Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-137/2022 08.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, mütəxəssis 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Kameral vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyətinə, Gəncə şəhər Cavabdeh3nə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətinin məhv edilməsinə səbəb olmuş qanunsuz hərəkətlər səbəbindən mağaza və çörəkbişirmə sexinin binasının məhv edilməsinə görə 148.000 manat, məhv edilmiş ərzaq məhsulları və çörək bişirmək üçün avadanlıqlarının dəyəri olaraq 106.000 manat, əldə edə bilmədiyi itirilmiş gəlirlər üçün 10 il ərzində 240.000 manat, mənəvi ziyan olaraq 50.000 manat olmaqla ümumilikdə vurulmuş ziyana görə 546.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 29.08.1995-ci il tarixli, 1980 nömrəli sərəncamı əsasında Gəncə şəhəri, T.Arani küçəsində tikilmiş ticarət cərgəsindəki 60-61 nömrəli ticarət obyektləri ona satılmış, tikinti üçün iddiaçı tərəfindən dövlətə həmin vaxt 5 milyon manat pul ödənilmişdir. Bundan sonra həmin sərəncam əsasında tikdirdiyi qeyri-yaşayış binasına texniki pasport verilmişdir. Ümumilikdə tikintinin ümumi sahəsi 216 kv.m olmuşdur. Həmin tikintidə çörək sexi, satış mağazası təşkil olunmuşdur. 15 ilə yaxın müddətdə fəaliyyət göstərdikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin və Cavabdeh3 keçmiş başçılarının qanunsuz hərəkəti əsasında istifadəsində olan ticarət obyektləri texniki vasitələrlə tam olaraq məhv edilmiş, dağıdılmışdır. Əmlakının məhv edilməsi nəticəsində ona vurulmuş ziyanın Cavabdeh1 tərəfindən ödənilməsi barədə ərizəsi təmin edilməmiş, ona ünvanlanmış 06.09.2021-ci il tarixli məktubla ziyanın ödənilməsindən imtina edilmişdir. Mülkiyyətində olan daşınmaz əmlakın sökülməsindən sonra Gəncə Şəhər İcra Hakimiyyəti və Cavabdeh3 keçmiş başçıları tərəfindən vəd verilmişdir ki, digər uyğun ərazidə yenidən tikinti işləri aparılması üçün şərait yaradılacaq. Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə şəhər Cavabdeh3 başçılarının 03.09.2010-cu il tarixli, 128 saylı sərəncamı ilə ona 226,0 metr olan mağaza və çörəkbişirmə sexinin tikintisinə icazə verilmiş, ancaq tikinti üçün ayrılacaq torpaq sahəsində yeni elektrik xətti dirəkləri quraşdırılacağı və yeraltı işlər aparılacağı əsas gətirilərək tikinti işlərinin aparılmasına icazə verilməmişdir. Gəncə şəhər Kəpəz Rayon İcra başçısının 21.05.2012-ci il tarixli 216 saylı sərəncamı ilə yenidən 198,0 kv.m torpaq sahəsində tikinti quraşdırma işlərinin aparılmasına icazə verilmiş, ancaq qanunsuz olaraq dağıdılmış qeyri-yaşayış sahəsinin əvəzində hec bir kompensasiya verilməmiş və yeni tikinti aparılması üçün maddi köməklik göstərilməmişdir. Dəfələrlə bu haqda Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etsə də hec bir nəticə olmamış, sonuncu dəfə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 27.12.2018-ci il tarixli Q-196-150 nömrəli məktubla izah verilmişdir ki, əmlakın məhv edilməsi ilə bağlı prokuroluq və məhkəməyə müraciət edə bilər. Həmçinin həmin məktubda qeyd olunmuşdur ki, ona məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmişdir. Ancaq yuxarıda qeyd etdiyi sərəncamların məzmununda, həmçinin Gəncə Şəhər Baş Polis İdarəsinin “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarda şəhərin T.Arani küçəsində yerləşən ticarət obyektlərinin şəhərdə yenidənqurma və abadlıq işləri ilə əlaqədar sökülməsi qeyd edilmişdir. Mülkiyyətində olan tikintinin məhv edilməsi zamanı həmçinin bir ədəd 100 kilovatlıq cərəyan transformatoru, 75 kvt. 3 xəttli işıq genaratoru, iki ədəd hər biri 100 kq. tutumu olan xəmir yoğuran aparat, dörd ədəd hər biri 3 gözdən ibarət çörəkbişirən soba, iki ədəd hər biri 3 metr uzunluğunda soyuducu vitrinlər, iki ədəd hər biri 50 kvm. sahə üçün kondisioner, 6.000 manatlıq satış üçün ərzaq malları 372 kisə un məhsulu tikinti ilə birlikdə məhv edilmişdir. Hazırda onun məhv edilmiş obyektinin bazar qiyməti 148.000 manatdır. Mülkiyyətində olan mağaza binasının və çörəkbişirmə sexinin məhv edilməsi nəticəsində hər ay 2.000 manat olmaqla gəlir əldə etməkdən məhrum olmuşdur. Yekun olaraq mağaza və çörəkbişirmə sexinin binasının məhv edilməsi səbəbindən 148.000 manat, məhv edilmiş ərzaq məhsulları və çörək bişirmək üçün adanlıqların dəyəri olaraq 106.000 manat, əldə edə bilmədiyi itirilmiş gəirləri isə 10 il ərzində hər ay 2.000 manat olmaqla 240.000 manat təşkil edir, ümumilikdə ziyan 494.000 manat təşkil edir. Hüquqlarının pozulması, işsiz qalmağı, onun mülkiyyətiylə bağlı qanunsuz hərəkətlərə yol verilməsi səhhətinə olduqca ağır zərbə vurmuş, əzab-əziyyət çəkməyinə sarsıntı keçirməyinə səbəb olmuş, ürək infarktı keçirmiş, ancaq ona heç bir kompensasiya ödənilməmişdir. O vurulmuş 494.000 manat maddi ziyanın və hüquqlarının pozulmasına yol verildiyi üçün 50.000 manat mənəvi ziyanın tam olaraq ödənilməsini tələb edir. İddiaçının 05.11.2021-ci il tarixli ərizə ilə Gəncə şəhər Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə Gəncə şəhər Cavabdeh3 müştərək cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti iddia tələbinə dair 11.10.2021-ci il tarixdə 03/1118 nömrəli məktubla məhkəməyə yazılı etiraz göndərərək bildirmişdir ki, iddia ərizəsində göstərilən qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş və söküntü işləri aparılmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasının xahiş etmişdir. Digər cavabdeh Gəncə şəhər Cavabdeh3 iddia tələbinə dair 07.12.2021-ci il tarixdə 03/1058 nömrəli məktubla məhkəməyə yazılı etiraz göndərərək iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, T.Arani küçəsində tikilmiş ticarət cərgəsindəki 60-61 nömrəli ticarət obyektlərində onlar tərəfindən hər hansı bir söküntü işləri aparılmadığını və bu barədə heç bir şifahi tapşırıq və ya yazılı normativ akt (sərəncam) olmadığını bildirmişdir. Üçüncü şəxs iddiaya münasibət bildirməmişdir. Cavabdehlərin və üçüncü şəxsin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq ış üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında mütəxəssis qismində çıxış edən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Kameral vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi X3 bildirmişdir ki, iddaçı İddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan, təqdim etdiyi vergi bəyannaməsində xərclər göstərilmədiyindən onun sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə nə qədər gəlir əldə etməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini Gəncə Şəhər İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı Q-136-149 nömrəli, 06.09.2021-ci il tarixli məktubu, Gəncə Şəhər Baş Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06.02.2020-ci il və 15.03.2020-ci il tarixli qərarları, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 12 saylı Vergilər Departamentinin **********316000 nömrəli məktubu, 09.01.1997-ci il tarixli texniki pasport, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 6(043)-15/2019 nömrəli, 29.11.2019cu il tarixli qərarı, “FAME PRO" MMC nin 01/21-185 nömrəli, 16.04.2021-ci il tarixli qiymətləndirmə barədə hesabatı, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1980 nömrəli, 24.08.1995-ci il tarixli, 6399 nömrəli, 01.06.1999-cu il tarixli sərəncamı, Gəncə şəhəri Cavabdeh3 başçısının 128 nömrəli, 03.09.2010-cu il tarixli, 216 nömrəli, 21.05.2012-ci il tarixli və 1425 nömrəli, 30.08.2013-cü il tarxli sərəncamları, Gəncə Şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 03/1118 nömrəli, 11.10.2021-ci il tarixli məktubu, Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisinin 19.10.2021 -ci il tarixli, 3266 nömrəli məktubu, Gəncə şəhər Cavabdeh3 məhkəməyə ünvanladığı 03/1058 nömrəli, 07.12.2021-ci il tarixli məktubu və sadələşdirilmiş vergi bəyannamələri təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia inzibati mübahisələrin həlli ilə bağlı inzibati orqanların qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia qismən əsaslıdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 24.08.1995-ci il tarixli, 1980 nömrəli sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 14.02.1995-ci il tarixli, 577 nömrəli sərəncamına uyğun olaraq İddiaçı müqavilə əsasında 02.08.1995-ci ildə tarixdə ticarət obyektlərinin tikintisi üçün köçürdüyü 5.000.000 (beş milyon manat) məbləği nəzərə alınaraq T.Arani küçəsində müqavilə əsasında salınmış ticarət cərgəsindən tikintisi başa çatmamış 60-61 nömrəli ticarət obyektləri İddiaçı verilməsi qərara alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 01.06.1999-cu il tarixli, 6399 nömrəli sərəcamı ilə İddiaçı ərizəsindəki xahişi nəzərə alınaraq ona Tağı Arani küçəsində ticarət cərgəsində fəaliyyət göstərən çörək sexinin qarşısında, sexə bitişik 3.0 x 5.0 metr ölçüdə torpaq sahəsi ayrılmasına və həmin ölçüdə ticarət pavilyonu quraşdırılmasına icazə verilmişdir. Gəncə şəhər Cavabdeh3 başçısının 128 nömrəli, 03.09.2010-cu il tarilxi sərəncamından görünür ki, Gəncə şəhəri, Tağı Arani küçəsində salınmış ticarət cərgəsində yerləşən İddiaçı məxsus sahəsi 87 kv.m olan 60, 61 saylı çörəkbişirmə sexinin tikilisi həmin ərazinin abadlaşdırılması və yenidənqurulması ilə əlaqədar olaraq sökülərək ona 139,0 kv.m əlavə torpaq sahəsi təhkim edilməklə müvafiq qaydada razılaşdırılmış layihə əsasında ümumi sahəsi 226,0 kv.m olan mağaza və çörəkbişirmə sexinin tikintisinə bicazə verilməsi qərara alınmışdır. Gəncə şəhər Cavabdeh3 başçısının 216 nömrəli, 21.05.2012-ci il tarixli sərəncamından görünür ki, Gəncə şəhəri, Tağı Arani küçəsində salınmış ticarət cərgəsində yerləşən İddiaçı məxsus yararsız vəziyyətdə olan mağazanın ərazidə aparılan abadlıq işləri ilə əlaqədar sökülməsini nəzərə alaraq müvafiq qaydada razılaşdırılmış layihə əsasında 198,0 kv.m torpaq sahəsində yenidən qurulmasına icazə verilmişdir. Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” istehsalat birliyinin sözügedən qeyri-yaşayış binasının 09.01.1997-ci il tarixli vəziyyətinə verdiyi texniki pasportda torpaq sahəsinin şərhi hissəsində tikinti altı sahə 79.4 kv.m, tikinti həcmi 262 kv.m, otaqların xarakteristikası və onların sahəsi hissəsində 30.8 kv.m çörək bişirmə sexi, 27.7 kv.m anbar, 3.4 kv.m xidməti sahə, əlavə tikintilərin, xidməti tikintilərin və qurğuların təsviri hissəsində isə 17.70 kv.m çardaq, 6.70 kv.m hamam-tualet və 1.40 kv.m sahədə transformator göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 19.11.2021-ci il tarixli, **********44600 nömrəli məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicisi İddiaçı 2010-2011 - ci illər üzrə vergi orqanına təqdim etdiyi qüvvədə olan vergi bəyannamlərinə əsasən vergiyə cəlb edilən əməliyyatların həcmi 2010-cu il üçün 37872,0 manat, 2011-ci il üçün isə 60269,0 manat olmuşdur. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarına əsasən bu qənaətə gəlir ki, sözügedən tikintinin sökülməsinə dair qanuna müvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehlərin həmin əmlakın sökülməsinə dair qanunla müəyyən edilmiş əsasları olmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdehlər iddiaçıın əmlakından məhrum edilməsinin qanunun tələblərinə müvafiq olduğunun yoxlanılmasına heç bir səy göstərməmişlər. Cavabdehlərin sözügedən tikintinin onlar tərəfindən sökülməməsi və bu barədə onlar tərəfindən hər hansı bir sərəncam qəbul edilməməsi barədə göstərdikləri iş materiallarına əlavə olunmuş sərəncamlarla təkzib olunur. (bax Gəncə şəhər Cavabdeh3 başçısının 03.09.2010-cu il tarixli, 128 nömrəli və 21.05.2012-ci il tarixli, 216 nömrəli sərəncamları). Məhkəmə qeyd edir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarnı şəxsin subyektiv hüquqlarına qəsd etmıəməyini tələb etmək hüququnu deyil, həmdə dövlətin mülkiyyəti qeyri qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini də nəzərdə tutur. Mövcud qanunvericiliyə əsasən şəxsi mülkiyyət dövlət hesabına aşağıdakı yollarla özgəninkiləşdirilə bilər: Konstitusiyanın 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəlcədən ödənilməsi şərtilə dövlət ehtiyacları üçün müsadirə yolu ilə; və ya Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə; və ya Mülki Məcəllənin 203.3 maddəsində nəzərdə tutulmuş digər xüsusi hallarda. İşin faktiki hallarından göründüyü kimi yuxarıdakı prosedurların heç birinə riayət edilməmişdir. Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndində deyilir: “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakının tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyətli obyektləirin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” kimi Nazirlər Kabinetinin təyin edilməsi müəyyən edilmişdir. Mülki Məcəllənin 158.1.2-ci maddəsində göstərilmişdir ki, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 203.3-ü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa əmlakın mülkiyyətçisindən məcburi alınmasına yol verilmir: - öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi (maddə 203.3.1); -qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.2); - sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.3); - təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması (maddə 203.3.4); - rekvizisiya (maddə 203.3.5); - müsadirə (maddə 203.3.6). Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir (maddə 203.5). Qeyd olunan Məcəllənin 207-ci maddəsinə əsasən torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüquna xitam verilməsi həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir: “ Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, sözügedən əmlak Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə əsasən iddiaçının mülkiyyəti olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Bu müdaxilə 1 saylı protokolun 1-ci maddəsinin 2-ci cümləsinin məzmunu baxımından mülkiyyətdən məhrum etməyə bərabərdir. Məhkəmə iddiaçının əmlakına müdaxilə zamanı mülkiyyətinin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin 152.1, 157.4, 157.9, 1097, 1100, 1113 və 1115-ci maddələrinin müddəaları ilə tənzimlənməsinə dair arqumentləri nəzərə alır və razılaşır ki, iddiaçının mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Buna baxmayaraq, hazırki işdə ərizəçinin mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər ərizəçinin şikayətlərinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmişlər. Yuxarıda qeyd olunan əsaslara görə məhkəmə bu nəticəyə gəlir ki, hazırki işdə müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyata keçirilməmişdir. İddiaçı öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur: “Əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir.” Məhkəmə hesab edir ki, iddiaçı öz mülkiyətindən məhrum edildiyinə görə kompensasiya hüququna malkdir. İddiaçı məhv edilmiş binaya görə 148.000 manatməbləğində kompensasiya şəklində cavadehlərdən dövlət büdcəsi hesabına alınaraq ödənilməsini tələb edir. "xxxx" MMC-nin 01/21-185 nömrəli, 16.04.2021-ci il tarixli məktubda görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində məlum olur ki, ünvan 7 ünvanında yerləşən ümumi 107.6 kv.m olan qeyri yaşayış binasının 16.04.2021-ci il tarixə olan bazar dəyəri 148000 manat, likvid dəyəri isə 126000 manatdır. Bundan əlavə məhkəmə notariuslara sorğu göndərib cavab almaqla iddiaçıya məxsus əmlakın bazar dəyəriniu obyektiv müəyyən etməyə çalışmışdır. Məhkəmənin son üç il ərzində Gəncə şəhəri, T.Arani küçəsində və ona yaxın məsafədə yerləşən təqribi ölçüsü 100-200 kv.m qeyri-yaşayış sahəsinin notariat qaydada təsdiq edilmiş, alqı-satqı müqavilələrində göstərilmiş üç ən yüksək qiymətin orta göstəricisi barədə ünvanladığı sorğuya Gəncə regional “Asan xidmət" mərkəzində notariat ofisindən cavab olaraq bildirilmişdir ki, son üç il ərzində qeyd olunan ərazidə və ona yaxın məsafədə yerləşən qeyri-yaşayış binasının satılmasna dair notariat hərəkəti aparılmamışdır. Buna görə də Məhkəmə, ekspert rəyində qiymətləndirmə ilə bağlı hesabatdakı bazar dəyərini əsas götürməkdən başqa seçim görməmişdir. Yuxarıda göstərilən mülahizələri nəzərə alaraq məhkəmə hesab edir ki, çörəkbişirmə sexinin binasının sökülməsinə görə iddiaçıya ekspert rəyində göstərilən 148.000 manat ödənilməlidir. İddiaçı mənəvi zərərə görə 50.000 manat tələb etmişdir. Məhkəmə iddia edilən məbləğin həddən artıq olduğunu bildirir və hesab edir ki, bu başlıq altında iddiaçıya 5.000 manat ödənilməlidir. Belə ki, iddiaçı ərizəsində mənəvi zərərə hüquqlarının pozulması, işsiz qalması, onun mülkiyyətiylə bağlı qanunsuz hərəkətlərə yol verilməsi onun səhhətinə olduqca ağır zərbə vurması nəticəsində ürək infarktı keçirməsi ilə əsaslandırmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 saylı qərarında qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar, “insan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərinm baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ədalətli məhkəmə baxışına olan hüququn səmərəli təmininə həm milli qanunvericilin tələbi, həm də dövlətimizin beynəlxalq öhdəliyi kimi yanaşılmalı və riayət olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentinə istinad edərək məhkəmə qeyd edir ki, “Prikov Rusiya Federasiyasına qarşı” işdə (08 iyun 2006-cı il) ərizəçinin mənəvi ziyan ödənilməsi barədə tələbinə Rusiya Federasiyası höküməti etirazını bildirərək ərizəçinin ona mənəvi ziyan vurması barədə heç bir sübut təqdim etməməsinə görə mənəvi ziyana görə kompensasiya tələbinin təmin olunmamasını xahiş etmişdir. Avropa Məhkəməsi qərarında göstərmişdir ki, ərizəçi cavabdehin hərəkətləri nəticəsində müəyyən mənəvi sarsıntılara məruz qalmış və işsizliyə görə müavinəti onun yeganə dolanışıq mənbəyi olmuşdur. Məhkəmə ədalətlilik prinsipinə istinad edərək ərizəçiyə kompensasiya ödənilməsini vacib hesab etmişdir. Ali Məhkəmənin MİÜMK-nın 17.10.2007-ci il tarixli 6k-2203 saylı qərraında hüquqi dövlətin pozitiv öhdəliklərinə istinad edərək göstərmişdir ki, hüquqi dövlət suverenliyə malik olmaqla özü-özünü yaradır və hamı üçün məcburi olan davranış qaydalarını müəyyən edir. Hüquqi dövlətin əsas əlamətlərindən biri də qanunun aliliyidir. Həmin əlamətə və prinsipə müvafiq olaraq heç bir dövlət orqanı, heç bir vəzifəli şəxs, heç bir kollektiv və ya ictimai təşkilat, heç bir insan qanuna tabe olmaq öhdəliyindən azad deyildir. Qanunun aliliyindən söhbət getdikdə bu özünün düzünə mənasında başa düşülməlidir. Hüquqi dövlətin yaradılması və mövcudluğu qanunun aliliyinin təkcə faktiki olaraq elan edilməsini deyil, həm də onun cəmiyyətin həyatının bütün sahələrində həyata keçirilməsi, ictimai münasibətlərə birbaşa təsirinin gücləndirilməsini nəzərdə tutur. Hüquqi dövlətdə insan hüquq və azadlıqlarına tam təminat verilməli, dövlət və onun yurisdiksiyası altında olan insanların qarşılıqlı məsuliyyəti prinsipi müyyənləşdirilməlidir. Dövlətin yurisdiksiyası altında olan insanlar dövlət qarşısında məsuliyyət daşıdığı kimi, dövlət də insanların hüquq və azadlıqlarının təmin edilməsində cavabdehlik daşımalıdır. Bu müqqəa Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 1-ci maddəsinə əsasən ’’Razılığa gələn yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etməlidir”. “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: - 89-cu maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər ( maddə 1097.3). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 1113.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). İddia tələbinin məhv edilmiş ərzaq məhsulları və çörək bişirmək üçün avadanlıqların dəyəri olaraq 106.000 manat hissəsinə gəlincə, məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı 12.10.2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında obyektdə olan avadanlıqları, un məmulatlarının, habelə ərazidə olan işıq transformatorunu dəyərindən aşağı qiymətə satdığını bildirsə də, sonuncu 08.02.2022-ci il tarixdə məhkəmə iclasında isə yalnız işıq transformatorunu satdığnı bildirdiyindən məhkəmə onun bu izahatını mötəbər sübut kimi qəbul etməmiş və göstərilən səbəblərdən də məhkəməyə dəvət etdiyi şahidlərin dindirilməsinə zərurət görməmişdir. İddia tələbinin 10 il ərzində əldən çıxmş 240.000 manat fayda hissəsinə gəlincə məhkəmə qeyd edir ki, iddiaçının 2010-2011-ci illər ərzində gəliri vergi bəyannamələrinə əsaslansa da, məhkəmə qeyd olunan sübutları qeyd olunan tələbin təmin olunması üçün yetərli saymır. Belə ki, iddiaçı sadələşmiş verginin ödəyicisi olduğundan həmin bəyannamələrdə onun xərcləri öz əksini tapmamışdır. Belə olan halda onun sahibkarlıq fəaliyyəti nəticəsində nə qədər gəlir əldə etməsi halı sübut olunmamış qalır. Odur ki, məhkəmə iddia tələbini həmin hissədə təmin olunmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Cavabdeh3 müştərək qaydada 148.000 (yüz qırx səkkiz min) manat məbləğində maddi ziyan, 5000 (beş min) manat məbləğində mənəvi ziyan, cəmi 153.000 (yüz əlli üç min) manat dövlət büdcəsi hesabına tutularaq İddiaçı xeyrinə ödənilsin. Tələb qalan hissədə rədd edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-137/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-137/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver