Məhkəmə qərarları › İş №2-1(114)-1360/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1360/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1360/2021 06.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı uşaqların soyadının dəyişdirilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh 31.05.2021-ci il tarixli 05/Q-1-164/15 nömrəli məktubu ilə İddiaçı1 övladının soyadının dəyişdirilməsi ilə əlaqədar müraciətindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq tələblərinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir və uşağa fərqli soyadın verilməsi və ya başqa soyada dəyişdirilməsi mümkün deyildir. İmtinanı əsassız hesab edən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək övladları – 10.01.2018-ci il təvəllüdlü X6 və 10.05.2021-ci il təvəllüdlü X1 dəyişdirilərək “Frontzadə” kimi qeyd edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar, yəni iddiaçılar 03.07.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan 10.01.2018-ci il tarixdə X10 və 10.05.2021-ci il tarixdə X11 adlı iki övladları anadan olmuşdur. İkinci övladları anadan olduqdan sonra Cavabdehnə ərizə ilə müraciət edərək, həm yeni doğulmuş qızlarının, həm də 10.01.2018-ci il tarixdə doğulmuş qızlarının soyad qrafasında “Cəfərova” deyil, rəhmətlik babalarının adı ilə bağlı olaraq “Frontzadə” kimi yazılaraq dəyişdirilməsini xahiş etmişlər. Belə ki, rəhmətlik babalarının adını yaşatmaq üçün belə bir müraciətləri olmuşdur. Onlar əmi oğlu və əmi qızı olduqları üçün ata babalarının adı birdir - X4r. Lakin Cavabdeh qanunvericiliyin tələblərini pozaraq və Ailə Məcəlləsinin müvafiq tələblərinə istinad edərək, uşaqların soyadlarının dəyişdirilməsi barədə ərizəni təmin etməkdən imtina etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişlər. İş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AA******* nömrəli İddiaçı2 məxsus şəxsiyyət vəsiqəsinin surəti; - AZE seriyalı ******** nömrəli İddiaçı1 məxsus şəxsiyyət vəsiqəsinin surəti; - AZ-İİ 199761 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surəti; - AZ-İV 065279 nömrəli X8 aid “Doğum haqqında şəhadətnamə”nin surəti; - AZ-İV 597257 nömrəli X9 aid “Doğum haqqında şəhadətnamə”nin surəti; - Cavabdeh 31.05.2021-ci il tarixli 05/Q-1-164/15 nömrəli imtina məktubu. Əsaslandırma hissəsi: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçılar İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Beləliklə, iddianın mümkünlüyünə dair şərtlər mövcud olsa da, mahiyyət baxımından əsaslı deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 birgə nikahından 10.01.2018-ci il tarixdə X10 və 10.05.2021-ci il tarixdə X11 doğulmuşlar. X610.02.2018-ci il tarixli, AZ-İV 065279 nömrəli, X7 adına 21.05.2021-ci il tarixli, AZ-İV 597257 nömrəli “Doğum haqqında şəhadətnamə”lər tərtib edilmişdir. İddiaçı1 Cavabdehnə ərizə ilə müraciət edərək, övladlarının soyadının “Frontzadə” kimi qeyd edilməsini xahiş etmiş, şöbə tərəfindən isə 31.05.2021-ci il tarixli 05/Q-1-164/15 nömrəli məktubla uşaqların soyadlarının dəyişdirilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı bildirilərək bundan imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Məhkəmə ilk növbədə yuxarıda göstərilmiş normalara istinadla qeyd edir ki, qanunvericilikdə adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olması ilə bağlı tənzimlənmə müəyyən edilmişdir. Başqa sözlə sözügedən məsələdə təsbit edilmiş qayda ondan ibarətdir ki, 18 yaşı tamam olmuş hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Lakin qanunvericiliyin tələbləri baxımından uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir və şəxs 18 yaşına çatdıqdan sonra öz adını, ata adını və soyadını dəyişdirmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçıların övladlarına vermək istədikləri “Frontzadə” soyadı onların babaları X3 adı ilə bağlı olsa da, həmin ad Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təqdim etdiyi “Azərbaycan adları barədə məlumat” bölməsində Azərbaycan dilinin böyük izahlı onomastik lüğətinə istinadla hazırlanmış siyahıda da müəyyən edilməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən və azyaşlı uşaqların mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı 10.01.2018-ci il təvəllüdlü X6 və 10.05.2021-ci il təvəllüdlü X2 dəyişdirilərək “Frontzadə” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar