Məhkəmə qərarları › İş №2-1(114)-136/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-136/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-136/2021 18.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 19 saylı regional ərazi filialı) qarşı əlilliyin etibarsız sayılması ilə bağlı hərəkətlərin qanunsuz sayılmaqla onun əlilliyinin bərpa olunması və pensiyasının dayandırıldığı vaxtdan ödənilməmiş məbləğinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin etibarsız sayılması ilə bağlı hərəkətlərin qanunsuz sayılmaqla onun əlilliyinin bərpa olunması və pensiyasının dayandırıldığı vaxtdan ödənilməmiş məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X3» Azərbaycan Respublikası Qanununa əsasən ona «görmə sinirinin atrofiyası, OU-Görmə sinirinin hissəvi atrofiyası» diaqanozu ilə əlilliyə görə ikinci dərəcəli əlillik pensiyası təyin edilmişdir. O, xx.xx.2017-ci il tarixdə həkim-əmək ekspert komissiyası tərəfindən tibbi-sosial ekspert müayinəsindən keçdikdən sonra müvafiq rəy çıxarılması yolu ilə ikinci dərəcəli əlil sayılmışdır. Həmin müayinədən çıxarışa əsasən növbəti müayinə tarixinin xx.xx.2022-ci il tarixə təyin edilməsinə baxmayaraq, heç bir xəbərdarlıq verilmədən onun əlilliyi etibarsız hesab edilmişdir. Lakin «Qaydalar»la müəyyən edilmiş xx.xx.2022-ci il tarixdən əvvəl, yəni vaxtından əvvəl təkrar tibbi-sosial ekspertiza müayinəsindən keçirilmədən ona təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edilməsi qanunsuz və əsassız olmuşdur. O, inzibati aktı qəbul etmiş orqandan həmin inzibati aktın surətinin ona göndərilməsini və eyni zamanda əlilliyinin etibarsız hesab edilməsi barədə inzibati aktın ləğv edilməsini xahiş etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərini qanunsuz hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı etiraz verərək bildirdi ki, əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyinin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə, vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə həyata keçirilir. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumi xəstəlik səbəbindən İİ qrup əlilliyə görə social müavinət almışdır. Əlilliyin ləğv edilməsi səbəbindən xx.xx.2019-cu il tarixdən etibarən müavinətin ödənilməsi dayandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik siyasəti şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubun məzmunundan aydın olur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticələrinə əsasən 840 nəfərin əlillik müayinəsi «Əlillik» altsistemində etibarsız edilmişdir. Qeyd edilən siyahıda İddiaçı da adına rast gəlinir. İddiaçının dəqiqləşdirmə ərizəsini nəzərə alaraq «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 04 nömrəli Qərarının 5.1ci bəndinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən hazırki işin ərazi aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını, iddia ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Belə ki, iddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 19 saylı regional ərazi filialı) qarşı cavabdehin üzərinə əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılmaqla onun əlilliyinin bərpa olunması və pensiyasının dayandırıldığı vaxtdan ödəniməmiş məbləğinin ödənilməsi öhdəliyinin qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibət olmadığından inzibati işin aiddiyəti İPM-in 8.1.4. maddəsinə əsasən həll edilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62. maddələri). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi ünvanı ünvan 1 ünvanında olduğundan və Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyati üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 19 saylı regional ərazi filialı) qarşı əlilliyin etibarsız sayılması ilə bağlı hərəkətlərin qanunsuz sayılmaqla onun əlilliyinin bərpa olunması və pensiyasının dayandırıldığı vaxtdan ödənilməmiş məbləğinin ödənilməsi tələbinə dair hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar