Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-136/2024 25.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı Ələstan qızının, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçılar İddiaçı Ələstan qızı, X6 və X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “faktiki istifadədə olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən iddiaçılara (şəhadətnamədə ad və soyadlarında texniki səhvlər vardır) 0,08 hektar torpaq sahəsi verilmiş, bu barədə xx.xx.2005-ci il tarixdə JN-618F nömrəli, 50700048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnaməyə əlavə edilmiş həyətyanı sahənin qaiməsi/sertifatı/dan görünür ki, 841,7 kv.m həyətyanı torpaq sahəsinin 65,7 kv.m yaşayış evi, 776,0 kv.m əkin sahəsidir. Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli arayışına əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixdə 106 saylı qərarı ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsini təsdiqləyən JN-618F, kod-50700048 saylı şəhadətnamədə İddiaçı Ələsgər qızının ata adı (düzgün forması Ələstan), X1 və ata adı (düzgün formada X17), X2 (düzgün formada Qasımov) texniki səhv olaraq yazılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-854/2023 nömrəli məktubuna əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı aşkar edilməmişdir. MMC tərəfindən məhkəməyə təqdim edilmiş Samux rayon Aqrar İslahat Komissiyasının sədri X22 tərəfindən xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş Samux rayonu Sərkar kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısının əlyazma nüsxəsinə əsasən iddiaçıların qanuni istifadəsində 0,12 ha həyətyanı sahə vardır, xəritədə nömrəsi 618-dir. xx.xx.2004-cü il tarixdə tərtib edilmiş Samux rayonu Sərkar kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısının elektron nüsxəsindən görünür ki, iddiaçıların mülkiyyətinə 0,0842 ha torpaq sahəsi verilmişdir. Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 363 nömrəli arxiv arayışına əsasən Sərkar kənd icra nümayəndəliyinin 1996-2000-ci illərin 02 nömrəli təsərrüfatbaşına kitabda xx.xx.1950-ci il təvəllüdlü İddiaçı Ələstan qızı ailə başçısı kimi, ailə üzvləri qızı – xx.xx.1980-ci il təvəllüdlü X8, nəvəsi – xx.xx.2000-ci il təvəllüdlü X20 qeyd edilmişdir. Samux rayonu Sərkar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli arayışına əsasən iddiaçıların istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı Ələstan qızının etibarnamə üzrə nümayəndəsi X12 torpaq sahəsi üzərində hüquqların qeydə alınması ilə barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2236/2023 nömrəli məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, həmçinin faktiki torpaq sahəsi üzərində mübahisə olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı Ələstan qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Samux rayon Sərkar kəndində faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində hüquqların cavabdeh tərəfindən dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi”ni xahiş etmişdir. Daha sonra İddiaçı Ələstan qızı, X9, X20 ərizə ilə məhkəməyə müraciət edərək birgə iddiaçı kimi qeyd olunmalarını xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçılardan İddiaçı Ələstan qızı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3136/2023 nömrəli etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış, əlavə olaraq bildirilmişdir ki, İdarənin mühəndisi tərəfindən müayinə baxışı zamanı torpaq sahəsinin sərhədləri ilə bağlı qonşular arasında mübahisənin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh imtina əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs Samux rayon Sərkar bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Üçüncü şəxs Samux rayon Sərkar bələdiyyəsinin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən JN-618F (KOD ********) saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən, Samux rayonu Sərkar kəndi ərazisində, İddiaçı Ələstan (Ələsgər) qızı, X7 və X11 ümumi birgə mülkiyyətlərinə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mübahisəli torpaq sahəsi və qonşu torpaq sahələrinin eyni zamanda sözügedən həyətyanə sahənin yerləşdiyi ümumilikdə kvartalın ölçüləri və konfiqursiyaları ilə, torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi arasında ciddi uyğunsuzluq halı mövcud olduğundan, ərazinin kompleks yerquruluşu layihəsində göstərilən həyətyanı sahələrin dəqiq yerləşmə mövqeyini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, aparılan araşdırma zamanı, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə istinad edilmişdir. Əraziyə baxış keçirilərkən, İddiaçı Ələstan qızının yaxın qohumu kimi özünü təqdim edən, mülki iş materiallarında adı keçən X12 iştirak etmişdir. X5 naturada təqdim etdiyi torpaq sahəsi 0.12 ha təşkil edir. Həmin 0.12 ha torpaq sahəsi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir və üzərində fərdi yaşayış evi mövcuddur. Naturada təqdim olunan 0.12 ha torpaq sahəsinin, mülkiyyət formasının, təyinatının, kateqoriyasının və mənsubiyyətinin dəyişdirilibdəyişdirilməməsi barədə, elektron baza materiallarında məlumat aşkarlanmadı. Elektron baza materiallarına istinadən, sözügedən torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi halı aşkarlanmadı. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia “faktiki istifadədə olan 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı “faktiki istifadədə olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş: "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Hazırkı işin hallarına görə iddiaçıların hüquqi marağı məzmun baxımından torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçıların bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən, cavabdeh faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçülər arasında uyğunsuzluq olması, həmçinin faktiki torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisənin mövcud olmasına istinad etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci normaların mənasına və təfsirinə görə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçıların hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçılar hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Yuxarıda qeyd normaya görə, 2006-cı il iyulun 6- dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. Beləliklə, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Samux rayonu, Sərkar kəndində yerləşən 841,7 kv.m həyətyanı torpaq sahəsi iddiaçılara məxsusdur, bununla bağlı Samux rayon Aqrar İslahat Komissiyasının qərarı və həmin Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl əsasında tərtib edilmiş şəhadətnamə hazırlanmışdır. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Qeyd olunan sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və hal-hazıradək qüvvədədir. Həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin şəhadətnamə iddiaçıların mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Belə olan halda iddiaçılar hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 100 (yüz) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Samux rayonu, Sərkar kəndində yerləşən 841,7 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı Ələstan qızı, X10 və X13 mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-136/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-136/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver