Məhkəmə qərarları › İş №2-1(114)-1363/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1363/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1363/2022 10.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialına (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin «tələbin icraya yönəldilməsi haqqında » xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərarının qanunsuz hesab edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X7 hüquqi şəxsin 18 saylı regional ərazi idarəsi tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, **********3 nömrəli Qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, ona xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ll dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatlarına əsasən İİ dərəcə əllilik kimi qiymətləndirilmiş, lakin həmin tarixdən etibarsız hesab edildiyi üçün nəticədə 14918,02 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Qeyd olunan qərarı, yəni inzibati aktı, qeyri-obyektiv hesab edir. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yoxlanışından keçərək müvafiq olaraq əllik dərəcəsi almış, həmin dərəcə əsasında da cavabdeh tərəfindən ona müvafiq olaraq əlillik üzrə əmək pensiyası təyin edilmişdir. Lakin bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi təfindən ona heç bir rəsmi qərar göndərilmədən pensiya dayandırılmışdır. Əlilliyə görə təyin edilmiş əmək pensiyası müvafiq komissiyanın qərarı ilə onun müraciəti əsasında rəsmi sənədlərin yoxlanılmasına əsasən araşdırılaraq təyin edilmiş, sonradan isə heç bir əsas gətirilmədən pensiyası dayandırılmış və əllik dərəcəsi ləğv edildiyi bildirilmişdir. Ləğv edilməyə dair heç bir əsaslı qərar indiyədək ona rəsmi formada təqdim edilməmişdir. Cavabdeh tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli Qərardan isə icra orqanı tərəfindən ona məlumat verilməsindən sonra xəbər tutmuşdur. Pensiya təyinatı üzrə ödəniş səlahiyyətli qurum tərəfindən qanuna müvafiq surətdə verilmişdir. Yəni, pensiya ödənişinin həyata keçirilməsində onun hər hansı bir qüsurlu hərəkəti olmamışdır. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli etiraz göndərərək bildirmişdir ki, Tibbi Sosial Ekspert Komissyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, İdiaçıya xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə gözdən əlillik təyin olunmuşdur. xx.xx.2018-cu il tarixdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Tibb İdarəsi tərəfindən ƏƏSMN-nin müavininə ünvanlanmış məktubda qeyd olunur ki, nazirlikdən daxil olmuş 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 nömrəli “Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1 bəndinə əməl edilməməsi ilə bağlı məktuba baxılmışdır. Siyahıda adları qeyd edilmiş 75 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər etibarsız hesab edilmişdir. Qeyd olunan siyahıda İddiaçı da adı öz əksini tapmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən filialının “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında Q/**********3 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçıya ödənilmiş 14918,02 manat 10 gün müddətində Fondun Gəncə-Daşkəsən regional filialının hesabına ödənilməsinin təmin olunması göstərilmişdir. Əlillik ləğv olunduğu üçün iddiaçıya xx.xx.2017-ci ildən təyin olunmuş 2-ci dərəcə əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Nəticədə iddiaçıya 14918,02 manat məbləğində artıq ödəmə yaranmışdır və Fondun Gəncə-Daşkəsən regional filialı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə əsasən pul tələbinin icraya yönəldilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və va təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması ücün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, taqaüdlər va Kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və’ Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatını həyata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdən digərinə keçirilməsi ücün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, əlilliyin müəyyən edilməsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. İddiaçının əlilliyinin müəyyən olunmasına dair TSEK-nın qərarı əsasında Fondun 5 saylı regional ərazi filialı (bundan sonra - Filial) tərəfindən xx.xx.2017ci ildə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin sonradan X2 88 (göndəriş) etibarsız hesab edildiyi üçün əlillik ləğv olunmuşdur. Beləliklə, əlilliyin təyin olunması dayandırılmışdır. Etibarsız Forma 88 əsasında pensiya ödənişin aparılması əsassız (artıq) olaraq ödəniş edilməsinə səbəb olmuşdur. Filial tərəfindən Əsasnaməsinin 3.1.3- ci bəndinə əsasən, həmin məbləğin tələb edilməsinə dair müvafiq tədbir görülməsi məqsədi ilə ‘inzibatı icraat haqqında” Qanunun 82-ci maddəsinin tələbləri nəzərə alınmaqla “Artıq aldığı pensiya məbləğinin geri qaytarılması haqqında Q/01 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə pul tələbi icraya yönəldilmişdir. Hesab edirlər ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarıtması ilə bağlı məsələ cavabdehin özü tərəfindən həll edilməli olan məsələ olduğu üçün cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələbinin ödənilməsi ilə bağlı həmin inzibati akt isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahat verdi. İş materiallarına tələbin icaraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********3 nömrəli Qərar, Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, 48452/2022-21-39-004 nömrəli bildirişi, cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq buraxılmış prosesual müddət bərpa edilməsini xahiş etmiş, lakin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının sözügedən qərardan xx.xx.2022-ci il tarixli icra bildirişi vasitəsilə xəbərdar olması səbəbi ilə prosessual müddət buraxılmamışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. İşdə olan materiallar arasında yer alan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialının **********3 nömrəli, xx.xx.2021-ci il tarixli, “Tələbin icraya yönəldilməsi haqqında” Qərardan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci i tarixədək ll dərəcə əlilliyə görə Əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı əlilliyi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İİ dərəcəli əlillik kimi qiymətləndirilmiş, lakin həmin tarixdən etibarsız edildiyi üçün nəticədə 14918,02 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Yaranmış 14918,02 manat vəsaitin Dövlət Sosial X7 Hüquqi Şəxsin 18 saylı Regional ərazi filialının hesabına qaytarılması haqda bildiriş göndərilmiş, lakin artıq ödənilmiş məbləğin bərpası təmin edilməmişdir. Buna görə də qərara alınmışdır ki, İddiaçı tərəfindən 14918,02 manat vəsaitin bərpası icraya yönəldilsin. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, 48452/2022-21-39-004 nömrəli bildirişindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialının **********3 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi 5 gün müddətində könüllü surətdə icra etməsi iddiaçıdan xahiş olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlər toplusundan müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış, hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə onun yaşadığı ünvanına məktub göndərmişdir. Tətbiq olunan hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə iddiaçının razılığı olmadığından, habelə həmin məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X7 Hüquqi Şəxsinin 18 saylı Reginal Ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar