Məhkəmə qərarları › İş №2-1(114)-1367/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1367/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1367/2020 14.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi) əmrin ləğvi və işə bərpa tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xidməti uyğunsuzluq adı ilə ehtiyata buraxılmağına dair əmrin ləğv edilməsi və əvvəlki bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətinin davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş və Müdafiə Nazirliyinin xx.xx.2012-ci il tarixli, 140 nömrəli əmrinə əsasən hərbi xidmətdən tərxis edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə göndərilərək hərbi qeydiyyata götürülmüşdür. Bundan sonra ərizəsi əsasında xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 130 nömrəli, xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək 703 nömrəli, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək 701 nömrəli və xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək N nömrəli hərbi hissələrdə könüllü olaraq baglaşma əsasında əvvəlcə 3 il, sonra isə 5 il müddəti nəzərdə tutulmaqla müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 030 nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-ci maddəsinə əsasən xidməti uyğunsuzluq adı ilə onu ehtiyata buraxmışlar. Hesab edir ki, cavabdeh tərəfindən onun xidməti uyğunsuzluq adı ilə ehtiyata buraxılmağı tamamilə qanunsuz və əsassızdır. Belə ki, xidmət etdiyi vaxt ərzində hərbi hissə komandanlığı tərəfindən ona heç bir intizam tənbehi verilməmişdir. 2020-ci ilin aprel ayının 10-da isə uşağı xəstə olmuş, uşağını Tərtər şəhərində həkimə aparmış və sonra hərbi hissəyə qayıtmışdır. Lakin buna baxmayaraq qanunsuz olaraq ona qarşı qərəzli əmr verilmiş və xidməti uyğunsuzluq adı ilə onu hərbi xidmətdən uzaqlaşdırmışlar. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə göndərərək, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsini koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda rayonlararası gedişgəlişin məhdudlaşdırılması səbəbindən qanunvericiliklə müəyyən edilmiş vaxtda verə bilməmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan 1-ci Ordu Korpusu komandirinin xx.xx.2020-ci il tarixli 030əç nömrəli əmrindən çıxarışın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində bərpa olunmasına cəhd etməmiş və məhkəməyə müraciət etməmişdir. Həmçinin qeyd edilməlidir ki, sərt karantin tətbiq edildiyi dövrdə respublikanın bütün ərazisində poçt xidməti fəaliyyət göstərmiş, eyni zamanda vətəndaşların zəruri hallarda sms icazə vasitəsilə hərəkət etmələrinə şərait yaradılmışdır. Odur ki, iddiaçının karantin rejimi ilə bağlı müddəti ötürməsi üzürlü sayıla bilməz. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar