədə işləməsi öz təsdiqini tapmır. Bundan əlavə X5 filialının k-1-624 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışında da iddiaçının "xxxx" DDM-də 1999-cu il yanvar ayından 2000-ci ilin aprel ayınadək yalnız 1999-cu il yanvar və fevral aylarında, 2000-ci ilin isə mart aylarında əmək haqqı alması görünür ki, həmin müddət də cavabdeh orqan tərəfindən onun sosial sığorta stajına daxil edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının "xxxx" DDM-də 1999-cu il yanvar ayından 2000-ci ilin aprel ayına qədər (1999-cu ilin yanvar, fevral ayları və 2000-ci ilin mart ayı istisna olmaqla) işlədiyini iddia etdiyi müddət sosial sığorta stajı kimi nəzərə alına bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinin qeyd hissəsində müəyyən olunmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yas həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1998-ci il tarixinədək sığorta stajlarının ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair məhkəmənin qətnaməsi, xx.xx.1999xx.xx.2000-ci illər arası əməkhaqqı aldığı 3 ay, məcburi dövlət sosial sığorta haqqı ödənilən xx.xx.2021-xx.xx.2021-ci il tarixədək olan 7 ay dövrlər nəzərə alındıqda onun ümumilikdə 24 il 7 ay 9 gün sığorta stajının olması müəyyən olunur. Göründüyü kimi iddiaçının sosial sığorta stajını təsdiq edən sənədlərə əsasən onun ümumilikdə 24 il 7 ay 9 gün sığorta stajı mövcuddur və bu staj ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyil. Eyni zamanda 1999-cu il yanvar ayından 2000-ci ilin aprel ayınadək "xxxx" DDM-də işləməsi (1999-cu ilin yanvar, fevral ayları və 2000-ci ilin mart ayı istisna olmaqla) ilə bağlı hər hansı mötəbər sübut olmadığından həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya yaşaa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı tələb olunduğuna və iddiaçı həmin tələbi ödəmədiyinə, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona pensiya təminatına imkan vermədiyinə görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1354/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1354/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver