Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1356/2025 27.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvəldən, xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı 52 yaşdan, 10 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməsinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinə əsasən, müraciət etdiyi 07 may 2024-cü il tarixdən əvvəlki 07 may 2021-ci il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 28 avqust 1981-ci ildən başlamışdır. 01 yanvar 2006-cı ilə kimi onun ümumi stajı 21 il 2 ay, güzəştli stajı isə 11 il 6 ay təşkil edir. İddiaçı 1981-ci ilin sentyabr ayından 2003-cü ilin dekabr ayı da daxil olmaqla “X7” Məhdud Məsuliyyətli Cəmiyyətində (keçmiş Kirovabad Xalça-Mahud Kombinatı) işləmişdir. 1981-ci ilin sentyabr ayından 01 iyul 1991-ci ilə kimi 2 saylı toxucu sexində toxucu, 01 iyul 1991-ci il tarixdən dekabr 2003-cü ilə kimi 2 saylı hazırlayıcı sexdə burucu avadanlığının operatoru kimi zərərli peşədə işləmişdir. O, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə və müvafiq sənədlərlə müraciət edərək 52 yaşı tamam olduğu üçün 10 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsini “Əmək pensiyaları haqqında" qanunun 32.1-1. maddəsinə görə müraciət etdiyi tarixdən əvvəlki yəni 07 may 2021-ci il tarixdən təmin olunmasını xahiş etmişdir. 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinə atılan raketlərdən ikisi onun yaşadığı evin yaxınlığına düşmüş, yaşadığı ev köhnə olduğu üçün evinə güclü zərər dəymişdir. O, evinin əşyalarını başqa yerə daşıyıb evini təmir etmişdir. Həmin vaxt bir sıra sənədləri, o cümlədən əmək kitabçası və iş yerindən verilən arayışları itirmişdir. O, “X7” MMC-də kadrlar şöbəsinin rəisi Xalidə xanıma müraciət etmiş, Xalidə xanım arxivdən, kötükdən məlumatlar əsasında əmək kitabçasını yazıb vermişdir. 2008-ci ildə ona verilmiş güzəştli arayışın və işlədiyi dövrdəki əmək haqqı aldığı cədvəllərin surətləri də var. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 07 may 2024-cü il tarixdə müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 05 iyun 2024-cü il tarixli 3-17-1/2-C-131710/2024 №-li məktubla cavab verilmişdir ki, müraciətlə əlaqədar olaraq aidiyyəti üzrə sorğu verilmişdir. Sorğunuza cavab verildikdən sonra əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacaqdır. Həmin vaxtdan iddiaçının məhkəməyə müraciət etdiyi tarixə kimi 2 ay 15 gündən artıq vaxt keçmişdir. O, iyun ayının sonundan avqust ayının 19-na kimi dəfələrlə Mərkəzi Filialın ***- ***-**-** nömrəli çağrı mərkəzinə zəng etmişdir. Hər dəfə də şifahi məlumatla araşdırma getdiyi bildirilmişdir. İddiaçı ancaq bir müəssisədə işləmiş və hesab edir ki, sənədləri qaydasındadır. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı C.Nailə iddia ərizəsinin əsasları kimi 21 il 2 ay ümumi, 11 il 6 ay güzəştli iş stajı olduğunu qeyd edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı C.Nailə ərizə ilə inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubuna əsasən iddiaçının güzəştli iş stajı mövcud olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan narazı qalan iddiaçı C. Nailə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Mərkəzi Filial hesab edir ki, iddiaçı C.Nailənin iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilmiş 12 mart 2024-cü il tarixli ******* nömrəli əmək kitabçasında və “X7” MMC-nin iddiaçıya dair arayışında xx.xx.1981-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə burucu avadanlığının operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı, əmək kitabçasının doldurulduğu tarixin 12 mart 2024-cü il tarixi olduğu müəyyən edilmişdir. Bununla əlaqədar, adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filila tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq, iddiaçının yuxarıda qeyd olunan dövrlər ərzində nizamlayıcı şagirdi və burucu şagirdi vəzifələrində işlədiyi bildirilmişdir. Bu fakt “X7” MMC-nin 13 iyun 2024-cü il tarixli Aktı ilə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan burucu avadanlığının operatorları vəzifəsinə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən güzəştli iş stajının olmaması səbəbindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etsə də, özü iştirak etməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. 7499413 nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “X8” MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cəlali X5 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, ona hüququnun yarandığı 10 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi 07 may 2024-cü il tarixdən əvvəlki 07 may 2021-ci il tarixdən ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X1 xx.xx.2024-cü il tarixli aktından görünür ki, Məmmədova (Cəlali) Nailə Səlim qızının sığorta stajına daxil edilən əmək stajı yerində yoxlanılmış, yoxlama zamanı müəssisədə saxlanılan əmr kitablarına baxış keçirilən zaman aşkar olunmuşdur ki, vətəndaş Məmmədova (Cəlali) Nailə Səlim qızı həqiqətən xx.xx.1981-ci il tarixli 142-k №li əmrlə toxucu sexinə nizamlayıcı şagirdi işinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixli 64-k №-li əmrlə 2 №-li toxucu sexindən xx.xx.1991-ci il tarixdən 2 №-li hazırlayıcı sexinə burucu şagirdi keçirilmiş, xx.xx.2015-ci il tarixli Е2 №-li əmrlə xx.xx.2008-ci il tarixdən işdən azad edilmişdir. Müəssisədə saxlanılan əmək haqqı cədvəllərinə əsasən, vətəndaşa 1992-ci ildə - 12 ay, 1993-cü ildə - 11 ay, 1994-cü ildə - 5 ay, 1995-ci ildə - 6 ay, 1996-cı ildə - 10 ay, 1997-ci ildə - 12 ay, 1998-ci ildə - 12 ay, 1999-cu ildə - 10 ay, 2000-ci ildə - 12 ay, 2001-ci ildə - 11 ay, 2002-ci ildə - 12 ay, və 2003-cü ildə - 10 ay əmək haqqı hesablanmış və ödənilmişdir. 2004-2005-ci illərdə vətəndaş öz hesabına ödənişsiz məzuniyyətə buraxıladığından əmək haqqı hesablanmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən 12 mart 2024-cü il tarixli, ******* nömrəli əmək kitabçasında və “X7” MMC-nin ona dair arayışında xx.xx.1981-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə burucu avadanlığının operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı, əmək kitabçasının doldurulduğu tarixin 12 mart 2024-cü il tarixi olduğu müəyyən edilmişdir. Bununla əlaqədar, adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq, onun yuxarıda qeyd olunan dövrlər ərzində nizamlayıcı şagirdi və burucu şagirdi vəzifələrində işlədiyi bildirilmişdir. Bu fakt “X7” MMCnin 13 iyun 2024-cü il tarixli Aktı ilə təsdiq edilmişdir. Göründüyü kimi, işlədiyi vəzifələr sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan burucu avadanlığının operatorları vəzifəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “X7” MMC-nin xx.xx.2025-ci il tarixli, 87 nömrəli arxiv arayışından görünür ki, Məmmədova-İddiaçı həqiqətən "X7" MMC-də xx.xx.1981-ci il tarixli 192 K nömrəli Əmrlə xx.xx.1981-ci ildən 2 saylı toxucu sexinə nizamlayıcı şagirdi qəbul edilmiş, xx.xx.1982-ci il tarixli, 17 K nömrəli Əmrlə xx.xx.1981-ci ildə 2 saylı toxucu sexinə 5-ci dərəcəli toxucu keçirilmiş, xx.xx.1991-ci il tarixli, 64 K nömrəli Əmrlə xx.xx.1991-ci ildə 2 saylı hazırlayıcı sexinə burucu şagirdi keçirilmiş, xx.xx.1991-ci il tarixli 366 nömrəli əmrlə xx.xx.1991-ci ildə 2 saylı hazırlayıcı sexinə 4-cü dərəcəli burucu keçirilmiş, xx.xx.2015-ci il tarixli, 4 K nömrəli Əmrlə xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. Məmmədova-İddiaçı xx.xx.1981-ci ildən 01 yanvar 2004-cü ilə qədər “X7” MMC-də işləmiş və əmək haqqı almışdır. Məmmədova-İddiaçı aşağıda qeyd olunan güzəştli zərərli staja aid olan peşələrdə işləmişdir: 1) 01 dekabr 1981-ci ildən 01 iyul 1991-ci ilə qədər 5-ci dərəcəli toxucu işləmişdir. 2) 01 iyul 1991-ci ildən burucu şagirdi keçirilmişdir. 3) 02 oktyabr 1991-ci ildən 2 saylı hazırlayıcı sexində 01 dekabr 2004-cü ilə kimi burucu işləmişdir. İşlədiyi hər iki peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin şiyahısında göstərilmişdir. İmtiyazlı iş stajı hesab olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur) Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: e) toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar— Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür)
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavə Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona ödənilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək, yəni 2006-cı il yanvarın 1-dək, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar—Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Belə ki, qeyd olunan Qanunun 13-cü maddəsində nəzərdə tutulan toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar—Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olması üçün yaş 2000ci ilin avqust ayının 1-dən 52 yaş müəyyən olunmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 52 yaşına çatmalı, həmin işlərdə azı 20 il iş stajına malik olmalıdır. Hazırda cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla xx.xx.2015-ci il tarixdə 52 yaşı tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “X8” MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, “X7” MMC-nin xx.xx.2025-ci il tarixli, 87 nömrəli arxiv arayışından görünür ki, Məmmədova-İddiaçı 01 dekabr 1981-ci ildən 01 iyul 1991-ci ilə qədər 5-ci dərəcəli toxucu, 01 iyul 1991-ci ildən burucu şagirdi, 02 oktyabr 1991-ci ildən 01 dekabr 2004-cü ilə kimi burucu işləmişdir. Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısında “Burucu avadanlığının operatorları” və “Toxucular metal və sintetik tor toxuyan toxucular” işləri nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı xx.xx.2006-cı il tarixinədək qeyd olunan Siyahıda nəzərdə tutulan işlərdə 20 ildən çox işləmişdir. Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əmək kitabçası mövcuddur və həmin əmək kitabçasındakı qeydlər əsasında iddiaçının əmək fəaliyyəti təsdiq olunur. Həmçinin iddiaçının işlədiyi “X7” MMC-nin arayışından da Məmmədova-İddiaçı həmin müəssisədə 20 ildən artıq güzəştli pensiya hüququ verən işlərdə çalışması müəyyən olunur. Həmçinin qeyd olunmalıdır ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 32-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiyanın iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvəldən-xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva