Məhkəmə qərarları › İş №2-1(114)-1357/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1357/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1357/2021 03.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatı) qarşı mənzilə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Gədəbəy rayonu M.Quliyev küçəsində yerləşən 3 nömrəli evin “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu’’ olan 19-cu mənzili üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə 25.09.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh 06.10.2020-ci il tarixli, **********82 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətdə qeyd olunan mənzilin əldə olunmasına dair heç bir hüquqmüəyyənedici sənədin ərizəyə əlavə edilmədiyi müəyyən olunmuşdur. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy rayonu M.Quliyev küçəsində yerləşən 3 nömrəli evin “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu” olan 19-cu mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən ona verilən “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu”na əsasən 2000-ci il tarixdən ailə üzviləri X3 və X2 ilə birlikdə Gədəbəy rayonu M.Quliyev küçəsində yerləşən 3 nömrəli evin 19-cu mənzilində yaşayır. Mənzildən istifadəyə görə bütün kommunal xərcləri vaxtlı-vaxtında ödəmiş və hal-hazırda qaz, işıq, su sayğacları onun adınadır. Həmin mənzilə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə 25 sentyabr 2020-ci il tarixdə müraciət etmiş. Oradan ona bildirmişlər ki, araşdırma aparılıb və ona aid heç bir sənəd olmadığı üçün xahişinin təmin edilməsindən imtina edilir. Gəncə İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli qərardadı ilə Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ona mənzil verilən zaman order və ya sərəncam verilməmiş, yalnız 15.12.2000-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu” təqdim edilmişdir. Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 06.10.2020-ci il tarixli **********82 nömrəli imtina məktubu; - Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21.05.2021-ci il tarixli 1148 nömrəli arayışı; - 15.12.2000-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu”nun surəti; - Gədəbəy rayon X1 İcraiyyə KOmitəsinin 1950-1963-cü illərə dair icrakom iclas protokolları kitablarında Tağıyeva (Rzayeva) Rəna Zaman qızının adına həyətyanı torpaq sahəsi və ya ev verilməsi barədə qərarın aşkar edilməməsi haqqında 01.06.2021-ci il tarixli k-3-79 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının 02.07.2021-ci il tarixli k- 3-97 nömrəli və 1607.2021-ci il tarixli k-3-100 nömrəli məktubları; - ünvan 1 ünvanında yerləşən mənzilə və həmin mənzilin İddiaçı adına verilməsinə dair heç bir ilkin sənədin olmamasına dair Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatının 22.07.2021-ci il tarixli 26 nömrəli məktubu; - Gədəbəy şəhəri, M.Quliyev küçəsi, 3 saylı binada yerləşən 19 saylı mənzilə dair texniki pasportun aşkar edilməməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 26.07.2021-ci il tarixli **********49 nömrəli məktubu. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin faktiki hallarından görünür ki, hazırda mübahisələndirən mənzil ilə bağlı iddiaçının təqdim etdiyi sənədə əsasən ünvan 1 ünvanında yerləşən ev Gədəbəy Kommunal Müəssisələr Kombinatının 16.10.2000-ci il tarixli arayışı əsasında X4 verilmiş və bu barədə 15.12.2000-ci il tarixdə “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu” tərtib edilmişdir. İddiaçı isə hazırki tələbində ünvan 1 ünvanında yerləşən ev üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, sonuncu hüquqmüəyyənedici sənədlərin olmadığını əsas gətirərək imtina cavabı vermişdir. Bu səbəbdən hazırkı mübahisə yaranmışdır. İmtinanın əsas dəlili isə ondan ibarətdir ki, iddiaçı hüquqların dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, həmin hüququn yaranması əsasını təşkil edən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan hər hansı bir sənədi inzibati orqana təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflərin arasında yaranmış mübahisə, daşınmaz əmlakın üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı yaranmış mübahisədir. Bu baxımdan iddia tələbi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının müddəaları əsasında təhlil olunmalıdır. Qeyd olunduğu kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində konkret olaraq müəyyən olunmuşdur. Həmin normada sadalanmış bu əsaslar, daşınmaz əmlaka hüququn yaranmasına səbəb olan hüquqi faktları ehtiva edir və hazırda inzibati orqana təqdim edilən “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu” qeyd olunan qanunvericilik aktında nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar – Qanunun 8ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçının şərh etdiyi işin halları baxımından, yəni hüquqların bəyan etdiyi mənzilin üzərində qeydiyyata alınması üçün iddiaçı Qanunun 8-ci maddəsində göstərilən əsaslardan birini təqdim etməlidir. İddiaçının təqdim etdiyi 15.12.2000-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu” bu cür əsas sayıla bilməz. Bununla yanaşı “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında da öz əksini tapmamış, həmin mənzilə dair order və ya sərəncamın verilməsinə dair sübutlar iddia ərizəsinə əlavə olunmamış, məhkəmə araşdırılması zamanı da iddiaçı həmin mənzilə dair order və ya sərəncamın verilmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən daşınmaz əmlak üzərində hüquqların yaranması üçün hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatı) qarşı mənzilə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasina apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar