Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1365/2021 11.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, «xxxx» MMC) qarşı “torpaq sahəsinin yerquruluşu planına və elektron baza xəritəsinə daxil edilməsi və torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 19.05.2021-ci il tarixli, **********48 saylı müraciətə baxılması barədə məktubundan məlum olur ki, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən torpaq sahələrinə dair tərtib edilmiş JN-208 saylı kod 50803018 və JN-209 saylı kod 50803018 torpağa mülkiyyət hüququna dair dövlət aktlarının qüvvədə olub-olmaması və Göygöl rayonu Aşıqlı bələdiyyəsinin 19.08.2003-cü il tarixli qərarı ilə 1.0 ha torpaq sahəsinə dair dövlət aktının işlənib-işlənməməsi barədə arayışın verilməsinə dair 05.05.2021-ci il tarixli müraciətə baxılmış müvafiq cavab verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xanlar rayon Aqrar İslahat Komissiyasının 27 may 2004-cü il tarixli 01 saylı qərarı ilə verilmiş (indiki Göygöl) rayonu, Aşıqlı kəndi ərazisindən 1,31 hektar torpaq sahəsinin Aşıqlı kənd ərazisinin kompleks yerquruluşu planına və elektron baza xəritəsinə daxil edilməsini və torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddia üzrə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə hazırki iş üzrə iddia növünün müəyyən edilməsi ilə bağlı qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı inzibati orqandan inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkəti- torpaq sahəsinin kompleks yerquruluşu planına və elektron baza xəritəsinə daxil edilməsini və torpaq sahəsinin sərhədlərini naturada müəyyən edilməsini xahiş etmişdir. Lakin iddiaçının cavabdeh inzibati orqana müraciəti hazırki tələblə eynilik təşkil etmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi ilkin müraciət məhz dövlət aktlarının qüvvədə olub-olmaması və torpaq sahəsinə dair dövlət aktının işlənilib-işlənməməsinə dair məlumat əldə edilməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.3, 34.1, 35.1. maddələri). Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Odur ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən məlum olduğu kimi iddiaçının inzibati orqana torpaq sahəsinin yerquruluşu planına və elektron baza xəritəsinə daxil edilməsi və torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı ilkin müraciəti olmadığından iddianın xüsusi mümkünlük şərti mövcud deyildir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq
Q ə r a r a a l d ı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, «xxxx» MMC) qarşı “torpaq sahəsinin yerquruluşu planına və elektron baza xəritəsinə daxil edilməsi və torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilərlər.
Sədrlik edən: Aygül İsgəndərova