Məhkəmə qərarları › İş №2-1(114)-1356/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1356/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1356/2024 25.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və borcun sililnməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına dair xx.xx.2023-cü il tarixli **********993300 nömrəli qərarın ləğv olunması və hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********993300 saylı qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 4.524,6 manat vergi borcunun olması qərara alınmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2023-cü il tarixli **********993300 saylı qərarını belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ancaq 1 ildən çox olmamaq şərtiylə vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi, sığorta haqqı və ya cari vergi ödəməsi məbləğindən qanunvericilikdə müəyyən edilmiş dərəcə ilə faiz tutulur. Göstərilənlərlə əlaqədar olaraq vergi, sosial, sığorta və işsizlik sığortası haqqı və ya cari vergi ödəmələri üzrə borcları Vergi Məcəlləsii ilə müəyyən edilmiş müddətlərdə ödənilməsi vacibdir”. O, həmin qərarla razılaşmır, əvvəla bildirir ki, xx.xx.2023-cü il tarixli ərizəsiylə sahibkarlıq fəaliyyətini həmin tarixdən dayandırmışdır. Qəbul edilmiş qərarda vergi borcunun hansı səbəbdən yaranması öz əksini tapmamışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2023-cü il tarixli **********993300 saylı qərarında göstərmişdir ki, vergi ödəyicisinin kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olduğu göstərilsə də, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən hesablanmış vergi və ya sığorta haqqı kimi 4.524,26 manat vergi borcu hesablanmışdır. Hansı ki, iddiaçının işə əlavə etdiyi sənədlərdən də göründüyü kimi torpaq sahəsi ona məxsus olmaqla öz mülkiyyətində olan torpaq sahəsində yetişdirdiyi məhsulun satışı ilə məşğul olmuşdur. Öz torpaq sahəsinin məhsulunu digər bir şəxsə satdığı üçün isə ona vergi hesablanması qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi çıxarışlardan görünür ki, Bərdə rayonu Lənbəran kəndi ərazisində xx.xx.2016-cı il tarixli qeydiyyat nömrəsi ********** ilə 3,2251 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** ilə 0,9781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** ilə 3,8706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** ilə 7,74 ha kənd təsərrüfatı təyinatlı və xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** ilə 4,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir və həmin torpaq sahələrində kənd təsərrüfatı məhsulları yetişdirib, ailə üzvlərinin əməyi sayəsində məhsul əldə edib ixrac etmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən müvaiq olaraq, **********19 saylı, **********53 saylı, **********57 saylı, **********52 saylı və **********16 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi də verilmişdir. Qeyd edir ki, Vergilər Nazirliyinin açıqlamasında da bildirilir ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan şəxslər tərəfindən həmin məhsulların satışı ümumi qaydada vergiyə cəlb olunur və 12 aylıq deya (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV qeydiyyatı üçün vergi orqanına ərizə təqdim etməlidir. Hansı ki, o, öz torpaq sahəsində becərdiyi pambıq məhsulunun satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət(gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir. Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malları satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli **********993300 nömrəli qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edildiyi üçün cavabdeh qismində həmin orqanın (müvafiq inzibati aktı qəbul etmiş) qeyd edilməli olması bildirilərək, cavabdehin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif edilmiş və bu məqsədlə xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə qeyd edilmişdir.

Əsaslandırma hissəsi:

5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

7. Bundan əlavə, iddiaçı iddia ərizəsində cavabdeh orqanı düzgün qeyd etməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli, **********993300 nömrəli qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmişdir və cavabdeh qismində həmin orqan (müvafiq inzibati aktı qəbul etmiş) qeyd edilməlidir.

8. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya xx.xx.2023cü il tarixdə sərəncam göndərilərək, cavabdehin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətanı aradan qaldırmamışdər.

9. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

10. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

11. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar