Məhkəmə qərarları › İş №2-1(114)-1360/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1360/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1360/2023 07.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı vaxtan təyin edilməsi və ilkin müraciət tarixindən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, hüququnun yarandığı 28 fevral 2017-ci il tarixindən- 57 yaşdan təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 57 yaşının tamam olduğu 28 fevral 2017ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə rəsmən müraciət etmişdir. Lakin cavabdeh iddiaçıya sözügedən Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş redaksiyasına uyğun olaraq pensiya təyin etmişdir. İddiaçı təkrarən cavabdehə müraciət edərək, əmək pensiyasını 57 yaşı tamam olan tarixə kimi topladığı əmək stajına uyğun yenidən təyin etməsini xahiş etmiş, cavabdeh isə 14 noyabr 2022-ci il tarixli, **********9 nömrəli məktubu ilə bunu etməkdən imtina edərək, 57 yaşı tamam olana qədər tələb olunan 25 illik ümumi iş stajının olmamasını" bəhanə gətirərək, xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 2 nömrəli Bakı Texniki Peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 28 fevral 2017-ci il tarixindən, 57 yaşdan əmək pensiyasının "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 57 yaşının tamam olduğu 27 fevral 2017-ci il tarixədək ümumi iş stajı 25 ildən az 23 il 6 ay 8 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-il, xx.xx.1987-xx.xx.1997-ci il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2011-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa "Əmək pensiyaları haqqında" Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24345,65 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçının göstərdiyi əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən hal-hazıradək (xx.xx.2021) ayrıayrı müəssisələrdə işləmişdir. -surəti işə əlavə edilmiş H3 ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. -Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli, Q-638/25 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1976-cı il tarixində 2 nömrəli Bakı Texniki Peşə Məktəbinin "Elektrovozun maşinist köməkçisi" ixtisasına qəbul olmuş və xx.xx.1979cu il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış B N 049648 nömrəli diplom Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, hüququnun yarandığı 28 fevral 2017-ci il tarixindən- 57 yaşdan təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun 57 yaşının tamam olduğu 27 fevral 2017-ci il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi, eyni zamanda "Əmək pensiyaları haqqında" Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də ona pensiya təyin edilməsinin mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanununun 1.16-cı bəndinə görə 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasında kişilər üçün güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddi 57 olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur ki, o, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur, deməli “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına görə iddiaçı xx.xx.2017-ci il tarixdə- 57 yaşında tələb olunan yaş həddində olmuşdur. Cavabdeh isə iddiaçının həmin tarixdə ümumi iş stajının 25 ildən az təşkil etməsi səbəbindən onun pensiya hüququnun yaranmadığını bildirərək iddiaçının müraciəti ilə bağlı müsbət qərar qəbul etməmişdir. Qeyd edilməlidir ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlərlə müəyyən edilir ki, onun 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 23 il 8 ay 8 gün (xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmət dövrü (1 il 6 ay 16 gün), xx.xx.1982-xx.xx.1985-ci il (3 il 7 ay 16 gün), xx.xx.1985-xx.xx.1987-il (2 il 1 ay 29 gün), xx.xx.1987-xx.xx.1997-ci il (9 il 1 ay 11 gün), xx.xx.2007-xx.xx.2008-ci il (1 il 2 ay) və xx.xx.2011-xx.xx.2017-ci il (6 il 26 gün) -işlədiyi dövrlər) təşkil edir. Eyni zamanda işə əlavə edilmiş müvafiq arayışla təsdiq olunur ki, iddiaçı xx.xx.1976cı il tarixdən xx.xx.1979-cu il tarixədək əyani formada təhsil almışdır. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsi ilə müəyyən olunur ki, həmin müddətlər onun sosial sığorta stajı kimi qəbul edilməmişdir. Məhkəmə tələbin “təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi” hissəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. İddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək texniki peşə məktəbində təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Qeyd olunan normaların tələblərinə əsasən məhkəmə iddiaçının təhsil aldığı müddətin də sosial sığorta stajına daxil edilməsini məqsədə müvafiq hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı ümumilikdə 23 il 8 ay 8 gündür. İddiaçının təhsil illlər də (xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək -2 il 10 ay 24 gün) nəzərə alınmaqla onun xx.xx.2017-ci il tarixədək ümumilikdə 26 il 7 ay 2 gün sığorta stajı yaranmış olur. Yəni iddiaçının qeyd etdiyi dövrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiyanın yenidən hesablanması baxımından onun maraqlarına uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bundan əlavə qeyd edilməlidir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi həmin dövrün pensiya qanunvericiliyinin tələbidir. Odur ki, məhkəmə hesab edir ki, tələb həmin hissədə də əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbinə münasibətdə “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələbləri nəzərə alınmalı və iddia təmin edilməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 2 nömrəli Bakı Texniki Peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 28 fevral 2017-ci il tarixindən -57 yaşdan təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki son üç il üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 2 nömrəli Bakı Texniki Peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 28 fevral 2017-ci il tarixindən- 57 yaşdan təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki son üç il üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar