Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1355/2023 31.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1975-1997-ci illər ərzində Alpoud, Füzuli və Lənbəran kolxozlarında (AİM) işlədiyi iş stajının, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Bərdə rayon 15 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işlədiyi illərin əmək stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 13 may 1975-ci il tarixdən 13 may 1977-ci ilə qədər Sovet Ordusu sıralarında xidmət etmiş, 1977-ci ildə X5 İnstitunun "K/T-nın mexanikiləşdirmə"ixtisası üzrə əyanı təhsil formasının 1-ci kursuna qəbul olmuş və 1982-ci ildə bitirmişdir.1975-1997-ci illər ərzində Alpoud, Füzuli və Lənbəran kolxozlarında (AİM) işləmiş, 1 iyul 2019-cu ildən 17 noyabr 2022-ci ilədək Bərdə rayonu Mehdili kəndində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işləmişdir. 1974-cü ildə cəmi 7 ay Lənbəran kolxozunda və X2 1 avqust 1983-cü il tarixindən 31 dekabr 1983-cü il tarixədək işləmişdir, bu barədə əmək stajını təsdiq edən əmək kitabçası vardır. İddiaçının hazırda 66 yaşı var və əmək pensiyası almaq üçün cavabdehə ərizə ilə müraciət etmiş və cavabdeh isə onun 22 il 4 ay 20 gün əmək stajının olduğunu bildirərək pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “1983-cü ilin avqust-dekabr aylarında və 1974-1975 və 1984-1997-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ümumilikdə 24 il 7 ay 20 gün stajı var, bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1974-cü il tarixli, 321 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 1974-cü il üzrə müəyyən edilmiş 120 günlük əmək günü norması üzrə 104 gün işləmişdir. -surəti işə əlavə edilmiş SHXÇDX-nin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 84 nömərli arayışından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.1982-ci il tarixli, 025613 nömrəli diplomdan görünür ki, İddiaçı 1977-1982-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır. - işə əlavə edilmiş X4 ASC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli arayışından görünür ki, İddiaçı 1983-cü il üzrə avqust-dekabr ayları üzrə X4 ASC-də işləmiş və əmək haqqı almışdır. -surəti işə əlavə edilmiş Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 219 nömərli arayışından görünür ki, İddiaçı 1975, 1984-1997-ci illərdə Alpoud, Füzuli və Lənbəran kolxozlarında (AİM) işləmiş və əmək haqqı almışdır. -surəti işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Bərdə RİH başçısının Mehdili kənd İƏD üzrə nümayəndəliyində işləmişdir. -AR ƏƏSMN tabeliyində DSMF-nin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmiş, lakin cavabdeh onun ümumi iş stajının qanunvericiliklə tələb olunan müddətdən az olduğuna görə müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Bundan başqa, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 1974-2022-ci illərdə ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir. Cavabdehin imtinasında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi sığorta stajının ümumilikdə 6 il 9 ay 20 gün (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü və xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı müddət) olması göstərilmişdir. Bundan əlavə, imtinada xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı bildirilmiş, həmçinin Fondun Qarabağ regional filialının aktına əsasən Bərdə rayon Dövlət Arxivində 19 saylı fondda mühafizə edilən sabiq Lənbəran kolxozunun 1974-cü ilə aid şəxsi hesab kitablarında və əməkhaqqı sənədlərində iddiaçının adına rast gəlinmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmamışdır. Eyni zamanda Bərdə rayon Dövlət Arxivinin məktubuna əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək Bərdə rayon 15 nömrəli X1 sənədləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilmədiyi və təşkilatın hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrün əməkhaqqı ödənişlərinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan başqa, cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında qeyd olunmuş 1975-1997-ci illər ərzində sabiq Alpoud, Füzuli və Lənbəran kolxozlarında olan əmək fəaliyyəti dövrlərinin kolxozçunun əmək kitabçasında qeyd olunmadığından həmin dövrün sığorta stajına daxil edilməsindən imtina etmişdir. İddiaçının 1974-cü ildə Lənbəran kolxozunda olan iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan müddət üzrə iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Bu baxımdan nəzərə alınmalıdır ki, iddiaçının qeyd olunan müddətdə işləməsi ona məxsus əmək kitabçasında qeyd olunduğundan cavabdeh tərəfindən həmin müddətin mübahisələndirilməsi əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qeyd edilməlidir ki, iddiaçının 1974-cü il üzrə iş stajı yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 1974-cü il üzrə müəyyən edilmiş 120 günlük əmək günü norması üzrə 104 gün işləmişdir. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir: 1974-cü il üzrə: 104x12/120=10.4≈10 ay 12 gün Beləliklə məhkəmə iddiaçının 1974-cü il üzrə 10 ay 12 gün işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmasını qanunamüvafiq hesab edir. İş materillarında olan X4 ASC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli arayışında iddiaçının 1983-cü ildə avqust-dekabr ayları üzrə X4 ASC-də işlədiyi və əmək haqqı aldığı qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, müəssisənin arxiv sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir, odur ki, cavabdeh orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş arayışı mötəbər hesab etməli və həmin müddət üzrə 5 ay müddəti onun sosial sığorta stajı kimi nəzərə almalıdır. Bundan əlavə, iddiaçının 1975, 1984-1997-ci illərdə Alpoud, Füzuli və Lənbəran kolxozlarında işləməsi və əmək haqqı alması Bərdə rayon Dövlət Arxivinin müvafiq arayışı ilə öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Odur ki, məhkəmə Bərdə rayon Dövlət Arxivinin müvafiq arayışında qeyd edilmiş 1975, 1984-1997-ci illər üzrə işlədiyi müddətlərin iddiaçının sosial sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilməlidir ki, iddiaçı 1984-1997-ci illər üzrə nəzərdə tutulmuş əmək günü normasını işlədiyinə görə həmin illər bütövlükdə sosial sığorta stajı kimi nəzərə alınmalıdır. 1975-ci il üzrə isə iddiaçı üzrə müəyyən edilmiş 180 günlük əmək günü norması üzrə cəmi 36 gün işləmişdir. Yuxarıda qeyd olunan qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı kimi müəyyən edilir: 1975-ci il üzrə: 36x12/180=2.4≈2 ay 12 gün Beləliklə məhkəmə iddiaçının 1975-ci il üzrə 2 ay 12 gün işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmasını qanunamüvafiq hesab edir. Beləliklə iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı 6 il 9 ay 20 gün (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü və xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı müddət) və 3 il 4 ay 16 gün (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Bərdə RİH başçısının Mehdili kənd İƏD üzrə nümayəndəliyində işlədiyi müddət), eyni zamanda məhkəmə tərəfindən nəzərə alınan 1974-cü il üzrə -10 ay 12 gün, 1975-ci il üzrə -2 ay 12 gün, 1983-cü il üzrə 5 ay, 1984-1997-ci illər üzrə-14 il müddət hesablandıqda ümumilikdə 25 il 8 ay sığorta stajı var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, iddiaçının 1983-cü ilin avqust-dekabr aylarında, 1974-1975 və 1984-1997-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1983-cü ilin avqust-dekabr aylarında, 1974-1975 və 1984-1997-ci illərdə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1355/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1355/2023
31.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver