Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1360/2025 24.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1976-cı il tarixdə Ermənistan, Kalinino rayonunda anadan olmuş, hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçıya məxsus EZ-0006897 nömrəli hərbi biletdəki məlumata əsasən iddiaçı xx.xx.1993-xx.xx.1997-ci illərdə Bakı Aıi Ümumqoşun Komandanlıq Məktəbində müdavim, xx.xx.1997-xx.xx.2008-ci illərdə N nömrəli hərbi hissədə, xx.xx.2008-xx.xx.2011-ci illərdə N nömrəli hərbi hissədə, xx.xx.2011-xx.xx.2014-cü illərdə N nömrəli hərbi hissədə, xx.xx.2014-xx.xx.2018-ci illərdə N nömrəli hərbi hissədə xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2016-cı il tarixli, 102 nömrəli əmrinə əsasən iddiaçı döyüş tapşırığının yerinə yetirilməsi, kütləvi atəş zərbələrində iştirak etmək və xüsusi təyinatlı qüvvələrin fəaliyyətinin atəş dəstəyini təmin etmək məqsədilə xx.xx.2016-cı il tarixdən döyüş təyinatlı rayonlara getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2016-cı il tarixli, 110 nömrəli əmrinə əsasən iddiaçı 11 aprel 2016-cı il tarixdən döyüş təyinatlı rayonlardan gəlmiş hesab edilmişdir. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə-cavabdeh) müraciət etmişdir. Müdafiə Nazirinin Katibliyindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2/2- 3847 nömrəli məktuba əsasən bildirilmişdir ki, iddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün sənədləri Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın icraatına qəbul edilmişdir. Müvafiq sorğulara cavablar alındıqdan sonra məsələyə baxılaraq müvafiq qərar qəbul olunacaqdır. Bu haqda əlavə məlumat veriləcəkdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"na ünvanladığı xx.xx.2024-cü il tarixli, 1945 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçı Gəncə RHKdan çağırılmış, Bakı Ali Birləşmi Komandanlıq Məktəbi rəisinin 12 avqust 1993-cü il tarixli 173 No-li əmrilə (əsas: səh 274 sira 33) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 1-ci kursa kursant təyin edilmişdir. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin 28 fevral 1994-cü il tarixli 43 nömrəli əmrində 1-ci kursun kursantı İddiaçı (əsas: § 5, səh 220, sıra 20, əmrdə adı və atasını adı tam yazılmamışdır) xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək tətil məzuniyyətinə getmiş hesab edilməsi barədə məlumat vardır. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin 17 mart 1994-cü il tarixli 54 № əmrində 1-ci kursun kursantı İddiaçı (əsas: § 12, səh 313, sıra 8, əmrdə adı və atasını adı tam yazılmamışdır) tətil məzuniyyətindən qayıtmış hesab edilməsi barədə məlumat vardır. Qeyd olunur ki, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin aprel-may 1994-cü tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və xx.xx.1993 xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində ezamiyyətdə olması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirinin Katibliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-25-2/2- M-8523 20/2024 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə və Mərkəzi Arxivin arayışına əsasən, döyüş əməliyyatlarının aparıldığı dövrdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısına əsasən əməliyyatlara cəlb edilməyən Bakı ali Ümumqoşun Komandanlıq Məktəbində (xx.xx.1993-xx.xx.1997-ci il) müdavim olduğuna, habelə həmin dövrdə əməliyyatlara cəlb edilmiş hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmağına dair məlumatlar olmadığına görə iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Məhkəmə sorğusuna cavab olaraq N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 1388 nömrəli məktubunda qeyd etmişdir ki, N nömrəli hərbi hissənin tərkibində 2016-cı ilin aprel doyüşlərində iştirak etmişdir. Həmin döyüşlərdə həlak olan və yaralanan hərbi qulluqçulardan başqa heç bir hərbi qulluqçuya "Müharibə veteranı" adının və vəsiqəsi verilməmişdir. "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək işğal altında olmuş ərazilərdə iştirak etmiş hərbi qulluqçulara şamil olunur. Məhkəmə sorğusuna cavab olaraq N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3- 25-135/2-437/25 nömrəli məktubunda qeyd etmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu Musayev fişad Kamal oğlu 01-05 aprel 2016-cı il tarixlərində aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində iştirak etmişdir. İddiaçının aparılan döyüş əməliyyatları zamanı yaralanması və ya hər hansı bir zədə alması ilə bağlı hərbi hissədə heç bir qeydiyyat yoxdur. İddiaçı tərəfin dəlilləri: İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Aprel döyüşlərinin iştirakçısı olaraq palkovnik leytinant rütbəsi ilə təxris olunmuşdu. Aprel ayında gedən döyüşlərdən sonra iddiaçı xidməti ilə bağlı 2-ci dərəcəli məharət ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Ərazisi və Suverenliyi uğrunda torpaqlarının uğrunda canını qoyaraq xidmətini etmişdir. Ona müharibə veteranı adının verilməməsi ədalətli deyil, onun hüququları da qorunmalıdır, pozulmalı deyil. Bununla bağlı hərbi hissə komandanlığı qarşısında vəsatət qaldırsa da, vəsatətində göstərilən hallar əvəzinə iddiaçıya töhmət verilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və ədalət mühakiməsinin ədalətli qərarından sonra pozulmuş hüquqları təmin edilmişdir. İddiaçı dəfələrlə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına "Müharibə Veteranı" adının və vəsiqənin verilməsinə dair müraciətlər etmiş, lakin bildirmişlər ki, onun Müdafiə Nazirliyinin arxivində qulluq etməsi barədə heç bir sənədlər aşkar olunmadığı üçün toplanmış sənədlər "Müharibə Veteranı" adı və vəsiqənin verilməsi üçün təşkil olunmuş müvafiq komissiyaya təqdim etmək mümkün olmamışdır. Belə ki, bununla bağlı cavabdehə müraciət edərək veteranlığının təmin edilməsini xahiş etsə də cavabdeh müvafiq sorğulara cavab alındıqdan sonra onun veteranlığı ilə bağlı məsələyə baxılacağı bildirilmişdir, bu cavabdan isə artıq 4 aydan artıq müddət keçmiş və göründüyü kimi özü qəsdlə hərəkətsizlik edərək müraciətə heç bir cavab verilmir. İddiaçı xahiş edir ki ona veteran haqqını almağına köməklik edilsin. İddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2025-ci il tarixli, 3-25-4/2-226/2025 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya"sı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-25-2/2-M- 11462-20 /2024 nömrəli arxiv sənədlərinə əsasən iddiaçının, döyüş əməliyyatlarının aparıldığı dövrdə silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısınsa əsasən əməliyyatlara cəlb edilməyən Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində (xx.xx.1993-3107.1997-cil) müdavim olduğuna. Habelə həmin dövrdə əməliyyatlara cəlb edilmiş hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmağına dair məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. İddiaçı iddia ərizəsində 2016-cı ildə aprel döyüşləri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılara qarşı gedən döyüşlərdə iştirak etdiyini bildirmişdir. İddiaçı iddia ərizəsində 2016-cı il aprel döyüşləri zamanı iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissədə döyüş əməliyyatlarında iştirak etməsi işin mübahisəsiz halıdır. Mübahisə predmeti iddiaçının müharibə veteranı adının almasına hüququnun olub olmaması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı hallar üzrə hüquqi əsas “Veteranlar haqqında” Qanun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təşkil edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi, Əsasnamənin 1-ci hissəsinin 8-ci yarımbəndinə görə, ... 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilməsi nəzərdə tutulmuşdur. İstinad olunan Əsasnamənin qeyd edilən normasının açıq-aşkar tələbinə əsasən, atəşkəs dövründə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı statusu verilməsi üçün onların döyüş əməliyyatlarında iştirak etməsi ilə yanaşı, həm də döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması da tələb olunur. İddiaçı 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, ümumiyyətlə bu barədə hər hansı dəlil irəli sürməmişdir. Digər tərəfdən, cavabdeh imtinasında və etirazında iddiaçının xx.xx.1993-xx.xx.1997ci il tarixlərdə əməliyyatlara cəlb edilməyən Bakı ali Ümumqoşun Komandanlıq Məktəbində müdavim olmasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı özü də 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüşlərdə iştirak etdiyini qeyd etməmişdir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, yuxarıda istinad edilən Əsasnamənin 1-ci hissəsinin 8-ci yarımbəndinin dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1360/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1360/2025
24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver